AZ

DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR – Böyük şəbəkələr necə “pambıqla baş kəsir”? (Araşdırma)

Vahid Məhərrəmli: “Monopolistlər hazırda badamı sahibkardan aldıqlarından iki dəfə baha qiymətə satırlar”

“Ölkəmizə badam idxalını 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik”.

Bunu 2 il əvvəl – 3 avqust 2022-ci il tarixində “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev Prezident İlham Əliyevə məruzəsində demişdi. Zavodun 2024-cü illə bağlı hədəflərinə çatıb-çatmadığı məlum deyil, çünki bu barədə “Azbadam” MMC-nin açıqladığı yeni məlumatlara rast gəlmədik. Amma Azərbaycanda badam bağları salmış sahibkarların durumu heç də ürəkaçan deyil. Onların çox ciddi problemləri var, bəziləri hətta min bir əziyyətlə yetişdirdikləri badam bağlarını məhv etməyə, əvəzində başqa meyvə bağları salmağa başlayıblar. Halbuki, bu bağların salınmasına bəzi hallarda külli miqdarda dövlət vəsaiti də xərclənib. Bu isə o deməkdir ki, yalnız fermerlərin bu bağların salınmasına yatırdıqları böyük investisiyalar, illərlə çəkdikləri əziyyət deyil, həm də dövlətin ayırdığı subsidiyalar da səmərəsiz xərclərə, itirilmiş vəsaitə çevrilir. Ancaq qəribədir ki, dövlət qurumları prosesi laqeydcəsinə seyr etməklə məşğuldurlar.

Bəs sahibkarların badam bağlarını məhv etməsinə səbəb olan problem nədir?

Badam əkən sahibkarlar çarəsiz durumdadırlar

Qeyd edək ki, dövlət, Kənd Təsərrüfatı Nazirliyinin timsalında ölkədə badam bağlarının salınmasını təşviq edir. Hazırda yeni salınan badam bağının hər hektarına görə 3000 manat əkin subsidiyası verilir. Sonrakı illərdə də subsidiyalaşma hər hektara 800 manatdan davam etdirilir. Bu məbləğ təbii ki, sahibkara böyük dəstək olur.


Qeyd edək ki, badam tinglərinin qiyməti 7-8 manat ətrafındadır və qaydaya görə badam bağlarında hər hektarda 600-650 ting olmalıdır. Daha sonra müasir suvarma sisteminin quraşdırılması, ilin bütün mövsümlərində istifadə olunan dərman preparatları, ağacların budanması, bir sözlə bağın məhsul ilinə qədər hazırlanması kifayət qədər böyük xərclər tələb edir. Nəzərə alsaq ki, böyük təsərrüfatlarda işlərin əhəmiyyətli hissəsi müasir texnika ilə görülməlidir, o zaman sahibkarın xərclərinin miqyasını daha yaxşı anlamaq olur. 

İntensiv badam sortları 3-4 ildən sonra məhsul verməyə başlayır. Badam ağacları tam məhsuldarlığa düşdükdən sonra bir hektardan təxminən yaxşı halda 5-6 ton məhsul götürmək mümkündür. Ancaq ilkin ilərdə məhsuldarlıq hər ağacdan 2-3 kiloqram təşkil edir. Çəkilən xərcləri nəzərə alsaq, təbii ki, sahibkarın hər ağacdan 2-3 kiloqram məhsul əldə etməsi rentabelli sayıla bilməz. Çünki təkcə badamın yığılması, qabıqdan təmizlənməsi ağır zəhmət və böyük məsrəf tələb edir. 


Növbəti illərdə bağın saxlanılması, ağacların budanması, dərmanlanması xərclərini də nəzərə alsaq, sahibkarın badam bağından pul qazanması, qoyduğu investisiyanı geri almağa başlaması üçün məhsulunu bazarda yaxşı qiymətlərə satması lazımdır. Ancaq təəssüf ki, bazara diqtə olunan qiymətlər buna imkan vermir. Nəinki sahibkarın növbəti il üçün yuxarıda qeyd olunan xərclərini maliyyələşdirməsi üçün qazanc əldə etməsinə, hətta məhsulun yığımına, işçilərin saxılanılmasına çəkilən xərcləri belə ödəməyə imkan vermir.

