AZ

Təbiətin möcüzəsi -Kəlbəcər azaddır

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə kimin  kim olduğunu göstərdi. Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

 Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında demişdir ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınmışdır.  Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra  oradakı təbii ehtiyatları istismar ediblər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirərək, başqa adla bazara çıxartdılar. Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir.

Bütün bunlar Kəlbəcərin necə zəngin sərvətə və strateji əhəmiyyətə malik olduğunu və zamanında düşmənin nəyə görə onu əlində saxlamaq istəməsini açıq-aşkar göstərir. Lakin Azərbaycan ordusu düşməni 30 ilə yaxın çəkən bir yuxudan ayıltdı və bu gün Kəlbəcərin İstisuyu daha gur axır, Kəlbəcərin dağlarında, meşələrində quşlar, heyvanlar daha atəş səsindən səksənmir, bu gün Kəlbəcərə daha yad ayaqlar dəymir, Kəlbəcərdə Azərbaycan səsi, Azərbaycan nəfəsi duyulur. Və bu gün şəhidlərimizin ruhu şaddır. Şaddır ki, zamanında qız-gəlinlərin fəryadı göyə yüksələn bu diyardan artıq uşaqların şən qəhqəhələri səslənəcək.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Seçilən
15
ikisahil.az

1Mənbələr