AZ

“Yaşıl dünya”nı necə qoruyaq?

Planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, sunamilər, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər hamını narahat etməkdədir. Hərdən düşünürsən ki, bəlkə bütün bunlar təbiətin bizə verdiyi dərs, insanın onu istismar etməsinə qarşı üsyanıdır?

Etiraf edək ki, biz təbiətdən daha çox şey qoparmağa çalışırıq, eyni zamanda da tələsir və heç nəyin fərqinə varmırıq. Ana təbiətin bizə əmanət edilməsi müqəddəs kitabımız Qurani-Kərimdə də qeyd olunur. Bildirilir ki, Allah insanları yoxdan yaradaraq, mükəmməl orqanlara sahib etdi və bu dünyada hər şeyin ixtiyarına çevirdi. Bəşər övladının həyatını təbiətdən ayrı təsəvvür etmək mümkün deyil. İnsanın dəyəri həyatı boy ailəsinə, cəmiyyətə və ətraf mühitə qarşı sərgilədiyi münasibətlə ölçülür. Amma biz insanlar irqindən, dinindən, milli mənsubiyyətindən, yaşadığı yerdən asılı olmayaraq həyatımızı daha firəvan qurmaq üçün təbii ehtiyatlardan israfçılıqla istifadə edir, götürdüyümüzün yerini doldurmağa təşəbbüs belə göstərmirik. Nəticədə ekoloji tarazlıq pozulur. Biz hər gün ekoloji böhranın mənfi nəticələri ilə qarşılaşırıq: havanın və suyun çirklənməsi, heyvan və bitki növlərinin nəslinin kəsilməsi, səhralaşma və iqlim dəyişikliyi və sairə. Ekoloji problemlərin əsas səbəblərindən biri sənaye istehsalı və ekosistemlərin məhvinə səbəb olan təbii ehtiyatların böyük istehlakıdır. Digər səbəb ekosistemləri məhv edən və onların dağılmasına səbəb olan ehtiyatlardan qeyri-sabit istifadədir.

Bəli, hazırda planetdə müşahidə olunan iqlim dəyişmələri ekoloji problemlərlə sıx bağlıdır. İqlim temperaturunun və rütubətin artması bitki örtüyü və faunada, ekosistemlərdə dəyişikliklərə və insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Ekoloji problemlərin həlli cəmiyyətdən və hökumətlərdən kompleks yanaşma tələb edir. Ətraf mühitin qorunması, ekosistemlərin bərpası, dayanıqlı və ekoloji cəhətdən təmiz texnologiyalara keçid üçün ciddi iş görmək lazımdır.

Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Məqsədimiz təbiəti və ətraf mühiti qorumaq, təbiətin bizə bəxş etdiyi resurslardan məsuliyyətli və şüurlu istifadə üçün həll yolları axtarmaqdır. Bu istiqamətdə respublikamızda ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mövcud problemlərin həllinə mühüm stimuldur. Sərəncamda ölkəmizin, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və sabit enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarına nəqli də Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərdəndir.

Cəmiyyətdə ətraf mühitin mühafizəsi və ekoloji sabitlik məsələlərinin ön plana çıxdığı bu gün ekologiyamızın təmizlənməsi və yaşıl dünyanın yaradılması məsələsinə diqqət yetirmək xüsusilə vacibdir. Havanın, suyun və torpağın çirklənməsi, təbii sərvətlərin yoxa çıxması və təbii ekosistemlərin məhv edilməsi kimi ekoloji problemlər təkcə bizim sağlamlığımızı və rifahımızı deyil, həm də genefondumuzu, gələcək nəsilləri təhdid edir. Təmiz ətraf mühit və yaşıl dünya yaratmaq istəyi cəmiyyətin bütün üzvlərinin əsas vəzifəsi olmalıdır. Ən kiçik hərəkətlərinin ətraf mühitə təsir etdiyini başa düşmək vacibdir. Biz dərk etməliyik ki, planetimiz bizim yeganə evimizdir və yalnız birgə səylərlə onu yaşamaq üçün daha yaxşı vəziyyətə gətirə bilərik.

Ən ciddi problemlərdən biri havanın çirklənməsidir. Tullantıların və zərərli maddələrin atmosferə atılması tənəffüs orqanlarının xəstəliklərinə və qlobal iqlim dəyişikliyinə səbəb olur. Bu problemi həll etmək üçün sənaye müəssisələrindən atmosferə atılan tullantıların azaldılması, Günəş və külək kimi ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçmək üçün tədbirlər görmək lazımdır.

Digər aktual problem suyun çirklənməsidir. Tullantı sularının sistemsiz təmizlənməsi və pestisidlərin istifadəsi suyun keyfiyyətinin pisləşməsinə, daha doğrusu, onun “ölümünə” səbəb olur. Bu problemin həll olunması üçün tullantı sularının səmərəli təmizlənməsini və su obyektləri ətrafında ekosistemlərin formalaşmasını təşviq etməyə ehtiyac var.

Yaşıl dünyaya doğru mühüm addım təbii ehtiyatların qorunması və bərpasıdır. Meşələr, okeanlar və digər ekosistemlər bərpa olunmayan ehtiyatlardır və onlara yaxşı qulluq etmək, qorumaq bizim borcumuzdur. Bunun üçün meşəbərpa işlərini aparmaq, qanunsuz ağac kəsilməsinin qarşısını almaq, qoruqların salınması və mühafizə olunan təbiət ərazilərini təşkil etmək lazımdır.

Ekologiyamıza və yaşıl dünyamıza qayğı göstərərək, bu prosesin fəal iştirakçıları olmalıyıq. Biz birlikdə ətraf mühitin mühafizəsi və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi ilə bağlı təşəbbüsləri dəstəkləməklə qərarların qəbuluna təsir edə və səsimizi eşitdirə bilərik.

Təmiz ekologiya və yaşıl dünya bizim faydalanmalı və gələcək nəsillərə ötürməli olduğumuz qiymətli miraslardır. Təbii sərvətlərdən məqsədyönlü istifadə, təmiz hava, su və torpağa qayğı, bioloji müxtəlifliyin qorunması bizim və gələcək nəsillərin təbiətlə harmoniyada yaşaya biləcəyi dünyaya aparan yoldur. Ekoloji problemlərin həlli əsas prioritetimiz olmalıdır və yalnız bu halda nəsillərimizin təmiz və təhlükəsiz ətraf mühitə sahib olmaq hüququnu təmin edə bilərik.

Azər MUSTAFAYEV

Seçilən
18
xalqqazeti.az

1Mənbələr