AZ

“Onların hücum etdiyi ərazi cəsədlərlə doludur” – Rusiya Kursku qaytarmaq üçün ağlasığmaz qurbanlar verir

Rusiya sülh danışıqlarında Kiyevin əlindəki qiymətli sövdələşmə alətini ondan almaq üçün Donald Trampın andiçmə mərasimindən əvvəl Kursk bölgəsini geri qaytarmağa çalışır. Ukraynalı döyüşçülərin “The Wall Street Journal”-a verdiyi məlumata görə, ruslar bölgədə elə intensiv hücum edirlər ki, onlar bəzən döyüşdə öldürülən yoldaşlarının cəsədlərini ayaqlayaraq irəli getməyə çalışırlar.

Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının batalyon komandiri Geni qəzetə deyib: "Onlar davamlı hücum edirlər - səhər, günorta, axşam”.

Onun sözlərinə görə, təxminən altı həftə əvvəl ruslar zirehli texnikanın böyük kolonlarını gətirərək əks-hücum əməliyyatına başlayıblar. Geni bildirib ki, ruslar çoxlu sayda zirehli texnikanı itirdikdən sonra bu strategiyadan əl çəkərək ordunu kiçik qruplar halında Ukrayna əsgərlərinin üzərinə göndərməyə başlayıblar.

“Üç nəfərlə məşğul olmaq o qədər də çətin deyil, amma onlar bir-birinin ardınca gedəndə bəziləri irəli getməyi bacarırlar. Bəzən bu, bir neçə metr olur. Lakin bir neçə həftə ərzində bu, əhəmiyyətli bir irəliləyişə çevrilir ", - o qeyd edib.

“WSJ”-nin məlumatına görə, Ukrayna qoşunlarının aylardır sursat çatışmazlığından şikayət etdiyi şərq cəbhəsindən fərqli olaraq, Kurskda döyüşən briqadalar yaxşı təchiz olunub.

Genisin sözlərinə görə, onun bölməsi Amerika istehsalı olan “Bradley” döyüş maşınlarından istifadə edərək, səngərlərdə qoşunların müntəzəm rotasiyasını həyata keçirə bilir. Bu da pilotsuz təyyarələrin daimi təhlükəsi səbəbindən müasir texnika ilə təchiz olunmayan düşmənin hərəkətini qeyri-mümkün edir.

O, əlavə edib ki, onun döyüşdüyü ərazidə rusların ukraynalılardan təxminən üç dəfə çox adamı var, maşınlara və piyadalara hücum etmək üçün istifadə edilən partlayıcı dronları isə təxminən 6 dəfə çoxdur.

Sudja yaxınlığında döyüşən ukraynalı əsgərlərdən biri qeyd edib ki, bu ərazidə ukraynalıların Rusiya qüvvələrinə nisbəti 10 dəfə azdır və onun batalyonunda olan əsgərlərin əksəriyyəti yaralanıb və döyüşə bilmir: "Onları (rusları) saymaq çətindir - onların hücuma keçdikləri sahə cəsədlərlə doludur. Hücum edəndə onlar sözün əsl mənasında öz yoldaşlarının cəsədlərini ayaqlayırlar".

Bundan əlavə, Rusiya Ukrayna əsgərlərinin vura bilmədiyi sürüşmə bombaları ilə təchizat xətlərini və anbar obyektlərini hədəfə alır. “Starlink” peyk internet sistemi Rusiya ərazisində işləmədiyi üçün əsas rabitə ilə əlaqələri koordinasiya etmək də çətindir.

Ukrayna qoşunlarının 21-ci mexanikləşdirilmiş briqadasının tağım komandiri Vyaçeslav Xomenko Kursk vilayətindəki döyüşləri Baxmutdakı döyüşlərlə müqayisə edərək qeyd edib ki, müharibənin üçüncü ilində əsgərləri həvəsləndirmək çətinləşib. Onun tağımındakı əsgərlərin 90 faizi təcrübəsi və döyüşmək arzusu az olan yeni çağırışçılardır:

"İnsanlar yorulub. Ən azı ayda bir dəfə onlara nə uğrunda döyüşdüklərini xatırlatmalıyam. Müharibənin birinci ilində belə bir çıxış etmək ağlıma belə gəlməzdi”.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr