AZ

Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı

"İqlim dəyişikliyinin yaratdığı ekoloji fəsadlar qlobal iqtisadi-siyasi gündəlikdə yer alan əsas mövzulardan biridir. Son onillikdə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə əsasında formalaşmış iqlim gündəliyinin həyata keçirilməsi yaşıl enerjiyə keçid tendensiyasını gücləndirib".

Bunu Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, yaşıl enerjiyə keçid texnologiyaları sosial-iqtisadi problemlərin tarazlaşdırılmış həllini nəzərdə tutan davamlı inkişafa keçidin mümkün yolu kimi hesab olunmalıdır.

"Son bir neçə il isə ekoloji problemlər və yaşıl enerjiyə keçid gündəliyi, dünya birliyinin bütün ölkələri kimi, Azərbaycan və onun iqtisadi-ticari və strateji tərəfdaşları üçün də aktualdır. Yaşıl enerjiyə keçid çərçivəsində yeni yaşıl texnologiyalar iqtisadi transformasiyalara gətirib çıxaracaq.

Yaşıl enerjiyə keçidin əsas məqsədi iqlim dəyişikliyinə səbəb olan ətraf mühitə antropogen təsirin azaldılmasıdır. Lakin yaşıl keçid həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün müəyyən maliyyə, texnoloji və s. risklər formalaşdıracaq", - deyə Y.Hacıyeva qeyd edib.

O bildirib ki, bu risklərin önlənməsi üçün yaşıl enerjiyə keçidin real vəzifələri, lokal, regional və qlobal ehtiyacların faktiki və proqnozlaşdırılan hədləri, artan qlobal enerji kəsiri və s. müəyyən edilməlidir:

"Bunun üçün isə yaşıl enerjiyə keçidin iqtisadi və siyasi tərəfləri nəzərə alınmaqla faktiki yol xəritəsi müəyyən edilməlidir.

COP29 çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sazişi həm də yaşıl enerjiyə keçidin yol xəritəsi kimi qəbul etmək lazımdır.

Saziş eyni milli və dini köklərə malik, tarixən oxşar və bəzən də eyni adət-ənənələri, ortaq dil qrupunu, mədəniyyəti və dini birləşdirən hər üç ölkə üçün yaşıl enerjiyə keçid çərçivəsində çoxşaxəli tərəfdaşlığın inkişafı, əsas istiqamətləri və keçidin iqtisadi prioritetlərini müəyyən edir.

Sazişdə yaşıl enerjiyə keçid üçün ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatların yaşıl enerjiyə keçidə adaptasiyası və bunun üçün də müvafiq logistik infrastrukturların inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulur".

Y.Hacıyeva onu da qeyd edib ki, adaptasiya prosesi avtomobil sənayesi, metallurgiya, energetika və digər sənaye sahələrini, kənd təsərrüfatı, elektrotexnika, tekstil sənayesi, turizm və digər sahələrin əhatəsini nəzərdə tutur.

"Nəzərə almalıyıq ki, hər üç ölkə həm də Türkdilli Dövlətlər Təşkilatında təmsil olunur, hər üç ölkə regional və qlobal xarakterli bir çox məsələlərdə eyni və ya oxşar mövqedən çıxış edirlər.

Burada bir haşiyə çıxım ki, TDT-yə üzv ölkələrin xarici siyasətlərinin əsas prioriteti coğrafi və digər mövqeyi üzərindən böyük geosiyasi və geoiqtisadi əhəmiyyətə malik Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişaf edilməsi üzərindən qurulub.

Hər üç ölkənin TDT-dən başqa, BMT, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər çoxşaxəli institutlar kimi beynəlxalq təşkilatların platformaları çərçivəsində milli maraqlara söykənmiş əməkdaşlıq əlaqələri mövcuddur.

Türkdilli dövlətlər iqtisadi təşkilat çərçivəsində yaşıl enerjiyə keçid üçün əməkdaşlığın hərəkətverici qüvvəsi kimi hər üç ölkənin regionlarının imkanlarından maksimum birgə istifadə nəzərdə tutulur".

Y.Hacıyeva vurğulayıb ki, sənayelərin yaşıl enerjiyə keçidi qarşısında ciddi maneələr də mövcuddur.

"Yaşıl enerjiyə keçid proqnozlaşdırılan qlobal ehtiyaclar və artan qlobal enerji çatışmazlığı fonunda milli maraqları və sənaye suverenliyinin təmin edilməsini nəzərə almalıdır.

Odur ki, yaşıl enerjiyə keçid konsepsiyası dayanıqlı inkişafın mahiyyəti baxımından dəyərləndirilməli, sənayenin yaşıl enerjiyə keçidində maneələrin aradan qaldırılmasının əsas istiqamətləri müəyyən edilməlidir. Yaşıl enerjiyə keçid siyasətinin hazırlanmasında yaşıl transformasiyaya institusional maneələr, təşkilati maneələr, rəqəmsal maneələr və s. kimi təsirlər izlənməlidir", - deyə Y.Hacıyeva vurğulayıb.

Seçilən
2
1
ekologiya.az

2Mənbələr