Bunun səbəbi isə heç də bazardakı bolluq, qiymətlərin tələb və təklif əsasında deyil, inhisarçı mövqeyə yiyələnmiş şabəkələrin diqtəsi əsasında formalaşmasıdır. Belə ki, bir neçə il əvvələ kimi badamın topdansatış qiyməti 4-5 manat təşkil edirdisə, “Azbadam”ın 2.6 qəpiklə badam qəbul etməsindən sonra bu rəqəm az qala 2 dəfə aşağı düşdü və hazırda sahibkarlar yaxşı halda məhsullarına 2.8 qəpikdən alıcı tapa bilirlər. Lakin böyük şəbəkələrdə – “Bazarstor”, , “Neptun”, “Rahat”, “Megastor”, “Bolmart” və digərlərində məhsulun pərakəndə satışı 2 dəfə baha – 4.50-5.50 manat aralığında dəyişir. Başqa sözlə, bu şəbəkələr sahibkardan 2.5-2.8 manata qəbul etdikləri badamı istehlakçıya iki dəfə baha qiymətə təklif edirlər. Yəni, necə deyərlər, “pambıqla baş kəsirlər” və bu insafsızlığa nəzarət edən yoxdur. 


Beləliklə, dövlətin hektarına 3 min manat birdəfəlik, daha sonra illik 800 manat subsidiya verdiyi, sahibkarın külli miqdarda xərcləri, ağır zəhməti hesabına başa gələn badam məhsulu “su qiymətinə” dəllalların əlində düşür. Məhz bu səbəbdən də böyük vəsait və zəhmət hesabına badam bağı salan sahibkarlar indi dilemma qarşısındadırlar: Ya qəpik-quruşa məhsulu şəbəkələrə satmalıdırlar, ya da bağları qırıb yerinə başqa meyvə ağacları əkməlidirlər. Qeyd etdiyimiz kimi, artıq bir çox fermerlər ikinci yolu seçib, badam bağlarını ləğv etməyə başlayıblar…


“Monopolistlər istəyir ki, fermerlər, kəndlilər digər sahələrə üz tutsunlar…”

Yaranmış vəziyyəti “AzPolitika”-ya şərh edən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli də problemin çox ciddi olduğunu bildirdi.

Onun sözlərinə görə, neftin qiyməti kəskin şəkildə aşağı düşən zaman hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün aqrar sektorda vaxtilə irəliləyişlər olan sahələrin yenidən dirçəldilməsi barədə qərar qəbul etmişdi: “Bu məqsədlə badam əkini ilə məşğul olan sahibkarlara hər hektara 3000 manat subsidiya verilir. Hökumət tərəfindən subsidiya verilməsi, məmurlarda daha çox maraq yaratdı və getdikcə badamın əkin sahəsi genişləndirildi. Bu sahəyə yalnız məmurlar deyil, iş adamları, fermerlər də maraq göstərdi. Nəticədə, 2015-ci ildən sonra Azərbaycanda badam sahələri sürətlə genişləndi. Səkkiz il ərzində badamın əkin sahəsi 7,7 dəfə artırılıb, həm də istehsal yüksəlib. Əgər 2015-ci ildə cəmi 1000 ton badam istehsal olunurdusa, 2022-ci ildə 5,3 min ton, 2023 -cü ildə isə 4,2 min ton badam istehsal olunub. Yəni təqribən 5 dəfəyə yaxın artım var. Əlbəttə, məhsulun bu qədər artması bazarda qiymətin nisbətən aşağı düşməsinə səbəb olub. Əgər əvvəllər badam çox baha – 10 manatdan yüksək idisə, indi beş manat civarındadır”.

