AZ

COP29-da aparıcı gömrük rəsmilərinin dialoqu olub

Image

COP29 çərçivəsində noyabrın 20-də “Yaşıl gömrük – aparıcı gömrük rəsmilərinin dialoqu” mövzusunda beynəlxalq tədbir təşkil edilib. Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə gömrük orqanlarının rolunun artırılmasının və yaşıl iqtisadiyyata keçid üçün praktiki yanaşmaların müzakirəsinə həsr olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov rəhbərlik etdiyini qurumun iqlim dəyişikliyi ilə mübarizədə ətraf mühitin qorunması, ekoloji risklərin idarə olunması və beynəlxalq standartların tətbiqi üzrə davamlı islahatlar həyata keçirdiyini deyib. Bildirib ki, xüsusilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) bu sahədə beynəlxalq standartları inkişaf etdirərək qanuni ticarətin asanlaşdırılması, o cümlədən gömrük nəzarətinin tətbiqi üzrə mexanizmlərin işlənib hazırlanmasında vacib rola malikdir. Bu, üzv dövlətlərin səmərəli fəaliyyətinə əvəzsiz töhfə verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ÜGT-nin tullantıların, eləcə də ozon qatını dağıdan maddələrin qeyri-qanuni transsərhəd daşınması ilə mübarizə üzrə Birgə Gömrük Əməliyyatı olan DEMETER əməliyyatlarında iştirak edib.

Ümumdünya Gömrük Təşkilatının “Yaşıl gömrük” konsepsiyasının önəmindən bəhs edən Şahin Bağırov deyib: “Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyəti və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir. Əsas məqsəd ekoloji cəhətdən həssas malların qanuni ticarətini asanlaşdırmaqla yanaşı, bu sahədə qeyri-qanuni ticarətin aşkar edilməsi və qarşısının alınmasıdır. Bu baxımdan gömrük xidmətləri olaraq bu mürəkkəb mühitə uyğunlaşmaq üçün əməliyyatlarımızı ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməliyik. “Yaşıl gömrük” konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşısına məqsəd qoyur. “Yaşıl gömrük” təşəbbüsü ilk növbədə bizdən gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir. Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə, həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını “Yaşıl gömrük” sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin edən və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yarada bilərik”.

Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov bildirib ki, bütün mövcud resurslardan istifadə edərək 2050-ci ilədək sıfır emissiyaya nail olmaq üçün mübarizə aparmalıyıq. Hazırda bu sahədə dünyanın müxtəlif yerlərində texnoloji irəliləyişlər var. E.Soltanov qeyd edib ki, COP29 sədrliyi olaraq biz birtərəfli hərəkətlərin əleyhinəyik. Çünki qərarlar kollektiv olduğu müddətdə sərhədlərarası şəffaflıq və effektivlik qorunacaq.

İştirakçılar “Yaşıl gömrük” proseslərinin reallaşdırılması istiqamətində aparılan tədbirlər planından bəhs edərək, xüsusilə təsnifat sisteminin kodlarına diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, artıq müzakirələr mərhələsindən çıxaraq konkret əməli addımlar atmağın vaxtıdır. Yaşıl gömrük təşəbbüslərinin praktikaya çevrilməsi zəruridir. Gömrük prosedurları ilə bağlı problemlərin həlli yolları axtarılmalı və gələcəkdə ticarətin asanlaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycanın bu sahədə sahib olduğu geniş təcrübə digər ölkələr üçün faydalı ola bilər.

Müzakirələrdə gömrük sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sərhəd-gömrük yoxlamalarının səmərəliliyinin artırılması üçün müxtəlif sahələrdən olan mütəxəssislərin iştirakı ilə əməkdaşlıq modelləri yaradılmalıdır. 2024-2027-ci illər üçün insan kapitalının inkişafına xüsusi önəm verilməsi, radioaktiv və kimyəvi maddələrin aşkarlanması üçün yüksək texnologiyaların tətbiqi vacib hesab edilib.

Tədbir iştirakçıları bu mövzuda məqsədyönlü müzakirələr aparılmasının və gələcəkdə əməkdaşlıq çərçivəsinin daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd ediblər.





Seçilən
9
2
baki-xeber.com

3Mənbələr