AZ

Rusiya rəsmisi: “Biz dəli deyilik”

Medvedev ölkəsinin nüvə müharibəsinə başlamaq istəmədiyini açıqladı


Rusiya–Ukrayna müharibəsində raket həmlələrinin intensivləşdiyi vaxtda Moskvadan nüvə müharibəsinə başlamayacaqları barədə məlumatlar gəlir. Belə ki, əvvəllər dəfələrlə Qərbi nüvə silahı ilə hədələyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gözlənilmədən ritorikasını dəyişib. O, “Al Arabiya” telekanalına müsahibəsində bildirib ki, Rusiya nüvə müharibəsi başlatmaq istəmir: “Bunun nə vaxtsa baş verməsini istəməzdik. Rusiya rəhbərliyində dəli adamlar yoxdur”. 

D.Medvedev Moskvanın nüvə silahından istifadəyə yalnız “son çarə” kimi baxdığını vurğulayaraq, onların istifadə həddinin “ortaya çıxan risklər” nəzərə alınaraq yenidən nəzərdən keçirildiyini qeyd edib. Eyni zamanda, o, Ukrayna münaqişəsində “tam iştirak edən” NATO-dan şikayətlənib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib ki, müharibə bitə bilər, lakin alyans hərbi əməliyyatları “təhrik etməyi dayandırmalıdır”. 

Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri D.Medvedev Qərbi dəfələrlə nüvə müharibəsi ilə hədələmişdi. Onun nüvə zərbəsi ilə hədələdiyi dünya paytaxtları arasında Vaşinqton, Paris və Londonun adı çəkilirdi. Vaşinqtonun Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün ABŞ-nin uzun mənzilli raketlərindən istifadəsini təsdiq etmək qərarından sonra D.Medvedev üçüncü dünya müharibəsinin başlandığını demişdi. Ancaq Qərbdə onun açıqlamalarının ciddi reaksiya doğurduğundan Moskva məsələyə reaksiya verməyə məcbur oldu. Rusiyalı rəsmilər Medvedevin bəyanatlarının Kremlin rəsmi mövqeyini əks etdirmədiyini bildirdi.

Xatırladadaq ki, noyabrın 19-da Vladimir Putin Rusiyanın yeni nüvə doktrinasını təsdiqləyib. Sənədə əsasən, Moskva pilotsuz təyyarələrin, qanadlı raketlərin hücumlarına cavab olaraq və ya ərazisinin bir hissəsini itirmək təhlükəsi yarandıqda nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

Bu dəyişikliklər Qərbdə müxtəlif reaksiya doğurub. ABŞ Strateji Komandanlığının kontr-admiralı Tomas Byukenan deyib ki, Amerika nüvə mübadiləsinə hazırdır. Pentaqonun nüvə siyasəti üzrə köməkçisinin müavini Riçard Conson isə əlavə edib ki, Birləşmiş Ştatlar öz nüvə imkanlarını artırmağa və modernləşdirməyə davam edəcək. Fransanın xarici işlər naziri Jan-Noel Barrot Rusiya doktrinasını şərh edərkən, Parisin Putinin nüvə təhdidlərindən qorxmadığını vurğulayıb. Onun sözlərinə görə, Qərb artıq iki ildən artıqdır ki, Moskvanın NATO-ya təzyiq göstərməyə çalışdığı Rusiyanın “təhdidlərinə” öyrəşib. 

Noyabrın 22-də Putin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya hərbi-sənaye kompleksinin nümayəndələri və raket istehsalçıları ilə görüşərək, Rusiyanı “şantaj etməyə çalışanlara” cavab olaraq “Oreşnik”in buraxılışını “uğurlu” adlandırıb. V.Putin bildirib ki, “Oreşnik” qabaqcıl texnologiyalara əsaslanır, sovet raketlərinin modernləşdirilməsi deyil, artıq kütləvi istehsala hazırlanır. Rusiya Raket Qüvvələrinin komandanı, general-polkovnik Sergey Karakaev vurğulayıb ki, raket bütün Avropadakı hədəfləri vurmağa qadirdir, dünyada analoqu yoxdur.

Amerika və Ukrayna mediası isə qeyd edir ki, “Oreşnik” prinsipial olaraq yeni silah deyil. Pentaqon rəsmiləri bunun RS-26 Rubej qitələrarası raketinə əsaslanan orta mənzilli raket olduğunu təsdiqləyib. Pentaqonun sözçüsü Sabrina Sinq də Rusiyanın əvvəlki hücumlarında böyük döyüş başlıqlarına malik raketlərdən istifadə etdiyini vurğulayıb.

Ukrayna hərbi kəşfiyyatı “Oreşnik”in Yars ICBM bazasında hazırlanmış “Kedr” raket layihəsinin kod adı olduğunu ehtimal edir. Baş kəşfiyyat idarəsinin rəisi, general-leytenant Kirill Budanov qeyd edib ki, “Kedr” raket layihəsinin inkişafı 2018–2019-cu illərdən bəri davam edir. Beynəlxalq araşdırma mərkəzləri müstəqil olaraq bu iddiaları təsdiq edə bilmədiklərini açıqlayıblar, ancaq 21 noyabr raket zərbəsinin Rusiyanın yeni imkanlarını nümayiş etdirmədiyi fikri ilə də razılaşırlar.

S.ELAY 
XQ

 

Seçilən
27
xalqqazeti.az

1Mənbələr