AZ

Yox, vermə, almayacam...

Allahın adlarından biridir, salam. Böyüklərimiz həmişə deyərdi ki, nə qədər çox salam verirsənsə, Alahın adını bir o qədər anmış olursan. Odur ki, əvvəlki illərdə insanlar salamlaşmanı sevir və böyük sayğı hesab edirdilər. Xüsusilə də rayon yerlərində qarşılaşan insanların hər biri salamlaşmadan keçməzdi. Bu gün böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti həmin rayonlardan bu şəhərlərə gəldiyindən onlar salamlaşmanın nə demək olduğunu da yaxşı bilirlər.

Çox təəssüf ki, müasir dövrdə salamlaşmaq mədəniyyəti də digər əhəmiyyətli məsələlər kimi müasir insanlar tərəfindən artıq tarixin arxivinə göndərilməkdədir. Böyük Məhəmməd Füzuli sanki, “salam verdim, rüşvət deyildir deyə, almadılar” kəlamını bu gün üçün qələmə alıbmış. İnsanlar sanki salamın maddi deyil, hava olduğunu düşünərək onu boş bir şey hesab edir və verilən salamın alınmasını məsləhət bilmirlər. Bunu qonşuluqda da, iş yerində də, ümumiyyətlə, salam verməli olduğumuz hər yerdə müşahidə edirik.

Böyük şəhərlərdə insanlar bir-birini tanımadığından, əlbəttə, küçədə hər kəsə salam vermək olmur. Lakin qonşuluqda, iş yerində, kollektivdə, hər hansı təşkilata daxil olduqda bir-biri ilə qarşılaşan hər kəs təbii ki, salamlaşmalıdır. Lakin gəlin, görək, liftə daxil olur, salam verirsən, burada kiminsə səsi çıxırmı? Adam, vallah, utanır ki, salam verdim, bunlar yəqin məni anormal hesab edib salamımı almadılar. Və yaxud da iş yerində elə adamlar var ki, salam verirsən, səsi çıxmır. Sanki buna borcun varmış, salam verdin həmin borc yadına düşdü, acıqlandı ki, salamını özünə saxla, borcunu qaytar.

Beləliklə, milli-mənəvi dəyərlər toplumuzdan hər gün bir sətir silinib gedir. Biz artıq özümüzdən başqa hər kəsə oxşamağa başlamışıq. Həyatımız, dəyərlərimiz, davranışığımız hər gün bir qədər “müasirləşir”. Bu “müasirlik”, bax, belə insani keyfiyyətlərimizə də təsirsiz ötmür.

Salam verəndə, qarşındakı insanın “salam” deyə cavab verməsi nə qədər əziyyətlidir, nə qədər dil-ağıza yük düşür, bax, bunu hesablamaq bir qədər çətin gəlir insana. Odur ki, insanların bu davranışından sadəcə “salam vermə, almayacam” qənaətinə gəlmək olur. Lakin şəxsən mən həmişə salam verəcəm. Çünki bu, həm mədəniyyət, həm etiket qaydası, həm də Allahın adını anmaqdır.

Bu gün Beynəlxalq Salamlaşma Günüdür. Bax, məhz bu gün bu barədə yazmaq, ürəyimi boşaltmaq istədim. İstədim biləm ki, mənim salamımı almırlar, yoxsa, hamıda belədir? Lakin mən bu qənaətdəyəm ki, min dəfə də bu fikrə düşən olsa ki, “yox, vermə, almayacam”, yenə də salam verək, sabahınız, axşamınız, hərvaxtınız xeyir, deyək. Bəlkə bir gün bu sözlərin qarşılığını eşitmiş olarıq. Odur ki, salam, əziz oxucular və hər kəs, hərvaxtınız xeyir olsun.

Mətanət Məmmədova

Seçilən
29
sesqazeti.az

1Mənbələr