AZ

Kəlbəcərdə yaşıl şəhər mühitinin yaradılması nəzərdə tutulur- ÖZƏL

"Bu gün Azərbaycan dövləti Kəlbəcər rayonunun bərpası istiqamətində mühüm işlər görür. Prezident İlham Əliyev işğaldan azad edildikdən sonra Kəlbəcərə ilk səfəri zamanı Dövlət Bayrağını ucaldıb, eləcə də bir sıra təməllər atıb, görülən işlərlə tanış olub. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq", - deyən Pərvin Kərimzadə əlavə edib ki, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binası inşa edilir. Burada 112 mənzildə, ümumilikdə, 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Prezident İlham Əliyev bu ilin sentyabrında Kəlbəcərə səfəri zamanı yaşayış məhəlləsinin tikintisi ilə tanış olub. Eləcə də, bir sıra obyektlərin açılışı, o cümlədən "İstisu" mineral su zavodunun açılışı olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr