AZ

Mingəçevirdə 19 yaşlı oğlan tanışını bıçaqladı — TƏFƏRRÜAT

Mingəçevir şəhərində 2005-ci il təvəllüdlü Xanlar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elçinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri, S.Vurğun meydanında olan S.Vurğun parkında baş verib. Xanlar parkın içərisindəki çayxanaların yaxınlığında tanışı Elçin ilə aralarında bir neçə ay əvvəl yaranmış və davam edən mübahisəli vəziyyət səbəbindən yenidən yaranmış mübahisə zamanı onun qarın, ayaq nahiyyəsindən iki dəfə bıçaqla zərbə vurub.
 
Hadisəni törədən Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aylar öncə Elçinlə aralarında sözlə mübahisə yaranıb: “Sonra işləmək üçün Xızı rayonuna getdim. Lakin daha sonra Elçinlə telefonla danışan zaman onunla görüşmək istədiyimi bildirdim. Danışıq zamanı Elçin mənə Mingəçevirə gəlməyimi, yalnız orada görüşə biləcəyini bildirdi. Mən isə ona “Zərif” şadlıq sarayının arxasındakı qəbirstanlıq əraziyə dəvət etdim. Lakin Elçin gəlmədiyi üçün görüşə bilmədik”. 

Xanlar qeyd edib ki, hadisə günü, saat 13 radələrində S.Vurğun meydanın yanında dayanan zaman Elçin velosipedlə gəlib: “Söhbət zamanı aramızda mübahisə yarandı. Mübahisə zamanı Elçin qolundakı saatı çıxararaq cibinə qoydu. Elçinin məni vuracağını düşündüyüm üçün əynimdəki şalvarın arxa sağ cibində saxladığım bıçağı çıxararaq onun qarın nahiyyəsinə bir dəfə vurdum. Əslində məqsədim Elçinin ayağından zərbə endirmək olub. Elçin əyildiyindən bıçaq onun qarın nahiyyəsinə dəydi. Bundan sonra Elçin qalxaraq yenə üzərimə gəldi. Elçinə gücüm çatmayacağını ehtimal edərək yenə onu bıçaqla zərərsizləşdirməyə çalışdım. Sonra yenidən bıçaqla Elçini vurdum və zərbə onun sağ ayağının arxa yuxarı hissəsinə dəydi. Elçin əlinə keçən plakatı və çayxanın stolunu mənə tərəf atdığı üçün mən də ona stol ataraq qaçdım. Axşam saatlarında eve gedəndə polis əməkdaşları yaşadığım evə gəldi, məni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət etdilər. Hadisə zamanı ətrafda heç kim olmayıb. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçinin sözlərinə görə, Xanlarla aralarında sözlə mübahisə yaranıb: “Həmin mübahisədən sonra Xanlarla görüşərək mübahisəni həll etmək istədim. Lakin məlum oldu ki, Xanlar Xızı rayonuna gedib. Hadisədən 2-3 ay əvvəl Xanlarla telefonla əlaqə saxlayaraq görüşmək istədiyimi bildirdim. Lakin görüşə bilmədik”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, günorta saat 13 radələrində S.Vurğun meydanı tərəfindən velosipedlə keçən zaman Xanları görüb və velosipedini saxlayaraq onunla görüşüb: “Sonra aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı qolumdakı saatı çıxararaq cibimə qoydum. Bu zaman Xanlar cibindən çıxartdığı bıçaqla qarın nahiyyəmə bir dəfə vurdu. Sonra özümü qorumaq üçün biraz aralaşdım. Lakin Xanlar yenidən bıçaqla zərbə endirdiyi üçün bıçaq sağ ayağımın arxa yuxarı hissəsinə dəydi. Bundan sonra əlimə keçən plakat və çayxanın stolunu ona tərəf atdım. Qarşılıq vermək üçün Xanlar da orada əlinə keçən stolu mənə tərəf ataraq qaçmağa başladı. Mən Xanların arxasınca getsəm də, onu itirdim”. 

Elçinin ifadəsinə görə, daha sonra evə gedən zaman valideyni Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və təcili tibbi yardım avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Onun sözlərinə görə, sonra özü Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edib. O, təqsirləndirilən şəxsdəm şikayətçi olduğunu deyib. 

Bu cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xanlar 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri və Yevlax rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr