AZ

Adəm İsmayıl Bakuvi: "Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisidir"

“İşğala qədər 88 300 nəfər əhalisi olmuş Kəlbəcər rayonu ermənilər tərəfindən böyük dağıntılara, talana məruz qoyulmuşdur. 1993-cü ilin 2 aprel tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Beynəlxalq konvensiyalar tərəfindən müəyyən olunmuş prinsiplərə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan həyata keçirməli oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özü illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi.”

Bu sözləri Axın.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən politoloq daha sonra Kəlbəcərin azad olunmasının strateji əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən II Qarabağ müharibəsinin ilk günlərində keçirilmiş uğurlu hərbi əməliyyatlar nəticəsində Kəlbəcərin şimal hissəsi işğalçılardan azad edilmişdir. Şanlı ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri alaraq erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırdı və bundan sonra düşmən faktiki olaraq Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədi. Azərbaycan cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədaləti bərpa etdi, torpaqlarının işğalına son qoydu. O cümlədən Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Möhtərəm dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub”.

Həmçinin Adəm İsmayıl Bakuvi qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə həyata keçirilən vüsətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisidir: “Bu gün Kəlbəcərdə də işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. Məlum olduğu kimi, Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Xüsusilə, 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan sonra Kəlbəcər rayonuna ilk dəfə etdikləri tarixi səfər mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həmin vaxt Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə rəsmi start verildi. Son dörd il ərzində Kəlbəcər rayonuna dövlət başçımızın etdiyi çoxsaylı səfərlərin gedişində baş tutan açılışlar və təməlqoyma mərasimləri də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həqiqətən də yüksək sürətlə həyata keçirildiyinin daha bir göstəricisidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini başa çatdırıb.

Seçilən
6
1
aznews.az

2Mənbələr