AZ

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Kulis.az Əli Zərbəlinin "Yay tətilini necə keçirdim" hekayəsini təqdim edir.

– Nəyə gülürsən?

– Hirsimdən gülürəm.

– Niyə hirslənmisən ki?

– Hirs yox e... necə deyim... gic gülmək tutub məni. Narahatlıqdandı, yəqin.

– Görürəm, əl-qolun əsir. Qorxursan?

– Nə yalan deyim, hə, qorxuram bir az. Həm də soyuqdu da, ona görə əsirəm.

– Rahat ol, rahat ol.

– Çox gözlədin?

– Yox, elə sənə zəng vurdum, sonra da bir dənə siqaret çəkdim.

– Qara papağımı tapa bilmirdim.

– Baxım bir. Qəşəng papaqdı. Xarkovdan almısan?

– Hə.

– Kurtkanı da ordan almısan?

– Hə.

– Dəridi hə?

– Hə.

– Hmm... bomba kurtkadı.

– Məncə, biz belə daha çox diqqət cəlb edəcəyik.

– Nə edərdik? Ağ kostyum geyinərdik?

– Hə, yaxşı fikirdi.

– Sifətim donub e, gülə də bilmirəm.

– Hava yaman soyudu.

– Qar yağırdı yungülvari bayaq.

– Yağacaq, babat yağacaq.

– Qəşəng əlcəklərdi.

– Qardaşımındı.

– Hə... Qara-qura işlərin əlcəyi...

– Ha-ha.

– İsti saxlayır da həm də, yox?

– Əlcəkdi də. Pis deyil.

– Nə isə, gedək daha.

– Hara gedirsən? Bu tərəfdən getməli deyilik?

– Yox, yox, burdan gəl. Ravil keçən səfər deyirdi gecələr yata bilmir. Bir də gördün pəncərədə dayanıb siqaret çəkir. Görməsin bizi. Nə deyəcəyik? Gecə saat üçdə qapqara geyinib hara gedirik?

– Ravil kimdi?

– Çayxana var e, məktəbin aşağısında. Oranı işlədən oğlan.

– Yəqin ki, görmüşəm, amma yadıma sala bilmədim.

– İki aydır da burdasan, yox?

– Hə, iki ay olar.

– Yer tapmadın da gəlməyə. Gəlmisən bu xarabaxanaya.

– Kefimdən gəlməmişəm ki. İş var idi gəldim.

– Əşi, tüpürüm bunların işinə. Guya nə pul verirlər?

– Belə pis deyil. Amma iş saatına görə çox azdır, əslində. Altı gün on saat dayanmadan işləyirik.

– Nə oldu tikdiz qurtardız?

– Yox e, hələ çox iş qalıb orda. Sadəcə məndə taqət qalmayıb. Bezmişəm.

– Həə...Belədi də. Hansısa boynuyoğun hotel tikdirir, sən də onurğan əyilənə qədər daş daşıyırsan.

– ...

– Xətrinə dəyməsin e. Halal çörək pulu qazanırsan. Amma mən o işlərin başını buraxmışam. Haram, halal... fərqi yoxdur. Pul elə puldur. Bu xarabada halal pul qazananların hamsının belində yırtıq var.

– Yox, xətrimə dəymir, düz deyirsən.

– Nə qədər yaşadın Xarkovda?

– Bir il olar getmişdim.

– Niyə gəldin bura? Deyirdin nəsə uzun söhbətdi...

– Hə, uzun söhbətdi.

– Danış da ucundan qulağından, on-on beş dəqiqə yolumuz var onsuz.

– Qısası, qardaşımın arası dəydi ortağı ilə. Bıçaq davasına çıxdılar. Qardaşımı tutub basdılar içəri. Mən də onun yanında işləyirdim. Qaldım ortalıqda.

– Nə işə baxırdız?

– Telefon təmiri.

– Hə...

