AZ

Tarazlı enerji keçidi qlobal dayanıqlılığın açarıdır – OPEC

Tarazlı enerji keçidi qlobal dayanıqlılığın açarıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays COP29 sammitində çıxışı zamanı bildirib.

O, qlobal enerji tələbatının ödənilməsi üçün neft və qazın davamlı əhəmiyyətini vurğulayaraq, enerji keçidinə tarazlı və inklüziv yanaşmanın vacibliyini qeyd edib.

"Neft və onun məhsulları evlərimizi qızdırmaq və soyutmaq, binalar tikmək və nöqtədən-nöqtəyə hərəkət etmək üçün həlledici əhəmiyyətə malikdir", - deyə Haysam Əl-Qays bildirib.

O, həmçinin, neft və qazın emal sənayesi, tibbi araşdırmalar və digər sahələrdə əvəzedilməz rol oynadığını qeyd edib.

Lakin OPEC Baş katibi enerji əldə etməkdə mövcud olan bərabərsizliklərə də diqqət çəkib.

"Dünyada təxminən 685 milyon insan hələ də elektrikə çıxışı olmayan vəziyyətdədir və 2,1 milyard insan təhlükəsiz olmayan və səmərəsiz yanacaq növlərindən istifadə edir. Enerjinin əlçatanlığını təmin etmək, artan tələbatı qarşılamaq, təhlükəsizliyi artırmaq, qiymətlərin əlverişliliyini qorumaq və emissiyaları azaltmaq əsas vəzifələrdir", - deyə o vurğulayıb.

Baş katib OPEC-in müxtəlif enerji mənbələri və texnologiyalarından istifadə mövqeyini təsdiqləyib.

"Paris Sazişi emissiyaların azaldılmasına yönəlib, enerji mənbələrinin seçilməsinə yox. Biz bütün mövcud texnologiyalardan istifadə etməli və planetdəki bütün insanların ehtiyaclarını nəzərə almalıyıq", - deyə Haysam Əl-Qays bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
5
3
milli.az

4Mənbələr