AZ

COP29 əlamətdar hadisəyə çevrildi – İsmail Serageldin

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldindir.

Day.Az xəbər verir ki, İsmail Serageldin Trend-ə açıqlamasında bildirib ki, COP29 olduqca mühüm bir hadisəyə çevrildi.

O, COP29-un əlamətdar bir tədbir olduğunu qeyd etdi.

"Konfransa 70 mindən çox iştirakçı gəlib və hər şey ən yüksək səviyyədə təşkil olunub. Logistika ən kiçik detallara qədər düşünülüb, tədbirlər ahəngdar və heç bir gecikmə olmadan keçir. Burada atmosfer inanılmaz dərəcədə zəngindir, bir çox görüşlər və müzakirələr keçirilir", - deyə o bildirib.

İsmail Serageldin COP29-un nəticələrini optimist bir şəkildə gözlədiyini vurğulayıb:

"Bu, çox dinamik bir konfransdır və bütün dünyanı burada birləşdirib, bu da çox təsiredicidir", - deyə o əlavə edib.

 

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
10
1
day.az

2Mənbələr