– Qazandığımız elə vəkilə-filan getdi. Sonra atam xəstələndi. Qalan pul da onun dava-dərmanlarına. Ölüm ayağında idi. Qayıtmalı idim.

– Necədi indi?

– Kim?

– Atan

– Öldü.

– Allah rəhmət eləsin.

– Allah ölənlərinə rəhmət eləsin

– Nə qədər iş veriblər qardaşına?

– İki il.

– Allah qapısını açsın...

***

– Çək qurtar da o zibili.

– Nə olub?

– Çatırıq. Tindəki darvazanı keçib aşağı düşürük, vəssalam.

– Çatırıq çatırıq da.

– Yaxşı. Çək, çək, filtrini də at ağzına çeynə.

– Bayaqdan mənə deyirdin rahat ol. İndi sənə nə oldu? Götür birin də sən çək.

– Gözlə onda, gəl bu tərəfə. Düz küçənin ortasındayıq, işıq da üzümüzdə. Ayrı vaxt bu fanarları aylarla yandırmırlar e.

– Gecənin bu vaxtı bizi bu viddə tanıyan olar ki?

– Los Ancelesdə deyilik e. Əl boyda yerdi, burda hamı bir-birini tanıyır.

– Fikir ver, qar başladı yenə.

– Babat soyuqdu.

***

– İşdir birdən vəziyyət plan üzrə getməsə, gərək sakit davranaq, özümüzü itirməyək, bir-birimizin əl-ayağına dolaşmayaq. Başa düşdün?

– Bilirəm, bilirəm. İki dəqiqə gözlə, özümə gəlim. Bir az gərginəm.

– Bəs deyirdin azdan-çoxdan dvijeniyaların olub...

– Çoxdan olub. Rayonda məktəb vaxtı bir-iki dəfə... Bir dəfə də Xarkovda olub. O da elə riskli bir şey deyildi. Həyətə girmişdik. Qoca, kar arvad idi. Tək yaşayırdı.

– Çəkib qurtardın?

– Hə.

– Di davay.

– Dayan e!

– Nə oldu?

– Ə, sənin başın çatır? İndicə kimsə işığı yandırdı ki, orda.

– Bildin-bilmədin elə danışırsan e. Odey bax o damı görürsən? O evi göstərirəm bayaqdan, hara baxırsan sən?

– Belə de də... Niyə görəsə yadımda bura qalıb.

– Dəlisən? Bura girmək olar?

– Yenə də gözləyək, işıqları sönsün.

– Gözləyək, gözləyək. Bunlar niyə bu vaxt yatmır, görəsən?

– Kim qalır o evdə?

– Desəm tanıyacaqsan?

– Yaxşı, demə.

– Ayaqlarım donub konkret.

– Qış ayaqqabısı deyil də ayağındakılar.

– Hə, elə? Hardan bildin?

– Aha! Söndü işıqlar.

– O darvazanın qabağından ehtiyatla keçmək lazımdı, həyətdə itləri var. Bircə oranı keçsək...

– Girəcəyimiz evin həyətində it yoxdu da, yəqin ki...

– İndi desəm ki, var, neyləyəcəksən? Dala qayıdacaqsan?

– Var, ya yoxdu?

– Yoxdu, yoxdu. Ha-ha. Narahat olma. Mən bilirəm nə edirəm. İtləri yoxdu. Ağılları da yoxdu. O boyda villanın həyətinə onlar 5 dənə it bağlamalı idilər.

– Deyirdin, bir həftə evdə olmayacaqlar.

– Hə, bir həftə. İstəyirsən lap bu həftəni elə orda keçirək. Ha-ha.

– Bu qədər rahatsan yəni?

– Hə. Türkiyədədilər.

– Antalyada?

– Daha orasını bilmirəm. Gədə türkdü də, deməmişəm sənə?

– Yox, deməmişdin.

– Qancıq Azərbaycanda kişi tapmadı.

– Qızı şəxsən tanıyırsan?

– Hə, sinif yoldaşı olmuşuq.

