UEFA Millətlər Liqasında Lixtenşteyni 3:1 hesabı ilə məğlub edən və C Liqasına yüksələrək tarixi uğura imza atan San-Marino millisi indi də dünya çempionatında iştirak etməyin planlarını qurur.
News24.az QOL.az xəbər verir ki, komandanın mundialın final mərhələsində iştirak etmək imkanı yaranıb.
Millətlər Liqasında öz qrupunda 7 xallla 1-ci olan "cırtdanlar"ın az da olsa DÇ-2026-nın final mərhələsində oynamaq şansı var.
Bunun üçün Millətlər Liqasının 14 qrup qalibindən 10-nun 2025-ci ilin martında başlayacaq seçmə turnir vasitəsilə birbaşa dünya çempionatına vəsiqə qazanması lazımdır.
Bu komandalar İspaniya, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, Norveç, Uels, Çexiya, Rumıniya və İsveçdir. Sözügedən millilər püşkatma zamanı birinci və ikinci səbətlərə bölünəcək ki, bu da onların birbaşa seçim yolu ilə dünya çempionatına vəsiqə qazanmasını asanlaşdırır.
Əgər yuxarıda göstərilən komandaların hamısı DÇ-2026-ya birbaşa vəsiqə qazanarsa, o zaman San-Marino Millətlər Liqası qruplarının digər qalibləri - Şimali Makedoniya, Şimali İrlandiya və Moldova ilə pley-off yolu ilə dünya çempionatına vəsiqə uğrunda mübarizə apara biləcək. Pley-off oyunları 2026-cı ilin mart ayının sonunda keçiriləcək.