AZ

Tələbə yataqxanaları ilə bağlı problemin həllinə “yaşıl işıq”

Ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb.

Bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib.

Onun sözlərinə görə, özəl sektoru bu işə cəlb etmək üçün yeni sənədin hazırlanmasına ehtiyac var:

"Bu işin həcmi çox böyükdür. Dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də bu sahəyə özəl sərmayə cəlb edilməlidir. 

Özəl sərmayənin cəlbi bizim nizamnaməmizdə də nəzərdə tutulur.

Bunun üçün texniki maliyyə əsaslandırılma sənədi hazırlamalıyıq ki, onlar hansı yataqxanaya nə qədər sərmayənin qoyula bilməsini, qanunvericiliklə bunun təminatının nələrdən ibarət olduğunu görsünlər.

Ümumi bir sənəd hazırlanacaq. Daha sonra investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra bilərlər”. 

Qeyd edək ki, BP ("British Petroleum") şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Məsələ ilə bağlı mənzil və inşaat məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, yataqxana istifadəçiləri aztəminatlı ailələrin övladlarıdır:

"Təəssüf ki, ölkədə olan yataqxanaların vəziyyəti isə qənaətbəxş deyil. Dünya praktikasında bu kimi yataqxanaların bərpa olunmasında xarici investisiyaların cəlb edilməsi baş verib.

Düşünürəm ki, bu kimi layihələrə xarici investorlar cəlb olunubsa, yataqxanalar ödənişli olacaq. Bizim ölkədə yataqxanalar pulsuzdur, lakin bəzi yataqxanalarda kiçik xidmət haqqı var.

Əgər yataqxanalar bərpa olunacaqsa, hər halda yataqxanaların ödənişli olacağını deyə bilərik".

O bildirib ki, ölkədə yataqxanalar dövlətin istismarında qaldıqda, keyfiyyət məsələsi də aşağı olur:

"Əgər istismar məsələsi düzgün olarsa, keyfiyyət də yüksək olacaq. Köklü iqtisadi təhlil aparılaraq, investisiya paralelində layihə düzgün dəyərləndirilməlidir.

Qeyd edim ki, bizim ölkəmizdə yataqxanaların 80-90 %-nin istismar müddəti bitib. Buna görə də onları əsaslı təmir etmək nə dərəcədə düzgündür? Bu məsələ mübahisəlidir. 

Düşünürəm ki, istismar müddəti bitmiş 5 mərtəbəli yataqxanaların sökülməsi və onların yerində bir neçə korpusların tikilməsi daha məqsədəuyğun olar".

Ekspertin sözlərinə görə, yataqxanalar tələbələrin ehtiyaclarının 15-20 faizini ödəyirlər:

"Buna görə də tələbələrin əksəriyyəti də həm kirayələrdə, həm də qohum evlərində qalırlar.

Düşünürəm ki, bu məsələ kirayə mənzil bazarında qiymətlərə ümumiyyətlə təsir göstərməyəcək".

Seçilən
18
cebheinfo.az

1Mənbələr