AZ

“Deyəsən, İran “HƏMAS”, “Hizbullah” kimi proksilərin məhvinə qəsdən şərait yaradır...”

“...Bir məsələ çox maraqlıdır ki, İsrail İran proksiləri barədə həddindən artıq çox kəşfiyyat məlumatları əldə edir. Bəs həmin  məlumatları kimlər sızdırır? Onlar hamısı müstəqil şəkildə İsrailin xeyrinə casusluq edir, yoxsa, elə İranın göstərişi ilə...”
 
“Hesab edirəm ki, hazırda Birləşmiş ştatların Yaxın Şərq siyasətinin əsas yönləri İranla bağlıdır. Çünki Yaxın Şərqdə hərbi baxımdan müqavimət cəbhəsi deyilən qüvvələr İsrail tərəfindən ciddi zərbələrə məruz qalıb,  tamamilə zəifləyib və demək olar ki, müqavimət üçün yararsız vəziyyətə gətirilib. Amma Qəzza və Livanda mülki əhalinin qətliamının qarşısının alınması üçün Tramp administrasiyası tərəfindən hansısa addımların atılması da istisna olunmur. Lakin söhbət nəzarətdən gedir. Yəni İsrail təhlükəsizlik qüvvələri hazırda savaş gedən ərazilərə gələcəkdə necə nəzarət edəcək? Tunellərin tikintisi, raketlərin hazırlanması və s. kimi proseslərə son qoyulacaqdır, yoxsa yox? İsrailin əslində təcrübəsi var, çünki ölkənin daxilində də ərəb əhalinin faizi artmaqdadır.  Qəzzadakı ərəblərə də belə şərait yaradacaqmı? Demək çətindir”. 
 
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci ildə vəzifəsinin icrasına başladıqdan sonra İsrailin Qəzza  və Livanda apardığı savaşı, dinc insan qətliamlarını durdurmağa çalışacaq, yoxsa Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq?” sualını cavablandırarkən ifadə edib.
 
“Hər halda İsrail hökuməti Qəzza zolağını İordan çayının Qərb sahilindən siyasi baxımdan ayırmağa çalışacaqdır. Amma əsas məsələ, dediyim kimi, İranla bağlıdır. Çünki görünür ki, artıq İran öz proksilərini maliyyələşdirmək, bəsləmək iqtidarında deyil, həm də heç bunu istəmir də. Ona görə ki, rəsmi Tehranın marağı Qərblə münasibətləri bu və ya digər şəkildə yoluna qoyub öz daxili problemlərini həll etməyə yönəlib...
 
Həm də bir məsələ çox maraqlıdır ki, İsrail İran proksiləri barədə həddindən artıq çox kəşfiyyat məlumatları əldə edir. Bəs həmin  məlumatları kimlər sızdırır? Onlar hamısı müstəqil şəkildə İsrailin xeyrinə casusluq edir, yoxsa, elə İranın göstərişi ilə bilərəkdən məlumat sızdırıb proksilərin, onların liderlərinin sıradan çıxarılmasına xidmət edirlər. Haniyədən tutmuş Nəsrullahadək... Bir tərəfdən demək olar ki, İsrail kəşfiyyatı çox güclüdür. O biri tərəfdən də, deyəsən, İran bilərəkdən lazımsız “HƏMAS”, “Hizbullah” kimi proksilərdən özünü azad etmək istəyir”, -deyə davamında sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
47
2
moderator.az

3Mənbələr