– Yaxşı görək!

– Sevirdim o vaxtlar bu qancığı.

– Qancıq niyə deyirsən ki?

– Qancıqdı da ona görə.

– Qar dənələrinə bax, nə boydadı.

– Hə, birazdan hər yer ağappaq olacaq.

***

– Dəhşətdir!

– Həqiqətən.

– Saraydı elə bil.

– Fanarı ver.

– Götür.

– Lüstrə bax e.

– Mən ancaq kinolarda belə şey görmüşəm.

– Görürsən, elə də çətin deyildi.

– Hə, amma inan ayaqlarım hələ də tir-tir əsir.

– Keç vur özünü kresloya, dincəl bir az.

– Dəqiq?

– Narahat olma, hələ vaxtımız var. Otur, otur.

– Yup-yumşaqdı. Əladı. O saniyə yorğunluğumu canımdan əmdi elə bil.

– Xalçalara bax. Allah bilir, nə qədər qiyməti var.

– Götürəciyik xalçaları da?

– Ayağının altındakını mütləq.

– İşığı divara tut bir görək.

– Bunlar da bahalı şeyə oxşayır.

– Görəsən, orijinal rəsmlərdi?

– Necə yəni?

– Nə bilim, bəlkə, hərracda-filan alınıb.

– Vallah, bilmirəm nədən danışırsan, bir onu bilirəm ki, burda bahalı olmayan elə biz ikimizik.

***

– Ələk-vələk elədim otağı, qızıl-zad yoxdur orda.

–Ola bilməz.

– Sən neyləyirdin bəs?

– Xalçanı büküb hazır qoydum. Notbuk, bir də telefon tapdım.

– Tapdım e özü də. Ha-ha. Elə bil itirmişdin.

– Telefona bax.

– 1000 manat var azı bunun qiyməti.

– 1200 rahat var.

– İşləyir?

– İşləyər, işləyər. Siyirmələrin hamsına baxdın?

– Hardakı?

– Yataq otağında

– Hamsına yox.

– Nə işə baxırsan onda? Get bax da.

– Yaxşı.

– Ya da gözlə. Sən buraları eşələ, mən baxacam yataq otağına.

***

– Bunlar nədir bəs?

– Ha-Ha! Hardan tapdın bunları?

– Sən baxdığın yerdən.

– Təcrübə başqadı da.

– Təcrübəlik bir şey yoxdu. Güzgünün altındakı siyirmələrdə idi.

– Özümü Əlibaba və Qırx quldurdakı mağarada hiss edirəm.

– Burda ən azı 10 min var. Ölü yeri.

– Baxım bir.

– Brilyant qaşlardı.

– Hamsı qızıldı, hə?

– Yox, bu plastmasdı. Bu qancıq qızıldan başqa nəsə taxar?

– Məncə, yenə var hardasa.

– Yüz faiz. O türk bundan iki-üç sırğa, qolbaqla canını qurtara bilməz.

– Bu nədir bəs?

– Boyunbağıdı da.

– Maraqlıdı.

– Bu oğraşın qol saatına bax hələ...

– Ver baxım. Nə ağırdı...

– Fanarı aşağı sal, gözümü deşdin.

***

– Neyləyirsən orda?

– Ne edənə oxşayıram?

– Nə bilim. Girmisən şkafın içinə, nə axtarırsan orda? Paltar da götürəcəyik ki?

– Sən istəyirsən, gədənin şkafına bax, elə-belə paltarlar geyinmir o. Götürə biləcəyimiz qədər köynək-şalvar götürərik.

– Sən nə axtarırsan orda?

– Buna bax... bunun krujevasına, naxışlarına bax. Bəh-bəh...

– Ha-ha. Nəyimizə lazımdı o?

– Bax bu var ha... təkcə əlimdə tutduğum bu tuman... Bizim bütün üst-başımızdan daha bahadı. Mən sənə söz deyirəm.

