AZ

Kiçik marketlərdə kassalaşma prosesi nələrə səbəb olacaq?

"Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq". 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. 

O bildirib ki, bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir:

"Sahibkarların rəsmiləşdirmə prosesinin leqallaşdırılması asanlaşır. Bazar mülkiyyətçiləri üzərində vergi uçot nəzarəti tətbiq ediləcək. Ölkə ərazisində kassalaşma prosesinin əsası kimi uçot prosesi düzgün qurulacaq.

Tətbiq ediləcək mexanizm qonşu dövlətlərdə də tətbiq edilir. 

Mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək. Bu özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir. Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdən qanunvericilik sahəsində gözləntilər mövcuddur”. 

Qeyd edək ki, bu gün ölkədə kifayət qədər kiçik marketlər fəaliyyət göstərir. Xüsusilə də qəsəbələr, kəndlərdə belə kiçik marketlər üstünlük təşkil edir. Kassalaşma prosesinin tətbiqi həmin kiçik marketlərin fəaliyyətinə necə təsir göstərəcək? 

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cebheinfo.az"a bildirib ki, Azərbaycanda vergi uçotuna alınma prinsipləri kiçik ticarətlə məşğul olan şəxslər üçün ağır bir yükdür: 

"Ölkəmizdə kassa aparatı, post-terminal almaq üçün müvəkkil banklar yalnız 2 illik müddətinə müqavilə bağlayırlar.

Yəni ondan tez, nağdsız ödənişlər sistemindən, terminallardan imtina edə bilməzsiniz. İmtina etdiyiniz halda cərimələrlə qarşılaşırsınız. Məsələn, kiçik bir ticarət köşkü üçün tələb olunur ki, nağdsız ödnişlərə keçin, kassa-vergi uçotuna dayanın. 

Bu zaman banka müraciət etdikdə bank aylıq 50 manatdan az olmamaq şərtilə xidmət təklif edir. Eyni zamanda 700 manata yaxın post-terminal aparatları təklif olunur. Əsasən yeni nəsil post-terminallar qoyulması tələbi də var.

Bankların həm xidmət haqqı, həm post-terminallarla bağlı alınan ödənişlər kifayət qədər yüksəkdir. 

Ən ciddi problem isə post-terminal xidməti göstərən bank böyük, kiçik və orta olmasından asılı olmayaraq ticarət obyektlərinin hər satışdan 1 faizini komissiya olaraq tutur.

Əlbəttə ki, bu ağır bir yükdür. Kiçik sahibkarlar, ticarətlə məşğul olan şəxslər bu yükün altına girsələr təbii ki, iflasa uğrayacaqlar. Nəticə etibarı ilə də kiçik və orta sahibkarlıq subyektləri sıradan çıxacaq". 

Ekspert düşünür ki, rəsmilərin qeyd etdiyi bazarlarla bağlı məsələ daha böyük ticarət şəbəkələri ilə bağlıdır:

"Məsələn, “Binə” və “Sədərək”, bu kimi iri ticarət mərkəzlərinin vergi uçotuna alınmasından söhbət gedir. Bəli, orada illərdir ki, kassa aparatları tətbiq olunmur. Belə ki, “Binə” və “Sədərək” ticarət mərkəzləri hətta avtomobil bazarında nağdsız ödənişlərlə təşviqini həyata keçirsək bəlkə yüz milyonlarla manat vəsaitin vergiyə cəlb edilməsi, şəffaf və nağdsız əməliyyatların aparılması həyata keçirilə bilər. 

Hesab edirəm ki, bazarlar deyəndə, məhz iri ticarət mərkəzlərini nəzərdə tuturlar. Ancaq kiçik ticarət obyektləri, kiçik mağazalar, hətta pərakəndə şəkildə fəaliyyət göstərən və ya kiçik miqyasda fəaliyyət göstərən meyvə-tərəvəz, aqrar sektor üzrə satış həyata keçirən vətəndaşların da vergiyə cəlb olunması ölkədə inhisarçılığın genişlənməsinə gətirib çıxaracaq.

İri marketlər şəbəkəsinin əl-qolunu daha da açacaq. Bu da nəticə etibarı ilə ticarətlə məşğul olan əhalinin vəziyyətinə mənfi təsir göstərəcək". 

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr