AZ

Rəşad Nəbiyev Azərbaycanda şəhər nəqliyyatının "yaşıllaşdırılması" tədbirlərindən danışdı

Davamlı ekosistem yaratmaq məqsədilə Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmaq öhdəliyi götürüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.

"Bu öhdəlik çərçivəsində Azərbaycan hökuməti mobilliyin transformasiyası üçün plan hazırlayıb. İlk növbədə, biz Bakı şəhərində avtomobillə fərdi səfərlərin sayını 40 faiz azaltmağa çalışırıq.

Eyni zamanda, əhalinin 90 faizinin ictimai nəqliyyatdan istifadə imkanını təmin etməyi planlaşdırırıq. Bundan əlavə, mikromobillik üçün infrastruktur yaratmaq niyyətindəyik ki, bu da 100 kilometrdən çox velosiped və skuterlər üçün yolları əhatə edəcək. Məqsədimiz, Bakıda hər hansı bir nöqtəyə çatmaq üçün vaxtın 20 dəqiqədən çox olmamasıdır. Bu proqram metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobilliyin inkişafı, parklanma zonalarının yaradılması, ictimai nəqliyyat üçün xüsusi zolaqların təşkil edilməsi və avtobus şəbəkəsinin optimallaşdırılması da daxil olmaqla 60-dan çox təşəbbüsü əhatə edir", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, layihə komandası Bakı şəhərinin rəqəmsal əkizini hazırlayıb ki, bu da qərar qəbul etmə prosesini rəqəmsal məlumatlar əsasında təkmilləşdirir.

"Avtobus marşrutları, infrastruktur, səfərlər, metro stansiyaları, dəmir yolu sistemi, “Waze” mobil tətbiqi və mobil rabitə abunəçilərindən əldə edilən 6 milyarddan çox məlumat toplandı. Bu yanaşma dünyada ən kompleks rəqəmsal həllərdən biridir. Biz Bakıda avtobus zolaqlarını tətbiq etdik və avtobus marşrutlarını optimallaşdırdıq ki, bu da tıxacları azaltmağa və avtobusların sürətini 18 km/saatdan 22 km/saata qədər artırmağa imkan verdi. Bununla da avtobus xidmətlərinin tezliyini artırdıq və sərnişinlər üçün avtobuslardan istifadənin daha cəlbedici olmasını təmin etdik. Optimallaşdırılmış şəbəkə, pik saatlarında gediş vaxtını azaltmalı və ictimai nəqliyyata çıxışı genişləndirməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
9
2
modern.az

3Mənbələr