AZ

Samir Abdullayev “Ayın qolu” layihəsinin qalibi oldu, mükafat aldı

Premyer Liqada “Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan Samir Abdullayev mükafatlandırılıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, mükafatları Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail” – “Qarabağ” görüşündən əvvəl PFL-in Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.

Xatırladaq ki, PFL-in rəsmi “Facebook” hesabında paylaşılan 5 qol arasında “Səbail”in üzvü Samir Abdullayevin oktyabrın 19-da 10-cu tur çərçivəsində “Neftçi”yə vurduğu qol ən çox emoji toplayıb. Hücumçu 71-ci dəqiqədə meydana daxil olub, 90+3-cü dəqiqədə komandasının təsəlli qoluna imza atıb. “Neftçi”nin meydanında baş tutan qarşılaşma “Səbail”in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümündə “Ayın qolu” layihəsinin ilk qalibi “Sumqayıt”ın futbolçusu Kamran Quliyev olub. Onun Premyer Liqanın 3-cü turu çərçivəsində “Səbail”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı (avqust) seçilib. Sentyabr ayında isə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Dias (Benni) ən yaxşı seçilib. Premyer Liqanın 6-cı turunda “Kəpəz”ə vurduğu qol sayəsində mükafata layiq görülmüşdü.

Samir Abdullayev keçmiş “Keşlə” (indiki “Şamaxı”) klubunun yetirməsidir. 22 yaşlı forvard “Səbail”ə 2022-ci ilin yayında “Şamaxı”dan keçib. O, paytaxt klubunun heyətində cari mövsümdə 13 oyuna çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub. Gənc hücumçu “Səbail”də bütövlükdə 62 oyun keçirib, 3 qol və 3 assistlə yadda qalıb.

Seçilən
20
arena.az

1Mənbələr