AZ

Milli Məclisdə Meksika parlament nümayəndə heyəti ilə görüş olub

Noyabrın 20-də Milli Məclisin deputatı, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Meksika parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyətində Meksika parlamentinin deputatları – MORENA Partiyasından Rosio Adriana Abreu Artinyano, Milli Hərəkət Partiyasından (PAN) Fidel Daniel Çimal Qarsiya, Əmək Partiyasından  (PT) Mariya İsidra de la Luz Rivas, İnstitusional İnqilab Partiyasından (PRI) Erubiel Lorenso Alonso Ke, Meksika Yaşıl Ekologiya Partiyasından (PVEM) Xesus Martin Kuanalo Arauxo  təmsil olunublar.

Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri Jalə Əliyeva qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edib. Məsafə etibarilə uzaq olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlğın inkişafının əhəmiyyətindən danışıb. O, cari ildə ölkəmizdə baş tutan Prezident və parlament seçkiləri barədə qonaqlara məlumat verib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən, antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyindən bəhs edib. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi, Meksika parlamentində Xocalı soyqırımının tanınmasını yüksək dəyərləndirib.

Millət vəkili ötən il Milli Məclisin nümayəndə heyətinin Meksikaya səfərini, keçirilən görüşləri xatırlayaraq, qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.

Azərbaycanla Meksika arasında dostluq əlaqəlindən bəhs edən Jalə Əliyeva Meksika nümayəndə heyətinin Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 konfransında iştirakını yüksək dəyərləndirib. Tədbirin iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində, o cümlədən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsinin təşviqi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

Milli Məclisin deputatları Elşən Musayev və Kamran Bayramov iki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolu, habelə dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişafı barədə söhbət açıblar.

Görüşdə çıxış edən Meksika nümayəndə heyətinin üzvləri səmimi söhbətə və qonaqpərvərliyə görə minnətdarlıq ediblər. Belə görüşlərin ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, dostluq qruplarının əməkdaşlığı, qanunvericiliklə bağlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüblər. Qonaqlar dünya miqyasında böyük əhəmiyyətə malik COP29 konfransının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar. Konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd ediblər.

Söhbət zamanı Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabayero, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin inkişafı, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar barədə fikirlərini açıqlayıblar.

Seçilən
5
8
xalq.az

9Mənbələr