Ekspertin sözlərinə görə, bazarda badamın qiymətinin belə kəskin aşağı düşməsinin əsas səbəblərindən biri bu sahədə inhisarçı şirkətlərin, şəbəkələrin daha çox qazanc əldə etməyə çalışmasıdır: “Badam qəbul edən şirkət, şəbəkə çalışır ki, məhsulu sahibkardan aşağı qiymətə alıb yüksək qiymətə satsın. Hazırda aldıqlarından iki dəfədən baha qiymətə satırlar. Bu, fermerlərə sərf etmir. Onların xərcləri yüksək olduğuna görə əldə edilən vəsaitlə bu xərci kompensasiya edə bilmirlər. Yəni məhsul istehsalı onlara gəlir yox, ziyana başa gəlir. Fermerlərin, kəndlilərin ziyanla işləməsi isə monopolist oliqarxalara sərf edir. Onlar istəyir ki, fermerlər, kəndlilər beləcə digər sahələrə üz tutsunlar. Belə olan halda imkan yaranır ki, monopolistlər öz sahələrindəki məhsulu daha yüksək qiymətə daxili bazara çıxarsınlar”.

Vahid Məhərrəmlinin sözlərinə görə, xarici bazara çıxarılan məhsulun ixrac dəyəri də çox aşağıdır. “Təsəvvür edin, bir kilosu 2,2 dollardır. Yəni bu da sahibkarlara sərf etmir və biz görürük ki, getdikcə badamın ixracından gələn gəlir azalır. Məsələn, 2022-ci ildə xaricə 1 milyon 812 min dollarlıq 687 ton badam ixrac olunub. 2023-cü ildə isə 1 milyon 867 min dollarlıq 845 ton badam ixrac edilib. Bu, badamın ixrac dəyərinin aşağı düşdüyünü göstərir. Əgər 2022-ci ildə badamın bir kiloqramını 2,6 dollara ixrac edirdilərsə, 2023-cü ildə bu rəqəm 2, 2 dollara düşüb, yəni 16 faiz azalıb”.

Mütəxəssis fermerlərə məsləhət görür ki…

Ekspert fermerlərə məsləhət görür ki, hökumət tərəfindən həyata keçirilən kampaniyalara çox da meyllənməsinlər: ”Onlar özləri müəyyən etsinlər ki, hansı sahə ilə məşğul olmaq lazımdır. Aqrotexniki qaydalara əməl etsinlər və o sahə üzrə ixtisaslaşsınlar. Yəni dərindən o sahəni bilmək lazımdır. Aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl edərlərsə, bazar seçimində yanılmazlarsa, bitkiçilikdə istənilən sahə ilə məşğul olmaq olar. İndi pambıqçılıqla, tütünçülüklə, baramaçılıqla, fındıqçılıqla bağlı da bu tip nüanslar var. Məsələn, fındığın da ixracında ciddi azalma var. Bir daha təkrar edirəm ki, bizim kəndlilər, fermerlər hökumətin apardığı kampaniyaya inanıb xərc çəkməsinlər, investisiya yatırmasınlar, özləri seçim etsinlər. Nəyə Azərbaycan bazarında ehtiyac var, nəyi bazara çıxarıb satmaq olar və yaxud da ixrac etmək olar, o sahəyə ciddi önəm versinlər”.

Məlumat üçün qeyd edək ki, hər il dünyada 1 milyon tondan artıq badam istehsal olunur, onun 79%-ni ABŞ verir. 70 min tonla Avstraliya ikinci, 40 min tonla İspaniya üçüncüdür. Qardaş Türkiyə isə ildə 13 min ton badam istehsal edərək dördüncü sırada yer tutur.

Dünya üzrə badamın məhsuldarlığı bir hektardan 12-16 ton ətrafında dəyişir. Türkiyədə bu göstərici 12 ton, ABŞ-də isə 15-16 tondur. Hələlik, Azərbaycanda yeni yaradılan bağlarda məhsuldarlıq 6-7 ton ətrafındadır.“AzPolitika.info”

Seçilən
14
3
moderator.az

4Mənbələr