Qazaxıstanlı politoloq Atbek Aytmatovun fikrincə, yaxın gələcəkdə Ermənistanı qorxulu perspektiv gözləyir.
Musavat.com xəbər verir ki, politoloq caliber.az-a müsahibəsində deyib ki, ABŞ və Fransa kimi ölkələr Ermənistanı Qərblə Rusiya qarşıdurmasının forpostuna çevirməyə çalışdıqlarını az qala açıq şəkildə nümayiş etdiriblər.
“ABŞ və Fransanın Ermənistanı quzu kimi əlindən tutub qurbangahda kəsməyə aparan hərəkətləri indiki mərhələdə çox uğurlu görünür - İrəvan Qərbin illüziya müdafiəsi və “zəmanətləri” naminə hər şeyə hazırdır. Eyni zamanda, Moskva ilə İrəvan arasında artan qarşılıqlı ittiham dalğasını görməmək çətindir. Ermənistanın Qərbə getməsi prosesinin ermənilər üçün ağrısız keçməyəcəyi göz qabağındadır. Ermənistan cəmiyyətinin istədiyi, Paşinyandan tələb etdiyi budur – Azərbaycandan müdafiə, Bakının cəzalandırılması. Erməni siyasi elitasının şizofreniyasını nəzərə alsaq, bu, təəccüblü deyil. Lakin bu, Ermənistan üçün dönməz nəticələri olan bir oyundur. Mənə elə gəlir ki, Paşinyan və erməni revanşistləri bunu səhv başa düşürlər.
Bəli, indi Qərb guya Ermənistanın tərəfindədir, lakin bütün bunlar ona görə edilir ki, İrəvan öz rolunu oynamağa razı olsun, sınaq meydançası kimi çıxış etsin və ikinci Ukraynaya çevrilsin”, - politoloq qeyd edib.
Onun fikrincə, buna imza atmaq üçün Ermənistan cəmiyyətin ilə çox da işləmək lazım deyil. Çünki cəmiyyət artıq anti-Rusiya əhval-ruhiyyəsi ilə doyub. İndi Vaşinqton və Parisin Ermənistanla bağlı böyük planları var və onların missiyası yaxşı düşünülmüşdür.
“Hələ ki, Ermənistan KTMT-dən çıxmaq planlarını açıqlamayıb, Rusiya bazasının çıxarılmasını tələb etmir, lakin aydındır ki, Paşinyan Rusiya üçün sürpriz hazırlayır. İrəvan bütün bunları demək olar ki, eyni vaxtda və tamamilə qəfil edəcək. Bundan sonra İrəvanla Moskva arasında qarşıdurma kəskin mərhələyə keçəcək. Amerikanın Ermənistana təkliflərinə nəzər salaq:
Vaşinqtonun təklif etdiyi, mahiyyət etibarı ilə silah tədarüküdür və bu, başqa bir ölkə ilə hərbi münaqişə vəziyyətində olan bir ölkə üçün nəzərdə tutulub. İrəvandakı ayıq düşüncəli siyasətçilər ABŞ-ın yaxın gələcəkdə Ermənistanı nəyə sürükləyəcəyindən sadəcə dəhşətə gəlməli idilər, lakin revanşist infeksiyasına yoluxan ermənilər açıq-aşkar optimist ssenariyə ümid edirlər. Onlar yada salmalıdırlar ki, bir vaxtlar Ukrayna cəmiyyətini hansı eyforiya bürümüşdü və bunun sonu necə bitdi. İstənilən yardım gec-tez başa çatır və ölkə özündən qat-qat güclü düşmənlə baş-başa qalır. Qərb istədiyinə - İrəvanı geriyə dönüşü olmayan Rusiya ilə kəskin münaqişəyə sürükləyə bildiyini anlayanda əlini çəkməyə hazır olacaq”, - Aytmatov vurğulayıb.
Musavat.com