– Olsun da. Bahalı başqa şeylər də var burda.

– Gör dünyanın işinə bax sən. Məktəb vaxtı sevirdim bu qızı. İndi tumanlarını, kolqotqalarını eşələyirəm. Hələ buna bax. Qıpqırmızı.

– Ha-ha. Neyləyirsən, a kişi, çıxart onu başından. Ayıbdı.

– Nədi ayıb? Tər-təmiz, gül kimidi. Al, bunun iyinə bax. Çək nəfəsinə.

– Xəstəsən, a kişi, sən. Sənin başın gedib.

– Nə olub, ə, nə gicliyə qoymusan özünü? Ömründə belə tuman görmüsən sən?

– Ayıbdı.

– Puah! Ayıb imiş. Sənin xəbərin var burda nə işlə məşğulsan? Ə, gecənin bir aləmi girmisən camaatın evini yarırsan, indi mənə burda əxlaq dərsi verirsən?

– O ayrı, bu ayrı. Girmişəm, lazım olanı götürüb çıxacam aradan. Tuman iyləməyə gəlmişik bura?

– Sən Allah, sürüş burdan, get işinlə məşğul ol, qanımı qaraltma. İmkan ver, kefimizi tutaq.

– Tut da, nə deyirəm ki.

– Bax gör götürəsi nə köynək-şalvarı onun.

– Vallah, sənin başın gedib. Neyləyirsən? Tumanı cibinə niyə dürtürsən? Nə edəcəksən onu? Kimə satacaqsan?

– İşinlə məşğul. Bu satmaq üçün deyil.

– Bəs nə üçündü? Divardan asacaqsan?

– Yox, əynimə geyinəcəm.

– Allah ağıl versin sənə.

– Mən keçirəm o biri otağa. Hardasa nağd pul da olmalıdı. Özü də dollarlar! Paçka-paçka! İyi burnuma gəlir.

– Sənin burnuna gələn başqa iydi, məncə.

– Al, iylə. Gül kimidi. Yasəmən iyi verir.

– Əşi, rədd ol, çək onu o tərəfə!

– Ha Ha Ha.

***

– Sənə nə demişdim!

– Dəhşət...

– Al bunları tez say görək.

– Elə bil yuxu görürəm.

– Yeddi min burda var.

– Dörd min beş yüz də burda.

– Dəqiq saydın?

– Dəqiq. İçimdən möhkəm-möhkəm qışqırmaq gəlir.

– Bircə onu eləmə.

– Hardan tapdın bunları?

– Dayan, Vüqar zəng vurur.

– Vüqar?

– Şofer.

– Aç, aç

***

– Yüngülvari poxdayıq.

– Nə deyir? Nə olub?

– Sakit ol.

– Nə dedi?

– Fanarı söndür hələlik.

– Demə ki, gələ bilmir.

– Gəlir, gəlməyinə. Amma bir az gec.

– Tfu!

– Onluq bir şey yoxdu.

– Necə yəni onluq deyil?

– Əmisioğlunu həkimə aparıb.

– Bu vaxt? Şeyinə dolamısan məni? Nə oldu elə indiyə tuş gəldi? Bura bax, birdən bu Vüqar qoyar baqaja bizi...

– Bilmədiyin şeyi danışma da, Vüqarla birinci dəfə deyil ki, belə iş görürük.

– Nə olub indi gecənin bu vaxtı? Əmisioğlunun doğuş sancıları başlayıb?

– Diş ağrısı var imiş günlərdir, deyir, ağrıdan divara dırmaşır, yata bilmir. Zəng vurub Vüqara ki, bəs daha dözə bilmirəm.

– Bu vaxt kim çəkəcək onun dişini?

– Ədə, mən nə bilim? Zəng vurum indi onu soruşum?

– Əcəb poxa düşdük.

– Ə, bir az sakit ol da, nə oldu indi? Bir saat gec gəlsin lap. Nə olacaq?

