AZ

Üçüncü dünya müharibəsinə doğru?

Ukrayna böhranı və Qərb–Rusiya ziddiyyətlərinin “raket mərhələsi”

Ukraynanın Böyük Britaniyadakı səfiri, ölkənin Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Üçüncü dünya müharibəsinin başlandığını bildirib. Cənab Zalujnı fikrini “Rusiyanın avtokratik müttəfiqlərinin müharibəyə bilavasitə qoşulması” ilə izah edib.

“Çünki 2024-cü ildə Ukrayna ilə üz-üzə gələn təkcə Rusiya deyil. Şimali Koreyadan olan əsgərlər Ukraynanın qarşısındadırlar. Gəlin, səmimi olaq. Artıq Ukraynada İran “Şəhidləri” (pilotsuz uçuş aparatları nəzərdə tutulur – red.) heç bir tərəddüd etmədən, tamamilə açıq şəkildə dinc insanları qətlə yetirirlər”, – deyən səfir Şimali Koreya istehsalı olan raketlərin də artıq Ukraynada uçuşlar gerçəkləşdirdiyini və bunun açıq şəkildə bəyan edildiyini, həmçinin Ukraynada Çin mərmilərinin partladıldığını, Rusiya raketlərində Çin hissələrinin istifadə olunduğunu vurğulayıb.

Zalujnının fikrini əsaslandırmaq üçün başqa nələri diqqətə çatdırmasından danışmağa lüzum görmürük. Aydındır ki, ABŞ-da keçirilmiş Prezident seçkilərindən sonra Ukrayna müharibəsinin miqyası genişlənib. Bunun ilkin simptomları da var idi. Məsələn, təxminən, bir həftə əvvəl ABŞ-nin fəaliyyətdə olan dövlət başçısı Co Bayden Ukraynanın Rusiyaya qarşı ATACMS uzaqmənzilli raketlərinin istifadəsinə icazə vermişdi. Bu qərardan sonra Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatlar yayılmışdı. Bildirilmişdi ki, Parisin və Londonun bilavasitə “SCALP” və “Storm Shadow” raketləri ilə Rusiyaya hücumlara razılığı var. Ardınca Almaniyanın müdafiə naziri Boris Pistoriusun belə bir açıqlaması yayılmışdı: “Mən çox şadam ki, (Ukraynaya – red.) süni intellektli hücum dronlarının çatdırılmasına başlanılır. Bu silahlar Ukrayna silahlı qüvvələrinin komanda məntəqələri və ya logistika obyektləri kimi Rusiyanın yüksək prioritetli hərbi obyektlərinə zərbələr endirməsinə imkan verəcək”.

Nəhayət, noyabrın 19-da Rusiyanın Bryansk vilayəti Ukrayna Silahlı Qüvvələri tərəfindən ATACMS hücumuna məruz qaldı. Bu, müharibənin gedişində bir ilk idi. Söhbət Ukraynanın Qərb istehsalı olan raketlərdən istifadəsindən gedir. Noyabrın 21-də isə Rusiya Britaniya istehsalı olan iki “Storm Shadow” qanadlı raketinin hücumunu dəf etdi. Ölkə Prezidenti Vladimir Putin həmin raketlərin Kursk vilayətindəki komanda məntəqəsinə hücum gerçəkləşdirmək niyyəti ilə buraxıldığını açıqladı. Kreml rəhbərinin başqa nələri dediyinə diqqət yetirəcəyik.

Bəli, aydındır ki, Qərb Ukrayna müharibəsinin miqyasını genişləndirmək niyyətindədir. Bunun isə cavabı olmalı idi və cavab özünü çox gözlətmədi. Söhbət Rusiyanın Ukrayna ərazisini yeni ortamənzilli raket sistemlərindən biri olan “Oreşnik” adlı qeyri-nüvə ballistik raketi ilə atəşə tutmasından gedir. Bunu Prezident Putin də təsdiqlədi. Nəinki təsdiqlədi, eyni zamanda, Kreml rəhbəri ölkəsinin Qərbin hərəkətlərinə cavab verdiyini açıqlayaraq, bir növ, hədə-qorxu dolu mesajlar səsləndirdi. Putinin sözlərinə görə, müasir raketdən müdafiə sistemləri, o cümlədən Avropadakı Amerika sistemləri “Oreşnik” kimi raketlərin qarşısı almaq iqtidarında deyil. Ən əsası isə Putin Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə endirilməsinin Ukraynadakı münaqişəyə qlobal xarakterli xüsusiyyətlər qazandırdığını önə çəkdi. “Biz özümüzü, silahlarımızı obyektlərimizə qarşı silahlarından istifadə etməyə icazə verən ölkələrin hərbi obyektlərinə tuşlamaq hüququna malikik”, – deyən Kreml rəhbəri əlavə edib ki, münaqişə daha da gərginləşərsə, Qərbin təxribatçı siyasəti ağır nəticələrə gətirib çıxaracaq.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın raket zərbəsinin Cənub maşınqayırma zavodunu hədəf aldığını təsdiqləyib. Bu, Ukraynanın Dneprdə yerləşən, raket və kosmik texnologiya istehsalı üzrə böyük müəssisəsidir. Ukrayna tərəfi qitələrarası ballistik raketin Həştərxan vilayəti ərazisindən buraxıldığını açıqlayıb. Putinin Ukraynanın Rusiya ərazisinə zərbə endirən hücumlarının gerçəkləşməsinə baiskar olan, yəni birincini silahla təmin edən ölkələrin də Kremlin hədəfində olduğunu vurğulaması isə kifayət qədər, ciddi məsələdir. Görünür, bu səbəbdəndir ki, Avropa İttifaqının 20-yə yaxın üzv ölkəsi əməkdaşlığın intensivləşdirilməsi və ümumi müdafiə sistemlərinin inkişafı xərclərinin bölüşdürülməsi haqqında razılığa gəlib. Onlar Avropanın hava və raketdən müdafiə imkanlarının gücləndirilməsinin hazırda Aİ çərçivəsindəki hərbi əməkdaşlığın prioritetlərindən olduğunu açıqlayıblar. Məsələ barədə izah verən Polşanın Milli müdafiə üzrə dövlət katibi Pavel Ksaveri Zalevski bunları deyib: “Söhbət raket və dron əleyhinə sistemlər də daxil olmaqla, bütün imkanlardan gedir. Bu, mühüm məqamdır, çünki hava üstünlüyü müharibənin gedişatını müəyyən edir”.

