AZ

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, AMEA-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir. Sevindirici haldır ki, bu gün də Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın növbəti layihəsinin təqdimatı MEK-də keçirilir.

“Məhz Ulu Öndərin hakimiyyətinin ikinci dövründə baş verənlərə münasibəti görərək bugünkü Zəfər günümüzə gəlib çatmışıq. 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda reallaşdırılan köklü dəyişikliklərin, cərəyan edən hadisə və proseslərin, həyata keçirilən xarici siyasət kursunun intensivliyi ingilisdilli xarici mətbuatda Azərbaycan haqqında çap edilmiş materialların sayının kifayət qədər çox olmasını şərtləndirmişdir. Bütün materialları bir kitabda əhatə etməyin qeyri-mümkünlüyü şübhə doğurmur. Eyni zamanda, inanırıq ki, ilk təşəbbüs olan bu layihə müəyyən mərhələlərlə davam etdiriləcək, yeni-yeni materiallar üzə çıxarılacaq və oxuculara təqdim ediləcək. Oxucu kitabla tanış olduqca Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında işıqlandırılan yazıların məzmununun müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, respublikanın inkişafının həqiqi əks-sədasını duyacaq”,- deyə kitabın ideya müəllifi akademik Kamal Abdulla bildirib. Alim bu ağır və məsuliyyətli işin yerinə yetirilməsində, kitabın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkürünü bildirib.

AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev bu təşəbbüsü müsbət dəyərləndirib. Qeyd edib ki, bu cür mənbələri araşdırmaq və toplu şəkildə təqdim etmək çox vacib məsələdir.

Milli Məclisin deputatları Arzu Nağıyev, Vüqar İskəndərov, Anar İsgəndərov, Sevinc Fətəliyeva, akademik Vaqif Abbasov kitabı Ümummilli Liderin 100 illiyinə ən böyük töhfələrdən biri kimi qiymətləndirib, həmin dövrün araşdırılmasının, geniş işıqlandırılmasının vacibliyinə toxunublar. Çıxış edənlər Kamal Abdullanın kitablarının hər birinin oxucu tərəfindən sevildiyini söyləyib, bu cür layihələrin davamlı olmasını arzulayıblar.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid kitabın ideyasının orijinallığına toxunub. Qeyd edib ki, nəşrin Zəfərimizdən sonra işıq üzü görməsi diqqətəlayiq olmaqla yanaşı, həm də qalib xalqın nümayəndəsi kimi həmin dövrə başqa gözlə baxmağa imkan yaradır.

Professor Solmaz Rüstəmova-Tohidi kitabın hazırlanma prosesində yaxından iştirak etdiyini və çox böyük bir zəhmətlə ərsəyə gəldiyini vurğulayıb. Alim kitabı siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar, mütəxəssislər üçün dəyərli vəsait kimi qiymətləndirib.

Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə kitabın olduqca axıcı dillə oxuculara təqdim edildiyini vurğulayıb.

Seçilən
234
2
tehsil.biz

7Mənbələr