– Səhər açılacaq, hava işıqlanacaq.

– Saat 5-də hava işıqlanır? Çölə bax, dekabrdı e, yay deyil. Gün saat 8 də çıxır.

– Neyləyək indi o vaxta kimi?

– Sumkaları hazır elə.

– Məndəkilər hazırdı.

– Al bu güldanı da bas ora.

– Məzələnirsən?

– Bahalı şeydi bu. Sən mən deyəni elə.

– Bura girən deyil o.

– Əlimdə tutaram onda.

– Nə bilim, vallah, bax da, özün bilərsən. Haranda istəyirsən tut.

– Ha-ha! Necə mısmırığını salladı e. Zarafat edirəm də!

– Bəlkə, bir az da axtaraq? Hələ vaxtımız var ikən.

– Artıq tamah baş yarar.

– Ha-ha!

– Onsuz bir həftə burda deyillər. Hər gün bala-bala daşıyarıq. Ha-ha!

– Şşş. Astadan gül!

– Kefim yaman kökdü.

– Mən bir də bu evin həndəvərində görünmərəm. Günü sabah əkilirəm burdan.

– Xarkova təzədən?

– Hə, qardaşımın yanında olmalıyam. Fərli-başlı dost-tanışı yoxdu orda.

– Allah köməyi olsun.

– Amin.

– Soyuducuya baxmadıq e heç. Aclığın var?

– Gicsən? Oturub yemək yeyək burda?

– Yeyəndə nə olar?!

– Sən bu rahatlığı hardan tapmısan?!

– Mən bilirəm nə edirəm. Maşının gəlməyinə var hələ.

– Sən nə juk adamsan, deyirəm. Ha-ha! Qaşla göz arasında saatı taxıb e qoluna.

– Təzə qol saatım...

– Sənin oldu indi bu qol saatı? Bəs nə varsa, bölüşəcəkdik?

– Bunları sonra danışarıq da, olar? Baxım görüm soyuducuda nə var.

***

– Bura bax bir, sən rusca bilirsən?

– Demə ki, içmək istəyirsən.

– Nə yazılıb bu butulkanın üstündə? Sən onu de mənə.

– Rusca deyil. Fanarı saxla görək. Ukraynacadı.

– Eyni şeydi də. Konyakdı?

– Nəsə meyvəli bir şeydi.

– Onu mən də görürəm də. Bu boyda armud şəkli var üstündə.

– Meyvə tamlı araqdı. Konyak nədi? Armudlu konyak olur?

– Mən hardan bilim. Nə desən olar. Dadına baxmaq lazımdı. Tut görək fanarı, görüm başqa nə var burda.

– Belə danışmamışdıq axı biz.

– Necə yəni?

– İşimizi görüb çıxacaqdıq.

– Çıx görək necə çıxırsan.

– Necə yəni?

– Maşının gəlməyinə hələ var.

– Maşın gec gəlirsə, deməli içməliyik?

–Özün bilərsən. Dadına baxmasam ürəyim partlayar.

– Əcəb işə keçdik.

– Acından mədəm deşilir. Kolbasa-pendirlə bir-iki rumka vursaq, nə olacaq?!

– Vallah, sənin başın işləmir. Bəlkə, televizoru yandırım kinoya da baxaq?

– O televizorda gözüm qaldı e. Götürəsi çox şey var, əslində, imkan yoxdur hayıf.

– Mən gedim bir az da baxım ətrafa.

– Fanarı pəncərələrə tutma.

– İndi sən burda oturub vuracaqsan?

– Bunlara bax hələ. Bunun butulkasına bax. Oğraş ağzının dadın bilir də.

– Bilmirəm, nə deyim sənə, həqiqətən.

– Kefim kökdü. Vurmasam olmaz. Bir də belə fürsət hardan düşəcək?

– Düz deyirsən, belə gic-gic hərəkətlər eləsən, bir də çətin.

– Oturaq boğazımızı yaşlayaq. Demirəm ki, iç şil-küt ol. Bir-iki rumka.

