AZ

Mövsümüdür, dərdlərin dərmanı NAR – Amma bu insanlar qəti yeməsin – ARAŞDIRMA

Azərbaycan xalqı üçün payızın gəlişi nar mövsümünün başlaması deməkdir. Yəqin hər kəsə məlumdur ki, el arasında “cənnət meyvəsi” adlandırılan nar insan bədəni üçün olduqca faydalıdır. Narı dənəciklərdən tutmuş qabığına qədər istifadə etmək mümkündür. Bəs bu qədər faydalı meyvənin hansı zərərləri ola bilər? Kimlərə nar yemək məsləhət görülmür?

Lent.az sizin üçün narın ən xırda dənəsinə qədər araşdırma aparıb.

Bir çoxlarının sevdiyi və faydalarını saymaqla qurtarmaq bilməyən nar üçün ölkəmizdə xüsusi olaraq «Nar bayramı» qeyd olunur, İsraildə Yeni il bayramında bu meyvədən mütləq süfrəyə qoyulur, İranda isə ona abidə ucaldılıb. “Meyvələrin şahı” olan nar çox faydalı olsa da, həkimlər bəzi şəxslərə onu yeməməyi tövsiyə edir. Çünki bu meyvə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

Bəs min bir dərdin dərmanı olan nar kimlər üçün elə dərdin özünə çevrilə bilər?

Kimyaterapiya xəstələri

Narın tərkibində çoxlu zəngin vitamin və minerallar var. Bu minerallar xərçəng dərmanlarına qarşı əks təsir göstərə bilir. Bu səbəbdən xərçəng xəstələrinə dərman qəbul edərkən nar yemələri tövsiyə edilmir.

Hamilə qadınlar

Nar çox faydalı meyvə olsa da, həkimlər hamilə qadınların gün ərzində çox nar yeməyini tövsiyə etmir. Gündə 1 ədəd nar yeməyin isə heç bir ziyanı yoxdur.

Bağırsaq əməliyyatı olan şəxslər

Narın həzm sistemində sürətləndirici təsiri olduğu üçün bağırsaq əməliyyatı keçirənlərə nar istifadəsi tövsiyə edilmir.

Şişkinlikdən əziyyət çəkənlər

Nar çox tez həzm olunsa da, bəzi insanlarda qaz və şişkinliyə səbəb ola bilər. Bu cür problemi olan insanlar diqqətli olmalıdır.

Qəbizlik zamanı

Hər gün çox nar və ya nar şirəsi qəbul edən insanların qəbizlik riski daha yüksəkdir. Bu səbəblə çox nar istehlak etmək məsləhət görülmür.

Qan təzyiqi aşağı olan insanlar

Nardan çox istifadə etmək qan təzyiqinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər. Bu problemdən əziyyət çəkən şəxslər nar istifadə edərkən diqqətli olmalıdır.

Allergiyası olan insanlar

Qırmızı rəngli meyvələrə qarşı allergiyası olan insanlara nar yeməzdən əvvəl test etdirmələri məsləhət görülür. Həmçinin, nardan çox istifadə etmək də allergik reaksiyalara səbəb ola bilər. Bu allergiyanın çox rastlanan simptomları qaşınma, şişlik, boğazda qıcıqlanma, mədə ağrısıdır. Daha ağır vəziyyətlərdə isə nəfəs darlığı, boğazın şişməsi və hətta anafilaktik şok baş verə bilər.

Qastritdən əziyyət çəkən insanlar

Həzm sistemində problemi olan və mədə xəstəliklərindən əziyyət çəkən şəxslərin də nar istifadə etməsi tövsiyə olunmur.

Bəs narın şirəsi?

Nar qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.

Amma bu dənələrdən çıxan şirə bəzən sizə zəngin problemlərlə geridönüş edə bilər. Belə ki nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.

Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.

Ona görə də, nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır

Nar və duz kombinasyonu

Hər kəsə məlumdur ki, biz xalq olaraq duza meylliyik. Az qalsın, əlimizə nə keçsə, duzlayıb yeyirik. Elə nar da duzlayıb ləzzətlə yediyimiz qidalardan biridir. Lakin bu ikilinin bizim üçün həm faydası, həm də zərəri var. Duz və narın birləşməsi həm onun dadını artırır, həm də bəzi hallarda həzm prosesinə kömək edir.

Bəs hansı məqamlara diqqət etməliyik?

1. Həddindən artıq duz qəbul etmək yüksək təzyiqə səbəb ola bilər, ona görə də duz miqdarı az olmalıdır.
2. Bəzi insanlarda duzlu qidalar mədədə yanmaya səbəb ola bilər, buna görə mədə problemi olan şəxslər ehtiyatla yanaşmalıdır.
3. Böyrək və ürək problemləri olanlar duz qəbulunu məhdudlaşdırmalıdır. Bu səbəbdən narı duzlayıb yemək onlar üçün məsləhət deyil.

Düzgün miqdarda və balansla istifadə edildikdə narı duzlayıb yemək ləzzətli bir alternativ ola bilər, amma sağlamlıqla bağlı hər hansı probleminiz varsa, bu vərdişi ehtiyatla tətbiq etmək daha yaxşıdır.

Narın hər yerindən danışdıq, bircə qaldı qabığı...

Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, o, özündə az miqdarda zəhərli maddələr ehtiva edir. Əziz nar qabığından"faydalıdır" deyib necə gəldi istifadə edənlər, ilk növbədə həkimlə məsləhətləşməli olduğunuzu unutmayın.

Seçilən
13
turkustan.az

1Mənbələr