AZ

Alimlərdən qorxulu xəbərdarlıq: 30 milyon insan həyatını itirə bilər

İqlim dəyişikliyi və havanın çirklənməsi bəşəriyyət üçün artan təhlükə yaradır. Alimlər bu iki amillə bağlı apardıqları araşdırmada gələcək üçün həyəcanverici xəbərdarlıq ediblər.

News24.az xəbər verir ki, Maks Plank Kimya İnstitutunun mütəxəssislərinin yeni araşdırmasına görə, iqlim dəyişikliyi və havanın çirklənməsi 2100-cü ilə qədər insan əhalisinə ciddi təsir göstərəcək. 

Bu kimi amillər 2100-cü ilə qədər dünyada təxminən 30 milyon insanın ölümünə səbəb ola bilər.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı proqnozlaşdırılır.

Artıq ABŞ, İngiltərə, Fransa, Yaponiya və Yeni Zelandiya kimi ölkələrdə bu tendensiyanın başladığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının son hesabatına görə, əsrin sonuna qədər bütün dünyada temperatur 3,1 dərəcə arta bilər. Ekspertlər bu ssenarini “fəlakətli” kimi qiymətləndirirlər.

Dr. Andrea Pozzer xəbərdarlıq edib: "2000-ci ildə həddindən artıq isti və soyuq hava şəraiti səbəbindən hər il 1,6 milyon insan ölürdüsə, 2100-cü ildə bu rəqəmin 10,8 milyona yüksələcəyi gözlənilir. Bu, təxminən 7 dəfə artımdır".

Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və havanın çirklənməsi ilə mübarizə üçün daha güclü siyasət həyata keçirilməyincə bu ölüm nisbətləri qaçılmazdır. Xüsusilə əhalinin sıx məskunlaşdığı və aztəminatlı ərazilərdə yaşayanlar üçün böyük təhlükə yaradır.

Xəbərdarlıq edilir ki, lazımi ehtiyat tədbirləri görülməsə, təkcə səhiyyə sahəsində deyil, iqtisadiyyat və sosial həyatda da ciddi fəsadlar yarana bilər.

Günel Məlikzadə

Seçilən
33
news24.az

1Mənbələr