AZ

“Bayer”də Viktor Bonifase şoku - yenə sıradan çıxdı

Futbol üzrə Nigeriya yığma komandasının və Almaniya çempionu “Bayer”in hücumçusu Viktor Bonifase uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, Nigeriya yığmasının düşərgəsində zədələnib.

Bonifase DÇ-2026-nın seçmə mərhələsinin Ruanda (1:2) ilə qarşılaşmasında zədə alıb. Ona bud əzələsinin yırtığı diaqnozu qoyulub.

Bu informasiyanı Nigeriya Futbol Federasiyası təsdiq edib. Futbolçunun ən azı bu ilin sonuna kimi komandasına kömək edə bilməyəcəyi bildirilir.

Xatırladaq ki, Bonifase yanvarda Nigeriya yığmasının heyətində zədələnmiş və təxminən 2 ay yaşıl yaşıl meydanlardan uzaq qalmışdı.

Viktor Bonifase Nigeriyanın “Real Sapfir” klubunun yetirməsidir. Avropa karyerasına Norveçin “Bodo Qlimt” klubunda başlamış Viktor buradan Belçikanın “Yunion Sent-Jilluaz” klubuna keçib. 2023-cü ilin iyulunda isə “Bayer” 20,5 milyon avro müqabilində Bonifaseni öz heyətinə qatıb. Bonifasenin “əczaçılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Bonifase “Bayer”in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 8 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun Leverkuzen klubundakı karyerası bütövlükdə 49 oyun, 29 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Vurğulayaq ki, Viktor “əczaçılar”ın əsas oyunçularından biridir. O, bu klubla Almaniya çempionu olub, eləcə də Almaniya Kubokunun və Almaniya Super Kubokunun baş mükafatına sahib çıxıb.

Viktor Bonifase 2023-cü ilin sentyabr ayında debüt etdiyi Nigeriya yığma komandasının heyətində 11 oyuna çıxıb. O, bu oyunlarda 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr