AZ

Azərbaycanda yığılan avtomobillərin sayı artıb: Səbəb nədir?

"Taksi xidmətilə əlaqədar olaraq Azərbaycanda yığılan avtomobillərə sifarişlər artıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda istehsal edilən avtomobillərin sayında artımların olmasını şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, Azərbaycanda avtomobil istehsalı yoxdur. Ölkəmizdə sadəcə olaraq, avtomobillər yığılır:

"Avtomobil istehsalı anlayışı odur ki, detalların ən azı 25 faizi ölkə daxilində istehsal olunmalıdır. Azərbaycanda isə detallar istehsal olunmur. Hazırkı vəziyyətdə detallar ölkəmizə gətirilərək avtomobil yığılır. Son zamanlar yerli istehsalın artmasının səbəbi isə Rusiya və Çinlə bağlanan yeni müqavilələrlə bağlıdır. Bu artımda həmçinin, yerli hökumət və dövlət orqanlarının sifarişlərinin artması da müəyyən dərəcədə rol oynayıb. Həmçinin, köhnə maşınların taksi xidməti göstərilməsinə qadağa qoyulmasından sonra da yerli avtomobillərə tələbat da artıb".
 


Traktor istehsalı, daha doğrusu burada yığılan traktor istehsalının azalması isə, ekspertin fikrincə, sifarişlərin azalması ilə bağlıdır:

"Bu da onu göstərir ki, aqrar sahədə o qədər də xoş mənzərə yoxdur. Çünki aqrar sahə sürətlə inkişaf etsəydi, traktorlara tələbat da artardı".

Qeyd edək ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artıb. 2024-сü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 min 433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 57 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı isə 14,7 faiz azalıb. 

Rüfət Sultan

Seçilən
7
qaynarinfo.az

1Mənbələr