UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpik” (Lion, Fransa) oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu oyuna artıq 13 000 bilet satılıb. Oyun gününə qədər bu göstəricinin daha da artacağı istisna edilmir.
Xatırladaq ki, “Qarabağ” – “Olimpik” (Lion) matçının biletləri noyabrın 19-dan etibarən satışdadır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Olimpik” (Lion) matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.
Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinin ilk 4 turunda 1 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb. Səfərdə İngiltərə təmsilçisi “Tottenhem”ə (0:3), evdə İsveç klubu “Malmö”yə (1:2) və Niderland nəhəngi “Ayaks”a (0:3) uduzan Ağdam klubu yalnız son turda “Bodo Qlimt”i (Norveç) səfərdə 2:1 hesabıyla üstələyib. Qurban Qurbanovun kollektivi 3 xalla yarış cədvəlinin 29-cu pilləsində qərarlaşıb.
Lion “Olimpik”i isə “Olimpiakos”a (Yunanıstan) 2:0, “Reyncers”ə (Şotlandiya) 4:1 hesabıyla qalib gəlib. “Qarabağ”ın rəqibi Türkiyənin “Beşiktaş” komandasına (0:1) uduzub, Almaniya təmsilçisi “Hoffenhaym”la (2:2) da “sülh bağlayıb”. Fransa təmsilçisi 7 xalla 9-cudur.