AZ

Beşinci sosial islahat paketi

2025-ci ildə 3 milyon insanı əhatə edən geniş sosial müdafiə tədbirləri həyata keçiriləcək

2025-ci ilin dövlət və icmal büdcələrində nəzərdə tutulan artımlar sosial çağırışlara cavab verməklə, növbəti sosial paketin icarı üçün güclü maliyyə təminatı yaradır. Dövlət büdcəsində növbəti il üçün sosialyönümlü xərclərin həcmi 16,9 milyard manat məbləğində müəyyən edilib ki, bu, əvvəlki illə nisbətdə 1 milyard manatdan çoxdur. Büdcədə təkcə, sosial müdafiə, sosial təminat xərcləri 4,8 milyard manat nəzərdə tutulub. Həmçinin, büdcə zərfinin bir hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərcləri 7,7 milyard manat məbləğində proqnozlaşdırılıb. Beləliklə, birbaşa büdcə vəsaiti və büdcədənkənar fondun (DSMF) birgə maliyyələşdirməsi sayəsində 2025-ci ildə sosial müdafiə və təminat üzrə 12,5 milyard manat həcmində böyük mənbə formalaşacaq. Bu isə növbəti ildə yeni və böyük bir sosial kateqoriyanı əhatə edən sosial paketin icrasına imkan verəcək.

Prezidentin tapşırığına əsasən...

Qeyd edək ki, Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizin iqtisadi imkanlarının artması nəticəsində vətəndaşların sosialyönümlü rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atıldığına diqqət çəkərək bu sosial siyasətin növbəti illərdə də davam etdiriləcəyini bildirib. Dövlət başçısı bu siyasət tədbirləri çərçivəsində 2025-ci ildə minimum əməkhaqqı və pensiyaların artırılacağının anonsunu verib.

Minimum əməkhaqqı, minimum pensiya və digər pensiyaların, eləcə də müavinətlərin artırılması ilə bağlı məsələlər Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı da əsas diqqətçəkən məqamlardan biri olub. Baş nazir Əli Əsədov vurğulayıb ki, 2024-cü ilin ötən dövrü ərzində əlverişli xarici mühit və ölkəmizdə iqtisadi aktivliyin davam etməsi, o cümlədən qeyri-neft-qaz sektorunun bütün sahələrində müsbət artım templərinin müşahidə edilməsi sayəsində iqtisadiyyatda əhəmiyyətli inkişaf dinamikası qeydə alınıb. Ümumi daxili məhsulun artımı qənaətbəxşdir, eyni zamanda ölkənin 73 milyard dollar həcmində strateji valyuta ehtiyatları formalaşıb. Həmçinin iqtisadi aktivlikdən qaynaqlanaraq müsbət makro-fiskal çərçivə yaranıb, dövlət büdcəsinin daxilolmaları artır, bu amillər 2024-cü ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığını tam təmin edəcək, eləcə də növbəti ilin büdcə yığımları üçün dərin zəmin yaradacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsində bildirib ki, növbəti ildə böyük sosial islahat paketinin həyata keçirilməsi üçün müvafiq hzırlıq işləri aparılır. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda, sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə, pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Bu məqsədlə gələn il əhatəli sosial strategiyanın icrasına 2,6 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Həmin vəsait hesabına 3 milyona qədər insanı əhatə edən sosial islahat paketi icra olunacaq.

Maliyyə naziri Samir Şərifov da artımlarla bağlı mesajının çatdıraraq bildirib ki, dövlət başçısının müvafiq tapşırığına əsasən, maaşların və sosial müavinətlərin artırılması istiqamətində zəruri tədbirlər görülür.

Orta aylıq pensiyanın 535 manat olacağı proqnozlaşdırılır

Beləliklə, gələn sosial paket çərçivəsində ilk növbədə, 1 milyondan çox insanın sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaq pensiyaların artımı gerçəkləşəcək. Əmək pensiyalarının məbləği 2 aydan sonra ölkədəki orta aylıq əməkhaqqının yekun artımına əsasən müəyyənləşəcək. 2024-cü il oktyabrın 1-i vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 993 manat təşkil edib. İlin sonunda bu rəqəmin 10-11 faiz civarında artacağı gözlənilir. Bu ssenari üzrə ölkədə pensiayaların artımı da eyni həcmdə olacaq. İkirəqəmli pensiya artımının orta aylıq faiz məbləği təxminən 50-60 manat təşkil edəcək. Belə ki, hazırda ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 485 manat təşkil edir. Növbəti ildə artımdan sonra bu rəqəmin 535-536 manat olacağı proqnozlaşdırılır. Yaşa görə pensiyanın orta aylıq məbləğinin isə 571 manata yüksəlməsi fərz edilir.

Bununla yanaşı, dövlət başçısının müvafiq tapşırığına əsasən, pensiyaların baza hissəsinin də artımı gözlənilir ki, belə olduqda pensiyalar daha çox artmış olacaq. Xüsusilə də minimum pensiya, əlilliyə görə pensiya və digər təyinatlı pensiyaların və müavinətlərin də artımı nəzərdə tutulur. Bu artımların məbləği də yaxın günlərdə büdcə zərfi ilə bağlı bütün təfərrüatlar öz həllini tapdıqdan sonra müəyyənləşəcək.

Minimum əməkhaqqı 400 manata çatdırılır

Büdcə layihəsində minimum əməkhaqqı məbləğinin 400 manat olacağı öz əksini tapıb. Bu isə ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artımı da təmin olunacaq. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının misliləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri VTC-dən irəli gələn tələblərə uyğunlaşdırılır. Bu o deməkdir ki, 2025-ci ildə minimium əməkhaqqının artmasından sonra ölkəmizdə 400 min dövlət, qeyri-dövlət sektorunda çalışan 400 min insanın da əməkhaqqı artmış olacaq.

Ötən 5 ildə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial paket

Azərbaycan dövləti tərəfindən ardıcıl sosialyönümlü siyasət həyata keçirilir. Yürüdülən dövlət siyasətinin ən mühüm prioritetlərindən biri sosial müdafiə və sosial təminat sahəsində ölkədə aparılan islahatların genişləndirilməsi, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Dövlət başçısının tapşırığı əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub.  4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahat paketlərinə dövlət 7 milyard manata yaxın vəsait yönəldib. Bu tədbirlər sayəsində qeyd edilən dövrdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata,  minimum aylıq pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə,  sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib.

Beləliklə, 2025-ci ildə dövlətin maliyyə imkanlarının artması sayəsində büdcədə əsas prioritetlər sırasında yer alan əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi formalaşmış olacaq. Növbəti sosial islahat paketinin həyata keçirilməsi ölkədə əhalinin rifah halının və sosial təminatının və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əvvəlki illərdə aparılan sosial qayğı strategiyasının mühüm tərkib hissəsi hesab edilə bilər.

E.CƏFƏRLİ

Seçilən
23
yeniazerbaycan.com

1Mənbələr