AZ

Müharibənin Uşaq Üzərindəki İzləri: İqbal Səfərovun yazısı

Qarabağ müharibəsinin iştirakçısı İqbal Səfərov Beynəlxalq Uşaq Hüquqları Gününə aid yazı dərc edib. 

Musavat.com xəbər verib ki, İqbal Səfərovun qələmindən çıxan bu yazı, Qarabağ müharibəsinin uşaqlar üzərində yaratdığı ağır təsirləri, onların yaşadıqları itkiləri və ağrıları əks etdirir. Bu yazı, həm tarixi xatırlamaq, həm də gələcək nəsillər üçün ədalət və sülh naminə çağırışdır. 

İqbal Səfərov yazır: 

20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Günüdür.

1989-cu ildə BMT-nin Baş Assambleyasında Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir.

Konvensiya, uşaqların sağlam, təhlükəsizlik və sevgi dolu mühitdə böyümək hüquqlarını tanıyır və bu hüquqların qorunmasını təmin edir. Azərbaycan da 1992-ci ildə bu konvensiyaya qoşularaq, uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmışdır. Təəssüf ki, Azərbaycan tarixində də müharibələr və faciələr uşaqların hüquqlarına və həyatına ağır zərbə vurmuşdur.

20 Yanvar faciəsi zamanı sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi qətliamlar nəticəsində uşaqlar ciddi fiziki və psixoloji travmalar almış, ailələrini itirən uşaqlar sahibsiz qalmışdır.

1-ci Qarabağ müharibəsi dönəmi ermənilər tərəfindən amansızlıqla törədilən Xocalı soyqırımı isə Azərbaycan tarixində uşaqlara qarşı ən böyük vəhşiliklərdən biri kimi yadda qalmışdır. Bu soyqırımda onlarla uşaq qətlə yetirilmiş, yaralanmış və ya valideynlərini itirmişdir. Bu hadisələr sağ qalan uşaqların gələcəyinə ağır izlər buraxmışdır.

Müharibə və soyqırımlar nəticəsində minlərlə uşaq ailələrindən və evlərindən məhrum olmuş, qaçqınlıq və məcburi köçkünlük şəraitində yaşamağa məcbur qalmışdır. Təhsildən kənar qalan, sağlamlıq problemləri yaşayan və psixoloji travmalar alan uşaqlar uzun illər ərzində bu müharibənin fəsadlarını hiss etmişdir.

2020-ci il Vətən müharibəsi zamanı Ermənistanın mülki ərazilərimizə etdiyi hücumlar nəticəsində uşaqlar arasında ciddi itkilər qeydə alınmışdır. Raket zərbələri nəticəsində azyaşlılar həyatını itirmiş, yaralanmış və ya ağır travmalara məruz qalmışdır. Gəncə, Bərdə və Tərtər şəhərlərinə edilən hücumlar zamanı uşaqlar evsiz qalmış, onların hüquqları kobud şəkildə pozulmuşdur.

Hər birimiz təhlükəsiz, ədalətli və sevgi dolu bir dünya qurmaq üçün öz töhfəmizi verməliyik.

Bu gün, təkcə uşaqların hüquqlarını qeyd etmək üçün deyil, həm də uşaqların səsi olmaq və onların həyatına işıq saçmaq üçün bir çağırışdır.
Arzum budur dünyamıza əbədi sülh gəlsin. Səmamız daim açıq olsun. Uşaqlarımız sülh içərisində yaşasınlar. 

 

Musavat.com

 

Seçilən
30
50
musavat.com

10Mənbələr