AZ

PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?

"Sosial sığorta alan şəxslərə ödədikləri sosial sığortaya əsasən pensiya versəydik, onlar 110 manatdan yuxarı pensiya almazdılar... Biz çox böyük sosial sığorta ilə bağlı amnistiyaya getmişik... Bu gün bizim pensiya sistemimiz çox humanistdir... Bu gün biz sığortanın prinsiplərini birəbir tətbiq etsək, şərtləri qat-qat sərtləşdirməliyik".

Bunlar Sahil Babayevin son çıxışından “seçmələrdir”.

Beləliklə, nazir hesab edir ki, Azərbaycanda əsasını vaxtilə hazırda korrupsiyaya görə həbsdə olan nazir Səlim Müslümovun qoyduğu pensiya sistemi çox humanistdir(!). Ancaq yəqin ki, tarixdə “humanizm” sözünün bu qədər təhrif olunduğuna, hörmətsiz, urvatsız vəziyyətə salındığına dair nümunə tapmaq çox çətindir. Minimum pensiyanın 280 manat, yəni 160 dollardan bir az çox, qiymətlərin isə ən inkişaf etmiş (pensiyaların ortalama 3000-4000 dollar olduğu) ölkələrdəki qədər, hətta bəzən ondan da baha olduğu Azərbaycanda pensiya sistemini necə “humanist” adlandırmaq olar axı?

 

 

 

Məsələn, Azərbaycanda vaxtilə(!) müqəddəs peşə sahibləri sayılan müəllimlərin pensiyalarına baxın. Müəllim onun maaşının 400-500 manat olmasına görə günahkar deyil. Bu, Sahil Babayevin də təmsil olunduğu hökumətin müəllimə rəva bildiyi, layiq gördüyü əmək haqqıdır və o da bu məblğdən pensiya kapitalı toplayıb, pensiyaya çıxandan sonra(yaşaya bilsə) həmin maaşa uyğun(300-400 manat) da pensiya almalıdır. Yəni, həmin “müqəddəs” müəllim az qala “dilənçi maaşı” aldığı kimi, “dilənçi pensiyası” da almağa məhkumdur.

İndi nazir bu müəllimin, yaxud eyni vəziyyətdə olan və dövlətdən qəpik-quruş maaş və pensiya alan digər vətəndaşın üzünə deyə bilərmi ki, bizim pensiya qanunu humanistdir?

Bu adamların nəyi nə xalqın səsinin, nə də seçiminin heç bir aidiyyatı olmayan və parlamentdə yatan bir çox deputatlardan əskikdir ki, onlardan 10 dəfə az pensiya alır, dərmana, ərzaqa möhtac qalırlar?

Niyə müəllim, fəhlə, satıcı və s. pensiya kapitalı yığmalı və bu yığıma uyğun qəpik-quruş pensiya almalı olduğu halda, deputat, prokuror, polis rəisi, hakim və digər vəzifəlilərə pensiya başqa cür hesablanmalıdır? Nəticədə zatən heç də ölkənin kasıb təbəqəsinə aid olmayan bu keçmiş vəzifəli şəxslər 4000-5000 manat pensiya alırlar.

Pensiyalarda 10 faiz artım ediləndə müəllim və digər az pensiya alanlar üçün bu, 30-50 manatı keçmir. Rəislərin, prokurorların, hakimlərin, deputatların və digər “seçilmişlər”in pensiyası 10 faiz artanda(400-500 manat) isə bu pensiyanın təkcə artım hissəsi müəllimin bütünlükdə aldığı pensiyadan çox olur. Budurmu “çox humanist pensiya qanunu”?

 

 

İndi müəllim, həkim və digər az maaşlı peşə sahibləri nə etsin? İndidən bütün gənclər getsin polis, prokuror, hakim, deputat olsun ki, yüksək pensiya alsın? Bəs başqa peşələrdə, hökumətin aşağı maaş verdiyi yerlərdə kimlər çalışsın?

Yaxud hökumət hər nə qədər guya şəffaflaşdırmağa çalışsa da, buna nail ola bilmədiyi özəl sektor olsun. Burada çalışanların çox böyük əksəriyyətinin maaşı rəsmi hesabatda sahibkar tərəfindən azaldılmış məbləğdə - minimum əmək haqqına uyğun göstərilir. Yəni, sahibkar məsələn, 1000 manat maaş verdiyi işçiyə 345 manat rəsmi əmək haqqı göstərir ki, DSMF-ə az pul ödəsin.