– Ha-ha. Mən də deyirəm bu nədir sallanıb cibindən.

– Ha-ha-ha. Tələsik dürtmüşəm də.

– Qaranlıqda soyuducunun qapısını açıb belibükük dayanmısan, cibindən tuman sallanıb, əlində də araq butulkası. Karikaturasan.

***

– Sənin sağlığına!

– Nuş olsun.

– Dəqiq içmirsən?

– Süz də, süz birin.

– Bax, bu başqa məsələ.

– Əl çəkən deyilsən.

– Fanarı söndür. Telefonların işığı bəs edir.

– Bəsdi, bəsdi, doldurma.

– Səni görən kimi gözüm tutmuşdu. Tam ciddi deyirəm.

– Sağ ol.

– Sağlıq de.

– Sən məzələnirsən, vallah! Sağlıq vaxtıdı? İç qurtar görək. Elə bil restoranda oturub.

– Kolbasadan da götür.

***

– Səncə biz pis adamlarıq?

– Nə oldu sənə? Ha-ha! Araq laxlatdı?

– Yox e, nə dəxli var.

– Nə bilim, adətən, belə sualları piyan adamlar verir.

– Özümü bilmirəm, amma sən dəqiq piyansan.

– Sən məni yaxşı tanmırsan. Piyan olmaqçün gərək butulkanı təkbaşına ötürüm.

– Puah!

– Canımçün.

– Sualıma cavab vermədin.

– Məncə, bizim sadəcə bəxtimiz gətirməyib.

– Bəxti soruşmuram.

– Ə, girmişik camaatın evini süpürüb aparırıq, evinə girdiyim adamın arvadının tumanı da cibimdədi. Mən necə yaxşı adam ola bilərəm? Nə gic-gic suallar verirsən?

– Süz birin də.

– Dəqiq? Bax məndən günah getdi.

– Süz, süz.

– Hansından?

– Bundan süz görüm nəmənə şeydi.

– Əladı, su kimi gedir.

– Vüqardan xəbər çıxmadı?

– Zəng vurdum açmadı. Mesaj yazdım.

– Nə vaxtdır tanıyırsan onu?

– Çoxdan.

– Dəqiq bilirsən ki, bizi baqaja qoymaz?

– Elə oğlan deyil o.

– Necə olacaq indi bəs?

– Yarım saat-qırx dəqiqə demişdi də. Harda olsa, indilərdə zəng vurar.

– Nə uzun iş oldu bu diş çəkmək.

– Kəndə gedib, yəqin. Dayısı diş həkimidi. Ya da atasının dayısı. Dəqiq bilmirəm.

– Bəlkə, nəsə iş gəlib başlarına?

– Necə ki?

– Nə bilim. Hər cür fikir gəlir adamın ağlına. Pendir qalmadı daha?

– Var, var. Götür bu dilimi, mən istəmirəm.

– Deyirəm yəni... Maşını vurub-edər. Külək qalxıb, qar dayanmadan yağır, yollar onsuz da normal vaxtı pis gündədi.

– Bəd-bəd danışma, sən Allah. Zəng vuracam indi yenə. Götür. Sənin sağlığına. Allah qardaşının qapısın açsın.

– Sənin sağlığına.

***

– İstədiyin-filan var?

– Yoxdu.

– Niyə? Cavan, boy-buxunlu oğlansan.

– Nə bilim. Mənimki qadınlarla gətirməyib.

– Elə mənimki də. Sənə də süzürəm birin.

– Süz.

– İşıq tut da bura. Butulkanı yarı eləmişik ki! Ha-ha!

– Bəsdir, bəlkə?

– Adama birin də vuraq, bəs eliyər.

– Yaxşı.

– Mənə bax, dedin atan rəhmətə gedib... bəs anan? Sağdı?

– Yox.

– Allah rəhmət etsin. Səninkilər bəs?

