Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri gecə yarısından etibarən Rusiyadan atılan 73 pilotsuz təyyarəsindən (PUA) 50-ni uğurla vurub, əlavə 19 PUA isə, ehtimal ki, elektron əks tədbirlərə görə radarlardan itib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri “Telegram”da yazıb.
Qeyd edilib ki, 24 noyabr 2024-cü il yerli vaxtla saat, təxminən 00:30-dan başlayaraq Rusiya qüvvələri Oryol və Bryansk vilayətlərindən “Şahed” pilotsuz təyyarələri və naməlum PUA-dan istifadə edərək hücuma keçib.
Ümumilikdə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Rusiyanın 73 PUA-sı aşkar edilərək izlənilib.
İrimiqyaslı PUA hücumunun dəf edilməsinə Ukrayna Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket bölmələri, elektron müharibə və mobil atəş qrupları cəlb edilib.
Saat 09:00-a qədər hava hücumundan müdafiə qüvvələri Kiyev, Çerkassı, Kirovohrad, Çerniqov, Sumı, Poltava və Jitomir vilayətlərində Rusiyanın 50 pilotsuz təyyarəsini vurub.
Məhv edilmiş PUA-lardan əlavə, ehtimal ki, Ukrayna qüvvələrinin həyata keçirdiyi elektron müharibəyə qarşı tədbirlər nəticəsində 19 PUA radardan itib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”