AZ

“Meydan Hərəkatı zamanı heç bir əziyyət çəkməyənlər önə çəkilir, meydan sulayırlar...”

“Meksikada müstəqillik  hərəkatı başlananda bizim kimi  qabağa çıxıb xalqı ayağa qaldırmış Migel Qarsia adlı bir keşişə generalissimus rütbəsi verilib. Azərbaycanda isə...”
 
“Təəssüf ki, nə müstəqilliyimizin bərpası, nə də ərazi bütövlüyümüzün bərpası yolunda barmaq barmağa vurmayanlar, lakin o proseslərdən şəxsi mənfəətləri üçün doyunca bəhrələnənlər o meydanlarda, səngərlərdə canını qoyan xalqın övladlarına qarşı  xəyanətkar mövqe tutur...”
 
“Meydan hərəkatı günləri mənim üçün çox müqəddəsdir. Və o günlər arxamca gələn yüz minlərlə soydaşımızın, o günlər qaldırılan məsələlərə həddindən artıq səmimi, təmənnasız və qərəzsiz yanaşan, təmiz niyyətlə, yalnız bu ölkənin imperiyadan azadlığı, ərazi bütövlüyü naminə hərəkata qoşulan adamları gözəl xatırlayıram... Mitinq üçün o vaxt “Lenin meydanı” adlanan Azadlıq meydanına doğru gedən kişilərə “Bir az yavaş gedin! Biz də uşaqları bağçaya qoyub gəlirik!” deyə səslənən o cəsarətli qadınlarımızın, analarımızın səsləri hələ də qulağımdadır. Axşamdan indiki Şərifzadə 33  ünvanında yerləşən və o vaxt özümün də yaşadığım aspirantların yataqxanasından çıxıb, Dövlət Universitetinin, “Politexnik” , İnşaat institutlarının və s. yataqxanalarına gedib hamını sabahkı mitinqə çağırırdım. Gecə saat 1-dək plan cızırdıq, bayraqları hazırlayırdıq”.
 
Bunu Moderator.az-a açıqlamasında 17 Noyabr 1988-ci il tarixində indiki Azadlıq meydanında  yüz minlərlə insanın iştirakıyla keçirilmiş ilk mitinqin əsas təşkilatçısı, hazırda AMEA-nın Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru  kimi çalışan Ənvər Əliyev Azərbaycanın müstəqillik qazanmasında önəmli rol oynamış o tarixi Meydan Hərəkatı haqda bu gün qəlbində yaranan təəssüratlarından bəhs edərkən söyləyib.
 
“Səhər tezdən yataqxanalardan çıxıb “Elmlər Akademiyası” metro stansiyasına yaxınlaşanadək minlərlə olan insan kütləsi parlamentin yanında artıq on minləri toplamışdı... O günlər bambaşqa, təsəvvürolunmaz hisslərlə yaşayırdı insanlar... Biz gələcək müstəqilliyimizi tamam başqa cür təsəvvür edirdik... Çünki bütün millətlərin taleyində müstəqillik ən böyük, ən önəmli, ən müqəddəs, ən ecazkar bir nemətdir.  Bir fakt deyim, Meksikada müstəqillik  hərəkatı başlananda bizim kimi  qabağa çıxıb xalqı ayağa qaldırmış Migel Qarsia adlı bir keşişə generalissimus rütbəsi verilib. Azərbaycanda isə bəzi qüvvələr əksinə, bizləri ittiham etməyə başlayır, lakin o dövrdə, o cümlədən Meydan Hərəkatı zamanı heç bir əziyyət çəkməmiş şəxslər önə çəkilir, meydan sulayırlar. Düzdür, o qədər  meydanlarda gecə-gündüz əziyyət çəkən, təkadamlıq kameralarda, psixiatriya xəstəxanalarında həm mənəvi-ruhi, həm də fiziki işgəncələrə məruz qalan biri olaraq mən bütün bu fəaliyyətimə görə peşman deyiləm.  Və inanıram ki, gec-tez bu xalqın nümayəndələri o vaxtın arxivlərini arayıb-axtarıb lazımi sənədləri tapacaq və müstəqilliyimizin, milli azadlığımızın yolunda gerçəkdən kimlərin əziyyət çəkdiyini üzə çıxaracaq. Biləcəklər ki, kimlər Meydan Hərəkatına xəyanət edib, kimlər o Meydanı alverxanaya döndərib. Bütün hallarda biz, ümumilikdə xalqımız o hərəkata müqəddəs amallarla başlamışdı. Ona görə də o günlər daim qəlbimizin ən  isti guşəsində qalacaq. Və ən vacibi odur ki, o gün də, bu gün də mənim ardımda olmuş adamlar, eləcə də xalqın böyük əksəriyyəti o günlər bizlərə xəyanət edən, bu gün isə bizlərə böhtanlar atan məxluqları yaxşı tanıyır və onları lənətləyir... Yenə də bütün əziyyətimizə, bizlərə atılan şər-böhtana rəğmən hesab edirəm ki, Azərbaycanın müstəqillik əldə etməsi, bizlərin, bütövlükdə xalqımızın böyük hünəridir. İkinci böyük hünərimiz də torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır. Hər iki uğur məhz xalqın ən kasıb təbəqələrinin, yarıuçuq daxmalarda yaşayan kəndli balalarının, yataqxanalarda, kirayə evlərdə cüzi təqaqüdlə dolanan tələbə və gənc alimlərin, fəhlələrin hesabına əldə edildi.  Və bunları etməsəydik, Azərbaycan ərazisində dövlətlər qurmuş, Demokratik Xalq Cümhuriyyəti yaratmış babalarımızın goru çatlayardı.. Mən həmişə dostlarıma da deyirəm ki, biz qalibik, biz babalarımızın təməlini qoyduğu müstəqil dövlətçiliyimizi bərpa elədik, torpaqlarımızı işğaldan azad edib müstəqilliyimizi bərpa elədik... Amma təəssüf ki, nə müstəqilliyimizin bərpası, nə də ərazi bütövlüyümüzün bərpası yolunda barmaq barmağa vurmayanlar, lakin o proseslərdən şəxsi mənfəətləri üçün doyunca bəhrələnənlər o meydanlarda, səngərlərdə canını qoyan xalqın övladlarına qarşı  xəyanətkar mövqe tutur”, - deyə davamında Ənvər Əliyev diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Seçilən
8
1
moderator.az

2Mənbələr