AZ

Azərbaycan müharibədə bunu bacardı: Təcrübəmiz analitik mərkəzlər tərəfindən öyrənilir

Ölkəmizin Vətən müharibəsində qazandığı qələbə nəticəsində Ermənistanın kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur olması nəticəsində Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsinin bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verilməsi unikal bir hadisə idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycanın ədalətli müharibə aparması, cəmiyyətin yumruq kimi birləşməsi, siyasi rəhbərliyin düzgün daxili və xarici siyasət strategiyası nəticəsində mümkün oldu:

"Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi təcrübəsi dünyanın bir çox hərbi analitik mərkəzləri tərəfindən öyrənilir. Həmçinin bunu müasir müharibənin ən yeni texnologiyası adlandırırlar. Ermənistanın sonradan revanş götürmək cəhdlərinin çox operativ və lazımi qaydada qarşısı alındı. Bu gün Ermənistanın heç olmasa siyasi rəhbərliyi Azərbaycanla müharibənin mümkünsüzlüyü barəsində çoxsaylı etiraflar edirlər. Azərbaycan bununla qürurunu və öz suverenliyini bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövləti, onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın adını yüksəklərə qaldırdı. Hər bir azərbaycanlı bu gün Vətən müharibəsində qazanılan tarixi zəfərlə fəxr edir".


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
29
teleqraf.com

1Mənbələr