AZ

Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Bizim.Media xəbər verir ki, bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
 

Məhz 2020-ci ilin bu günü Ağdam şəhəri erməni işğalçılarından təmizlənib. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.


Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.

Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.

Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamda 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı.
 

Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. 


Prezident İlham Əliyevin 2023-cü  iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bizim.Media

Seçilən
16
5
bizim.media

10Mənbələr