AZ

Sülh danışıqları dayana bilərmi?



Ermənistan COP29-a qatılmadı. Halbuki rəsmi İrəvana dəvət göndərilmişdi. Hətta bu baş versə idi, COP29-un ən böyük hadisəsi ola bilər.

Ermənistan COP29-a qatılması hər şeydən öncə iki ölkə arasında etimad mühitini artırar, sülhə olan inamı bir az da gücləndirərdi. Bu baxımdan Ermənistan tarixi bir fürsəti əldən verdi.

Ermənistan COP29-a qatılmadığı kimi bunu rəsmi səviyyədə də açıqlamadı. Bu da öz növbəsində açıq suallar yaradır. İrəvanın tərəddüdü həm daxili siyasi vəziyyət, həm də xarici havadarlarının istəyi ilə ola bilər. Lakin görünən odur ki, İrəvan narahatdır. Xüsusilə də COP29-a qatılmamasını sülhə zərər verməsini istəmir.

Misal üçün, Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib ki, növbəti iclasda Ermənistan və Azərbaycan dövlət komissiyaları sərhədin hansı hissəsinin demarkasiyasına başlanacağına qərar verəcəklər.

O, xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar sərhədin hansı hissələrinin demarkasiyasının davam etdirilməsi ilə bağlı qarşılıqlı əsasda təkliflər vermək barədə razılığa gəliblər:

“Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi isə öz yanaşmalarını təqdim edib. Növbəti iclasda prosesin harada davam edəcəyinə qərar veriləcək. Məlum olduğu kimi, Azərbaycanda beynəlxalq konfrans keçirilir və ən azı belə bir anlayış var ki, bu proseslər COP29-dan sonra davam edəcək” – Paşinyan deyib.

Göründüyü kimi, Paşinyan pozitiv mesajlar verərək COP29-dan sonra sülhün davam etməsini istəyir. Prinsip etibarilə Azərbaycan sülh gündəliyindən uzaqlaşmayıb.

Vəziyyəti gərginləşdirəcək əsas da yoxdur. Düzdür, Ermənistanın dəvətə müsbət, yaxud mənfi cavab verməməsi etimadı müəyyən qədər zədələyir, amma 30 illik danışıqlara baxdıqda hazırda gəlinən nöqtə də pozulmayacaq qədər qiymətli və mühümdür.

Mümkündür ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanmayacaq. Lakin 2025-ci ildə sülh danışıqlarında intensivləmə və yenilik olacaq. Rəsmi Bakı bu il üçün kifayət qədər diplomatik uğur qazanıb. Münaqişə tarixində bu qədər irəliləyiş olmamışdı. Buna görə də proseslərin 2025-ci ildə davam etməsi istisna deyil.

Turan Rzayev, politoloq
Seçilən
17
newscenter.az

1Mənbələr