ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə vermək qərarının nəticələrindən narahatdır...
Poliqon xəbər verir ki, bunu Trampın gələcək milli təhlükəsizlik müşaviri, konqresmen Mayk Uols Fox News-a müsahibəsində bildirib.
“Seçilmiş prezident eskalasiyadan və bunun hara getməsindən çox narahat olub” deyə Uols seçilmiş prezidentin son hadisələrə baxışı ilə bağlı suala cavabında bildirib.
Trampın müşaviri vurğulayıb ki, ABŞ bu addımı guya Şimali Koreyanın öz əsgərlərini münaqişədə iştirak etmək üçün göndərməsinə cavab olaraq atıb.
“Rusiya da buna reaksiya verdi. İran bu işdə iştirak edir. Cənubi Koreya işə qarışmağı düşünür. İndi müttəfiqlərimiz də raketlərinin uçuş məsafəsini artırıblar”, deyə Uols yaranmış vəziyyəti izah etməyə çalışıb.
“Biz bu işləri məsuliyyətlə görməliyik. Biz çəkindirmə yolu ilə sülhü bərpa etməli və eskalasiyanın qarşısını almalıyıq”, deyə Uols fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Uols daha əvvəl bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası 2024-cü ilin sonuna kimi Ukraynadakı münaqişənin həlli üçün hazırkı administrasiya ilə işləməyə başlayacaq.
Poliqon.info