– Çoxdan rəhmətə gediblər. Mən körpə olanda.

– Allah rəhmət eləsin.

– Yadıma gör nə düşüb. Məktəb vaxtı hər il senytabrda dərslər təzə başlayanda “Yay tətilini necə keçirdim” inşası yazırdıq.

– Hə yadıma gəlir, bizə də yazdırırdılar.

– Məni nənəm böyüdüb. Bütün yayım onunla keçirdi. Evdən bayıra çox çıxmırdım. Sular tez-tez kəsilirdi, gedib onunçün bulaqdan su daşıyırdım, qış üçün turşu hazırlayanda ona kömək edirdim, səhərlər onunla bazara gedirdim, oturub saatlarla gic-gic verilişlərə baxırdıq, elə bütün yayım belə keçirdi. İnşa yazmalı olanda, oturub fikirləşirdim ki, görəsən nə yazım? Yayımı çox mənasız, xırda işlərlə keçirmişəm. Bunları yazsam, müəllim mənə gülər. Uşaq ağlıdı da. Televizorda görmüşdüm ki, uşaqlar ataları ilə balıq tutmağa, anaları ilə zooparka gedirlər. Beşinci sinif idi, deyəsən. İlin əvvəli yenə bu inşa gəldi yapışdı yaxamdan. Dedim, bu dəfə, elə bu televizorda gördüklərimi guya özüm yaşamışammış kimi yazacam. Başladım basıb bağlamağa. Yazdım ki, guya yayı nənəmlə gəzintiyə çıxdıq, Bakıya getdik, karuselə mindim, zooparka getdim, balıq tutdum, yayımı əla keçirdm.

– Balıq tutmağa getdin? Nənənlə?

– Guya da.

– Çox inandırıcı yazmısan. Axırıncını süzürəm.

– Süz... Nə deyirdim... Əlqərəz, müəllim yekə bir beş verdi inşama. Evə gəlib nənəmə yekə bir beş aldığımı dedim. Nənəm dizləri yerdə ləyəndə paltar yuyurdu. Sabunlu əllərini paltarında qurudub ayağa qalxdı. Dedi, oxu nənə üçün nə yazmısan. Sonra gedib peçdəki qazanı qarışdırmağa başladı. Dovğa bişirirdi. İnşamı onunçün oxudum.

– Hə... nə dedi nənən?

– Dedi, əladı, afərin. Sonra çömbəlib paltar yumağa davam etdi.

– ...

– Bilmirəm, indi hardan yadıma düşdü bu.

– Olur belə, birdən adamın yadına nəsə düşür, heç özün də bilmirsən niyə.

– Səndə də olur, hə?

– Çox yox, amma olur. Atamı basdırıb qayıtdığımız gün yol boyu elə hey onunla bağlı xatirələrim haqda fikirləşdim, uşaqlığımızı yadıma salmağa çalışdım. İnanırsan, bir-iki mənasız epizoddan başqa heçnə yadıma düşmədi. Sonra birdən bir hadisə yadıma düşdü. Elə dörd-beşinci sinifdə oxuyardıq. O günlərdə, arabir dərsdən sonra məktəbin həyətində futbol oynayardıq. Günlərin birində, birinci mərtəbədəki pəncərələrdən birini topla sındırdım. Qarovulçu qulağımdan tutub evimizə kimi gətirdi, qapını əsəbi-əsəbi döydü. Atam gözlərini ovuşdura-ovuşdura qapını açdı. Qapının səsinə yuxudan oyanmışdı. O ərəfələrdə işdən təzə çıxarmışdılar onu. Bütün gün evdə fısıldaya-fısıldaya gəzir, hirsini anamın üstünə tökür, ya da günboyu yatırdı. Qapı açılan kimi qarovulçu deyinməyə başladı. Atam dinib danışmadan ona qulaq asdı. Sonra kal səslə üzrxahlıq elədi. Qorxumdan tir-tir əsirdim. Onsuz da son günlər çox əsəbi idi, indi də yuxusundan oyandırılmışdı, hələ üstəlik, mənə yüz dəfə tapşırmışdı ki, dərsdən sonra birbaşa evə gəl. Evə gec gəldiyimə görə yağlı şapalaqlarını daddığım az olmamışdı. Qarovulçu deyinib qurtardı, çıxıb getdi. Qapı örtülən kimi atamın iri, sümüklü əlinin sifətimdə necə şappıltı ilə partlayacağını təsəvvür etməyə başladım. Bu hər an baş verə bilərdi. Divara qısılmışdım, canımda əsməcə, başımı aşağı salıb gözucu onun sümüklü əllərinin hərəkətini izləyirdim. Atam ağzının içində söyə-söyə gərnəşdi. Başımı azca yuxarı qaldırıb oğrun-oğrun üzünə baxdım. Üzündəki ifadədən başa düşdüm ki, məni vurmayacaq. Sakit görünürdü. Mənə əsəbləşəndə, vuranda adətən, gözləri hədəqəsindən çıxırdı, çığırıb bağırırdı. Əlini cibinə atıb əzik-üzük pullar çıxardı. Məni siqaret almağa göndərdi. Siqareti alıb evə qayıdanda divanda xoruldayırdı.