Əslində, sahibkar da bunu kefindən etmir. Sosial sığorta faizləri o qədər yüksəkdir ki, sahibkar maaşları olduğu kimi göstərsə, ya müflisləşməlidir, ya da satdığı məhsulun qiymətini artırmalıdır ki, bu xərcləri ödəyə bilsin. Lakin bu variantların heç biri məqbul deyil və bunun da ilk növbədə günahkarı yenə Babyevin də təmsil olunduğu hökumət və müvafiq vergi, sosial sığorta, pensiya qanunvericiliyini təsdiqləyən parlamentdir.

Ümumiyyətlə, olmazmı ki, neft-qaz ölkəsi olan Azərbaycanda pensiya yükünün əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürsün və bunu bütünlükdə vətəndaşın, zəif qeyri-neft sektoruna malik iqtisadiyyatın, inhisarçılıqdan, bahalı kreditlərdən, ağır vergi qanunvericliyindən, cərimələrdən və s. əziyyət çəkən özəl sektorun, sahibkarın üzərinə atmasın? Bunun üçün sadəcə, büdcə oğurluqlarını azaldıb, həmin vəsaitləri sosial sahəyə yönəltmək bəlkə də kifayət edərdi.

Təcrübə göstərir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru, özəl sektor hələ əhalinin yüksək maaş və pensiya təminatını reallaşdıra biləcək səviyyədə, potensialda deyil. Olduqca zəifdir. Odur ki, bu “humanist pensiya sistemi” daha inkişaf etmiş və güclü iqtisadiyyatlara yarayır, bizdəkinə yox...

Vətəndaşın hüquqsuzluğunu pensiya qanununun “humanistliyini” ifadə edən daha bir kobud misal göstərmək olar. Necə olur ki, kredit alan şəxs öləndə onun ailəsi kreditdən azad edilmir, məbləğ ailə üzvlərinə “yüklənir”, amma həmin vətəndaşın ölənə qədər yığdığı pensiya kapitalı onun ailəsinə verilmir, faktiki olaraq “batır”? Bəlkə sosial nazir bunu da pensiya qanunumuzun “çox humanist” olması ilə izah edə bilər?

Nazir deyir ki, pensiya qanunu daha sərt ola bilərdi. Yəni, zatən 280 manatla yarı-dilənçi kimi yaşayan pensiyaçını bundan da ağlar günə qoymaq, dilənçi edib küçələrə salmaq olardı! Marqlıdır, Azərbaycandakı nazirlərin hansının ətrafında, yaxınları, qohum-əqrabaları, hətta qulluqçaları arasında 280 manatla dolanan ahıl, imkansız adamlar var?

Normal hüquqi dövlətdə nazir postu həm də siyasi vəzifədir. Ancaq təəssüf ki, bizdə nazirlər də daxil olmaqla bir çox yüksək kürsülərdə oturan məmurlar öz vəzifələrinin ictimai, xüsusilə də siyasi yükünü anlamaqda çətinlik çəkirlər. Buna görə də danışmağı bacarmırlarsa, heç olmasa susmağı öyrənmələri pis olmazdı..

 

 

Belə açıqlamaların, bəyanatların əhalinin həssas təbəqələrində qıcıq yaratdığını ya görmürlər, ya görməzdən gəlirlər, ya da reallıq hissini itirdiklərindən heç o təbəqə tərəfə baxmırlar belə.

Milyonluq villalarda yaşayıb, yüz minlərlə qiyməti olan avtomobillərdə gəzib 280 manat pensiya alan ahıla “pensiya qanununumuz humanistdir, bundan daha sərt ola bilərdi” kimi açıqlamalar vermək kənardan heç də “humanizmin ən parlaq nümunəsi” kimi görünmür.

Bu adamlara izah edən lazımdır ki, pensiyaçı, əlil, xəstə, yoxsul adamlarla mühasib, maliyyəçi, eyni zamanda da qadağa, minnət və s. dilində danışmaq olmaz. Bu insanlar əhalinin həssas sosial təbəqəsini təşkil edir, onların əksəriyyətinin Azərbaycanın labirinti xatırladan pensiya hesablanması sistemindən heç anlayışı yoxdur və zatən sosial vəziyyətləri ağırdır.

Bir də üstəlik “şərtləri qat-qat sərtləşdirə bilərdik” deyib minnət qoymaq onları daha da aşağılayır. Bunun isə “humanizm” ilə heç bir əlaqəsi yoxdur...

Cəlal Məmmədov

“AzPolitika.info” 

 

Seçilən
35
1
turanpress.com

2Mənbələr