AZ

Uğurla davam edən missiya:YAP-32

Bu gün Azəbaycanı işıqlı sabaha aparan və müstəqilliyimizin qorunmasında,  dövlətçilimizin güclənməsində, taleyüklü məsələlərin həll edilməsində   misilsiz rol oynayan Yeni Azərbaycan Partiyasının yaranma günüdür. O Partiya ki, 32 ildir yeni Azərbaycan qurur, yeni nailiyyətlər ilə  dünya səviyyəsində Azərbaycanı təbliğ və təmsil edir. Etiraf edək ki, 32 ildir bu partiya ölkəmiz üçün, onun sabahı üçün qurucusu olan Heydər Əliyev ideyalarına söykənərək uğurlu siyasət aparır.  

Qeyd edək ki, YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. 

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın Sədri Heydər Əliyevin Prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Bu partiyanın Sədri 1992–2003-cü illərdə Ümummilli Liderimiz, dünyaca məşhur siyasətçi və yeni, müstəqil  Azərbaycanın qurucusu   Heydər Əliyev olub. Partiyanın tarixi ilə bağlı maraqlı məqamlardan biri onun Naxçıvanda yaradılmasıdır. Tarixi faktlara nəzər salaq:  1992-ci ilin 16 oktyabrında ziyalılardan ibarət olan  91 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək Onu siyasi mübarizədə lider olaraq gördüklərini və Onun ətrafında birləşdiklərini elan etdilər. 24 oktyabr 1992-ci ildə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev bu müraciətə cavab verdi və təklifi qəbul etdi. 21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Maraqlıdır ki, Partiyanın ilk konfransı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutub. O zaman Azərbaycanın çətin günləri idi. Yenicə qazanılan müstəqillik illəri Ermənistanın Qarabağa və Naxçıvana ərazi iddiaları, sərhədlərimizə silahlı müdaxiləsi ilə müşahidə edilirdi. Məhz bu çətin zamanda Naxçıvanı erməni təcavüzündən qoruyan Ümummilli Lider bütün Azərbaycan xalqının ümid yeri kimi diqqət mərkəzində idi. Dahi siyasətçi öz güclü  siyasi fəaliyyət ilə bir ordunun görə bilməyəcəyi işləri görür, o zaman mövcud olan və yeni yaradılan təcrübəsiz ordunun  o qədər də güclü  olmayan  qüvvəsi  ilə Naxçıvanın sərhədlərini ermənilərdən  qoruyurdu.

Naxçıvan blokadaya alınsa da, öz yenilməzliyi ilə dünyanı heyrətə salmışdı. Muxtar respublika  Heydər Əliyev qətiyyəti və dühası ilə döyüşür, yaşayır və işıqlı sabaha ümid edirdi. 1992-ci ilin noyabrın 21-i sanki hava da insanları sınağa çəkirdi. Payız havası üçün çox  soyuq idi həmin gün. İsinmə sistemi üçün yanacağı olmayan Naxçıvan Teatrının salonunda nümayəndələr paltolu oturmuşdular. Ancaq Heydər Əliyevin rəhbərliyi ilə yaradacaqları yeni siyasi partiyanın gələcək fəaliyyəti sanki onları bir qədər isidir, sabaha daha hərarətli  nəzərlərlə baxmağa sövq edirdi. Ən maraqlısı isə buradakı çıxışında havanın soyuq olmasına baxmayaraq partiyanın qurucusu Heydər Əliyevin tərəfdaşları qarşısında kostyumla dayanaraq  inamlı çıxışı oldu. Bu əsl sərkərdənin, siyasi liderin, nurlu sabahı indidən görən bir dahinin, dövlət rəhbərinin davranışı idi.

1992-ci il noyabrın 21-də Naxçıvan teatrı daha bir tarixi hadisənin şahidi oldu: Yeni Azərbaycan Partiyası bu qədim sənət məbədinin qoynunda, Heydər Əliyevin xeyir-duası ilə ölkəni gələcəyə aparan bir missiya ilə  həyata təsdiq vəsiqəsini qazandı. Bu missiya isə bu gün də Yeni Azərbaycan Partiyasının Sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu günün, sabahın və gələcəyin partiyası olduğunu sübut edən yenilikçi fəaliyyəti ilə davam edir!     

Rza Xudiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Xalq artisti

Seçilən
38
ikisahil.az

1Mənbələr