– Yaxşı qurtarmısan...

– İndi, atamı dəfn etdiyimiz gündən bəri, nə vaxt onun haqqında fikirləşsəm, ancaq həmin gün, həmin xatirə gəlib ilişir qalır ağlımda.

– Olur belə şeylər.

– Nə isə... Yığışdır daha, bəsdi, sən elə içdikcə içirsən.

– Mən bir az uzanacam.

– Zarafat eləyirsən? Nə uzanmaq?!

– Başım gicəllənir. Beşcə dəqiqə özümə gəlim.

– Zəng vurmadı Vüqar?

– Yox. Telefonum yanındadı, götür zəng vur bir.

– Lənət şeytana. Əcəb poxa düşdük.

– Zəng vur, az deyin.

– Vururam.

– Nə oldu? Götürmür?

– Zəng çatmır.

– Necə yəni?

– Zəng çatmır da, çatmır.

– Ver bura telefonu.

– Sənə deyirəm ki, bu cındır bizim torbamızı tikəcək. Tikib hətta.

– Elə oğlan deyil o.

– Mən nə başıboş adamam, ilahi!? Mən sənin sözünə niyə qulaq asıram?

– Çox güman, telefonu sönüb. Onun ömür boyu telefonunda zaryatka olmur. Evə çatan kimi yığacaq.

– Mən başa düşə bilmədim, bu diş çəkmək niyə bu qədər vaxt aldı?

– Bilmirəm, a kişi, bilmirəm. Mən də sənin kimi.

– Sakit, sakit. Şşş.

– Nə oldu?

– Səsi eşitdin?

– Yox.

– Maşın səsi.

– Bəlkə, Vüqardı birbaşa gəlib.

– Həyətin düz qabağına niyə gəlsin ki? Belə danışmamışdıq axı.

– Mən səs-filan eşitmədim.

– Bəlkə, durasan ayağa.

– İkicə dəqiqə gözlə, sən Allah, başım yaman gicəllənir.

– Şşşş! Qulaq as.

– Elə bil indi nəsə eşitdim.

– Pıçıltı ilə danış a kişi, səsin özünə xoş gəlib, deyəsən.

– Get pərdəni azca arala, bax.

– Nə gülməli adamsan e. Sən elə uzan orda göstəriş ver.

– Çaşıb birdən fanarı yandırarsan ha!

– Həyətə baxan pəncərə hansıdı?

– Soldakı. Azca arala pərdəni. Lap azca.

– ...

– Nə oldu?

– ...

– Nə görürsən? Kimsə var?

– ....

– Cavab ver də! Kim var orda?

Seçilən
12
21
kulis.az

10Mənbələr