AZ

Yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Əsmər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Fidana (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Musavat.com demokrat.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri,  5-ci mikrorayonda 2024-cü il avqustun 22-də baş verib. Əsmər yaşadığı mənzilin önündə dəhlizdə qonşusu Fidan ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun saçlarından tutaraq başını aşağıya əyib. Onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fidan onlarla qonşuluqda yaşayır, onunla əvvəllər hər hansı ədavət və ya düşmənçiliyi olmayıb: "Məlum hadisə baş verən günü, saat 20 radələrində işdən evə gəldikdən sonra bacım Səmayə bildirdi ki, Fidanla qardaşı qızı Zəminə həmin gün həyətdə onu saxlayıb, guya onun Fidana kinayəli ifadə işlətməsi səbəbi ilə irad bildirib. Həmçinin həmin vaxt Fidan bacıma qarşı nalayiq ifadə işlədib. Bu səbəbdən əsəbləşərək söhbət etmək üçün Fidangilin yaşadığı mənzilə gedərək qapını döydüm. Qapını Fidan özü açdı. Fidandan bacıma qarşı nalayiq ifadə işlədib-işlətmədiyini soruşdum. Fidan mənimlə kobud formada danışdı. Bu zaman əsəbləşərək Fidanın saçlarından tutub başını aşağıya doğru əydim, sifət nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurdum". 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Fidanın səsinə qardaşı qızı Zəminə də qapıya gəlib: "Fidan mənim barəmdə polisə şikayət edəcəyini dedikdən sonra onu buraxaraq evimə geri qayıtdım. Sonradan məlumatım oldu ki, Fidan barəmdə polisə şikayət edib. Həmin münaqişə Fidangilin yaşadığı mənzilin giriş qapısının önündə baş verib və 2 dəqiqə davam edib. Baş vermiş həmin münaqişə zamanı orada mən, Fidan və qardaşı qızı Zəminədən başqa hər hansı şəxs olmayıb. Əməlimdən peşmanam, zərərçəkmiş şəxsdən etdiyim hərəkətə görə bir daha üzr istəyirəm.  Zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm".

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, Səmayə onunla eyni yataqxanada yaşayır: "Səmayə bir neçə dəfə məhəllədə yanımdan ötüb keçərkən mənə qarşı kinayəli ifadələr işlədib. Avqustun 22-də, saat 20 radələrində qardaşım qızı Zəminə ilə marketdən gələrkən həyətdə Səmayə ilə rastlaşdım. Qardaşım qızı Zəminə ilə qərara gəldik ki, Səmayə ilə söhbət edərək bir daha xoşagəlməz hərəkətlərə yol verməməsini bildirək. Mən Səmayəyə irad bildirdim, belə xoşagəlməz hərəkətlərə yol verməməsini bildirsək də, Səmayə bizə məhəl qoymadı. Mənim ünvanıma lüzumsuz ifadələr işlətdi. Daha sonra biz yolumuza davam edərək yaşadığımız evə gəldik". 

Zərərçəkmiş qeyd edib ki, təxminən 20 dəqiqə sonra mənzilinin qapısının döyülməsini eşidib və açdıqda Səmayənin bacısı Əsmərin gəldiyini görüb: "Əsmər bizimlə mübahisə edərək guya onun bacısı Səmayəyə qarşı nalayiq ifadə işlətdiyimi bildirdi. mən Səmayəyə belə bir söz demədiyimi söylədim. Əsmər saçlarımdan tutaraq başımı aşağıya doğru əydi, sifət nahiyəmə bir dəfə yumruq zərbəsi ilə vurdu. Mənim sifət nahiyəmdən qan axmağa başladı. Həmçinin həmin vaxt onun əlindən çıxmaq istədikdə sol qol nahiyəm divara çırpıldı. Nəticədə həmin nahiyəmdən də xəsarət aldım. Mən Əsmərin barəsində polisə şikayət edəcəyimi bildirdim. Bu səbəbdən Əsmər evimdən getdi. Zəminə mənə köməklik edərək qanı saxlamağa çalışdı. Sonra hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etdim".

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Əsmərin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Seçilən
17
1
musavat.com

2Mənbələr