AZ

Nazir: İqlim dəyişikliyi cəmiyyətin sosial və iqtisadi strukturlarının fundamental elementlərinə zərərli təsir göstərir

İqlim dəyişikliyi təkcə ətraf mühitə deyil, həm də cəmiyyətin sosial və iqtisadi strukturlarının fundamental elementlərinə zərərli təsir göstərir.

"Far.Az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi, sosial bərabərsizlik və iqtisadi məsələlər yalnız kollektiv fəaliyyət və əməkdaşlıq vasitəsilə həll edilə bilər:

"Ekoloji və sosial çağırışlar təkcə hökumətin deyil, cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı kollektiv yanaşma tələb edir. Yalnız bu yanaşmanı qəbul etməklə özümüzü, gələcəyimizi və planetimizi qoruya bilərik".

S.Babayev bildirib ki, xüsusilə ən həssas əhali qrupları risk altındadır:

"Çünki onlar iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsinin mənfi təsirlərinə daha çox məruz qalırlar. Ekoloji problemlərin yaratdığı təhlükələr və yaşıl keçidin əmək bazarına potensial çağırışları ilə mübarizə aparmaq üçün Azərbaycan hökuməti əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra mühüm preventiv tədbirlər həyata keçirir".

Nazir vurğulayıb ki, Azərbaycanın sosial islahat təşəbbüsləri ümumi sosial-iqtisadi inkişafa və inklüziv cəmiyyətin formalaşmasına töhfə verir:

"Bu məqsədə çatmaq üçün daha çox əməkdaşlıq, anlayış və səy tələb olunur. Bu yanaşmanı qəbul etməklə indiki və gələcək nəsillər üçün daha yaxşı cəmiyyət və daha ekoloji cəhətdən təmiz gələcək qura bilərik. Sərhədlərarası əməkdaşlığı təmin etməklə milli iqlim planlarının həyata keçirilməsi xərclərini təxminən ildə 250 milyard dollar azalda bilərik. Bu mühüm addım təkcə dayanıqlılığı təşviq etmir, həm də ölkələrə iqlim dəyişikliyinə qarşı ölçülə bilən tədbirlər görməyə imkan verir".

Seçilən
5
far.az

1Mənbələr