“21 noyabr ölkəmiz üçün tarixi bir gündür. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə Azərbaycanın gələcəyinə bir parlaq işıq saçıldı. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsi həqiqətən özünü tam olaraq doğruldub. Bu gün biz əminliklə deyirik ki, Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş açarı oldu”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, YAP Azərbaycan tarixinin ən ağır və keşməkeşli günlərində ziyalıların mühüm təşəbbüsü ilə yaranıb:
“Unutmamalıyıq ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu”.
Deputat onu da əlavə edib ki, YAP təkcə ölkənin siyasi proseslərində yox, həmçinin xalqımızı düşdüyü çətinliklərdən də xilas edib:
“Bununla da artıq ölkəmiz üçün yeni dövrün başlanğıcının bünövrəsi qoyuldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bu partiya təkcə ölkənin siyasi proseslərində iştirak etmədi. Həmçinin xalqımızı düşdüyü çətinliklərdən də xilas etdi. Bu gün Azərbaycanın ən yeni tarixinə nəzər salanda biz YAP-ın tarixi rolunun görürük. Azərbaycanın inkişafı, dirçəlişi, qalibiyyəti yəni bütün uğurları məhz bu partiyanın adı ilə bağlıdır. Xalq iqtidar birliyi, həyata keçirilən layihələr, Cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət bunu deməyə əsas verir ki, görülən işlər güclü Azərbaycanın inkişafına daim töhfə verəcək”.