AZ

Rövşən Nəcəf yığmalarla bağlı radikal qəralar verməlidir - U-21 millisi Premyer Liqada, U- 19 I Liqada çıxış etsin

Yalnız əsas millimiz deyil, digər yığmalarımız da rəzil gündədir. Hamısının vəziyyəti ağlamalıdır. Məğlubiyyət o qədər adiləşib ki, yığmalarımız ildə, ayda bir qələbə qazananda adama təəccüblü gəlir ki, nə əcəb... 

Bir neçə aydan sonra AFFA-nın prezidenti postunda bir ili tamam olacaq Rövşən Nəcəf də baş verənləri tamaşaçı kimi izləməklə məşğuldur. Nə bir qərar var, nə də ümid verən bir açıqlama. Hərdən adama elə gəlir ki, sanki Rövşən Nəcəf futbol sahəsində baş verənlərə aidiyyatı olmayan şəxsdir. O, özünü elə aparır ki, elə bil onluq heç nə yoxdur. Millimizin Millətlər Liqasında D Liqasına yuvarlanması, digər yığmaların rüsvayçı çıxışlarından sonra Rövşən Nəcəf təcili iclas yığmalı, AFFA-nın altını üstünə çevirməli idi. Bu nəticələrə görə qovulanlar da olmalıydı, şiddətli töhmət alanlar da. 

Amma sakitçilikdir. Rövşən Nəcəf rahatdır. Belçikalıları gözləyir. Düşünür ki, əcnəbilər strategiya yazacaq, futbolumuz da inkişaf edəcək. Rövnəq Abdullayev kimi Nəcəfi də ətrafı nağıllara inandıra bilib. Strategiya yazılmağına yazılacaq, lakin ölkə reallıqlarına uyğun olaraq nə qədər effektiv həyata keçiriləcəyi böyük şübhə doğurur. 

Biz U-21 və aşağı yaş qrupları üzrə yığmaların inkişaf etməsi üçün daha praktik təkliflər verə bilərik Rövşən Nəcəfə. Gələn mövsümdən Premyer Liqada legioner limiti dəyişəcək - start heyətdə meydana 8 əcnəbi, 3 yerli çıxa biləcək. Belədə, xüsusən gənc yerli futbolçuların oyun praktikası qazanması müşkülə çevriləcək. Ona görə də, təklif edirik ki, Premyer Liqada klub sayı artırılsın, 12 olsun. U-21 millisi də komanda kimi Premyer Liqada çıxış etsin. Belə olsa, gənc futbolçularımız mövsümboyu gərgin mübarizənin içində olacaqlar, daha böyük sürətlərə uyğunlaşıb Avropada oynamağa alışacaqlar. Bu komandaya məşqçi seçiminə də həssas yanaşılmalıdır. U-21 millisi Premyer Liqaya buraxılacağı təqdirdə bu komandaya Tərlan Əhmədov, Adil Şükürov, Aftandil Hacıyev kimi təcrübəli mütəxəssislərdən biri rəhbərlik etməlidir. 

Eyni yanaşma digər yığmalarla bağlı da tətbiq olunmalıdır. U-19 I Liqada, U-17 II Liqada, U-16 millimiz də Gənclər Liqasında mübarizə aparmalıdır. Belədə, özlərindən böyüklərlə rəqabət aparmalı olan uşaqlar həm bərkiyəcəklər, həm də komanda kimi bir-birinə uyğunlaşıb dəst-xəttə sahiblənəcəklər. 

Dediklərimiz ilkin ideyalardır. Təbii ki, bunlar mütəxəssislər tərəfindən incələnməli, qüsursuz proqram halına salınıb tətbiq olunmalıdır. Qeyd edək ki, oxşar strategiya 10 il əvvəl Şimali Makedoniyada həyata keçirilib və nəticəsini də görüblər. 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
10
2
sportal.az

3Mənbələr