AZ

Səhiyyə Nazirliyi inşaat firmasından 2.3 milyonluq mebel alır

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdriyyəti növbəti tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirlik Şuşa Rayon Mərkəzi Xəstəxanasının mebel və inventarla təchiz edilməsi müsabiqəsinin qalibini elan edib.
Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi “Fərid-İnşşat” Firmasıdır. Mebel və inventarların alınması üçün nazirlik firmaya 2.341.758,5 manat vəsait ödəyəcək.
Qeyd edək ki, “Fərid İnşaat” Firması sözügedən xəstəxananın tikintisini də həyata keçirib. Belə ki, 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinin ikinci mərhələsi isə nazirliyə 21 424 488 manata başa gəlib.
Maraqlı məqamlardan biri də odur ki, eyni işin birinci mərhələsi üçün Səhiyyə Nazirliyi Fərid-İnşaat firması ilə 41 milyon manat ödəyib. Nəticədə, 90 yerlik Şuşa Xəstəxanası dövlətə 62 milyon manata başa gəlib.
Açıq mənbələrdə qeyd edilir ki, Fərid İnşaat Firması 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sübhan Həsənov Ələsgər oğludur. Hüquqi ünvanı isə AZ0900, Bərdə Rayonu, Bərdə Şəhəri, Nizami, ev 6/33-də yerləşir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Nəzərinizə çatdıraq ki, “Fərid-İnşaat” Firması Səhiyyə Nazirliyinin bir çox müəssisələrinin də tikintisini həyata keçirib. Məlumatlarda qeyd edilir ki, bu firma hələ 2019-cu ildə Səhiyyə Nazirliyinin əksər müəssisələrində təmir işləri həyata keçirib. Məsələn, həmin il Səhiyyə Nazirliyi Samux rayonunda yeni mərkəzi xəstəxananın tikintisini reallaşdırıb. “Fərid inşaat” firması ilə bununla bağlı 6 852 838 manatlıq müqavilə bağlanılıb.
Tribunainfo.az onu da vurğulayır ki, bu firma təkcə, Səhiyyə Nazirliyi ilə yaxın sayılmır. Həmçinin Təhsil Nazirliyi ilə də tender məsələsində rahatlıqla anşala bilir. Məsələn, bu ilin oktyabrında nazirlik respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasını “Fərid” Firmasına həvalə edib. Bununla əlaqədar tərəflər arasında 7.255.232,45 manatlıq satınalma müqaviləsi imzalanıb. Ötən ilin dekabrıda isə “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” prosesini də həmin firma ilə həyata keçirib. Həmin vaxt şirkətlə 1 826 877 manat məbləğində müqavilə imzalanıb.

Seçilən
14
tribunainfo.az

1Mənbələr