AZ

Ukraynanın ATACMS həmləsi: ABŞ raketləri nəyə qadirdir?

Məlum olduğu kimi, ABŞ Ukraynaya ATACMS raketlərindən Rusiya ərazisindəki hədəfləri vurmağa icazə verdi. Bəs bu addım Rusiya-Ukrayna müharibəsinin gedişatına hansı təsiri göstərəcək?

Bakupost.az CNN Türk-ə istinadən mövzu ilə bağlı xarici mMütəxəssislərin fikirlərini təqdim edir.



Ukraynalı analitik Qleb Voloskinin fikrincə, ABŞ ATACMS raketləri ilə bağlı icazə məsələsində gecikıb:

"Bu qərarın döyüş əməliyyatlarına real təsiri hansı əlavə məhdudiyyətlərin tətbiq olunacağından asılı olacaq. Əgər Rusiya Federasiyasının bütün ərazilərinə zərbə endirməyə icazə verilərsə, ruslar qoşunlarını, komanda mərkəzləri və logistika zəncirlərini uzaq mənzilli silahların əhatə dairəsindən kənara çəkəcək. Lakin onların bu qərarının bir bədəli var. Cəbhə xəttindəki qoşunların logistika məsafəsinin artması ruslara problem yaradacaq. Onların ön cəbhənin ehtiyaclarına vaxtında cavab vermə qabiliyyəti azalacaq, nəticədə Rusiyanın hava qüvvələrinin döyüş ehtiyaclarına cavab vermə müddəti də uzanacaq".



Bununla belə, Voloski bildirib ki, bu qərar həqiqətən, çox gec qəbul edilib:

"Məsələn, əgər bu qərar payızın əvvəlində qəbul edilsəydi, Kursk bölgəsində Rusiyanın əks-hücumunu zəiflədə bilərdi. Daha erkən qəbul edilsəydi, Volçansk istiqamətində Rusiyanın irəliləməsini zəiflədə və ya Pokrovsk istiqamətindəki hücumlarını ləngidə bilərdi".

Royal United Services İnstitutunun eksperti Metyu Savill isə Ukraynanın istifadə etdiyi bu raketlərin xüsusiyyətlərindən bəhs edib:



"Təsəvvür edin ki, HIMARS qurğusuna bənzər bir texnikanız var və bu, hədəfə nisbətən kiçik, lakin dəqiq idarə olunan raketlər atır. Adətən, HIMARS qurğusundan təxminən səkkiz raket atırlar. ATACMS istifadə edəndə isə yalnız bir raket atılır. Ancaq atdığınız ballistik raketdir. Kiçik bir raketdir, lakin daha böyük bir partlayış gücünə malikdir. Bundan əlavə, ballistik raket olduğuna görə, çətin bir bucaq altında və çox yüksək sürətlə gəlir. Həm də dəqiq idarə olunur. Beləliklə, üstünlük ondan ibarətdir ki, daha uzun diapazon var. Bu, bir növ snayper tüfəngi kimi raketdir, çox dəqiq şəkildə hədəfi vurmaq üçün istifadə edilə bilər".

Lalə, BakuPost

Seçilən
17
bakupost.az

1Mənbələr