Onu da deyək ki, hava hücumundan və raketdən müdafiə sistemləri Avropanın aparıcı paytaxtlarının marağına səbəb olub. Avropa Müdafiə Agentliyi (EDA) isə daha üç savaş cəbhəsini təklif edib. Bunlar Aİ-yə 14 üzv dövlətin iştirakı ilə elektron müharibə, 17 dövlətin iştirakı ilə üzən döyüş sursatları və 7 dövlətin iştirakı ilə Avropa döyüş gəmiləridir. İndiki şəraitdə istər-istəməz, düşünməyə əsas yaranır və əvvəldə fikirlərini diqqətə çatdırdığımız Valeri Zalujnının dediklərində həqiqət payının böyüklüyü təsdiqlənir.

Güman edirik, Birinci və İkinci dünya müharibələrinin bəşəriyyəti düçar etdiyi faciəli durumları yenidən təsəvvürə gətirməyə ehtiyac yoxdur. Əsəblərin tarıma çəkildiyi bir vaxtda səfir Zalujnı, sanki, belə də olmalıymış kimi, “Xoş gördük Üçüncü dünya müharibəsi” ifadəsini işlədirsə, deməli, qarşı duran tərəflər mövcud xüsusdakı prosesləri, bir növ, proqnozlaşdırıblar. Sadəlövh təsir bağışlasa da, belə bir sual səsləndirək: İnsanlığın gələcəyini düşünən varmı? Hansısa qüvvə savaşın lokallaşdırılmasını, yaxud tamamilə bitməsini təmin edə bilərmi? Aydındır ki, Rusiya geri addım atmayacaq. Moskva onsuz da 1998-ci ildən başlayaraq mövqelərini əldən verməkdə, Qərb isə onun üstünə gəlməkdədir. Yəni, birincinin artıq geri çəkilmək yeri yoxdur, limiti tam tükənib.

Bəs ABŞ? Birləşmiş Ştatlar dünyada körüklədiyi anti-Rusiya ovqatından daşınacaqmı? Bu suallar fonunda yada bir obraz gəlir – ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp. Nəzərə alaq ki, seçkiqabağı təbliğat dövründə Trampı populyarlaşdıran ən başlıca tezis onun Rusiya–Ukrayna müharibəsinə son qoyacağı ilə bağlı idi. Hazırda cərəyan edən proseslərin yeni seçilmiş dövlət başçısını fakt qarşısında qoyması təəssüratı yaranır. Sanki, kimlərsə Trampın vədinin yerinə yetirilməməsi üçün zəmin hazırlayır.

Zəmindən söz düşmüşkən, V.Putinin açıqlamasına Trampın komandasından reaksiya gəlib. Onun seçki kampaniyasının sözçüsü Karolin Leavitt bildirib ki, yeni seçilmiş Prezident dünyada sülhü bərpa etməyə çalışacaq, lakin Amerikanın gücünə də diqqət yetirəcək: “Amerika xalqı Trampı yenidən prezident seçdi. Çünki onun ölkəyə rəhbərliyi həyata keçirəcəyinə və dünyada sülhü güc yolu ilə bərpa edə biləcəyinə inanır. O, Ağ evə qayıdanda bunun üçün lazımi tədbirləri görəcək”.

Sonda qeyd edək ki, Karolin Leavittin “dünyada sülhü güc yolu ilə bərpa etmək” məntiqi suallar doğurur. Görəsən, Tramp vədindən geri çəkiləcək? Nəzərə alaq ki, belə bir durum yaransa, Rusiya–Ukrayna müharibəsinin Üçüncü dünya müharibəsinə çevrilmə perspektivi daha real mahiyyət daşıyacaq.

Hər bir halda, Trampın komandasının gözləmə mövqeyində dayanacağını söyləyə bilərik. Bu mövqenin ömrü 2025-ci il yanvarın 20-dəkdir. Yəni, Birləşmiş Ştatların yeni Prezidentinin öz səlahiyyət müddətinin icrasına başlamasınadək. Həmin vaxtadək Rusiya təzyiqlər qarşısında duruş gətirsə, Tramp seçki kampaniyası müddətində verdiyi sözü tutmağa, daha dəqiq desək, Putinlə dil tapmağa üstünlük verəcək və bunun üçün hansısa diskomfort hiss etməyək. İndilik isə bəşəriyyət Üçüncü dünya müharibəsi olaraq qiymətləndirilən proseslə, yəni, qoca Conun sonuncu güllələri buraxması reallığı ilə barışmalıdır.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr