AZ

Düşmənlərimiz Dəmir Yumruğun əzici gücünü heç vaxt unutmamalıdır


Bu gün kəlbəcərlilər öz doğma yurdlarının azadlığının dördüncü ilini qeyd edirlər. Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür. Təqvimimizin bu günü həm də ən yeni tariximizə rəsmi bayram günü kimi həkk olunub. Belə ki, Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq iki ildir ki, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü olaraq təntənəli şəkildə qeyd edilir. Beləliklə, bu torpağın, bu elin azadlıq günü ilə bayram günü bir-birinə qarışıb.

Kəlbəcərin işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində reallığa çevrilib. Azərbaycanın hərbi-siyasi qələbəsinin təntənəsi və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr tarixli Üçtərəfli Bəyanatına əsasən Ermənistan silahlı qüvvələri Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli, 30 ilə yaxın işğal altında saxladığı bu ərazilərimizi öz sahibinə - Azərbaycan xalqına və dövlətinə döyüşsüz təhvil verməli olub.

Bu, həm bizim üçün, həm də dünya hərb tarixi üçün unikal hadisələrdən biridir. Ali Baş Komandanımızın uzaqgörən siyasəti, diplomatiyası və rəşadətli Ordumuzun gücü 44 günlük müharibəsinin sonuncu gününə öz damğasını vurdu, düşmən kapitulyasiya aktını - Üçtərəfli Bəyanatı imzalamaqla öz məğlubiyyətini qəbul etdi və noyabrın 25-də Kəlbəcəri döyüşsüz tərk etmək öhdəliyini üzərinə götürdü. Sözügedən Üçtərəfli Bəyanat Kəlbəcərin bir güllə də atmadan geri qaytarılmasını təmin etdi. Ona görə də, Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın hərbi-diplomatik qələbəsinin ən parlaq səhifələrindən biri sayılır. Düşmənin Kəlbəcərdən döyüşsüz çıxmağa məcbur edilməsi Azərbaycanın döyüş meydanında olduğu kimi, masada da, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.

Digər yurd yerlərimiz kimi Kəlbəcəri də işğaldan azad etməklə Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Beləliklə, beynəlxalq hüququn tələbi və tarixi ədalət güc yoluyla bərpa olundu. Bu müharibənin nəticələri, o cümlədən Kəlbəcərin işğaldan azad edilməsi bir daha göstərdi ki, kim kimdir. Ali Baş Komandanımız İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi 44 günlük müharibə kimin kim olduğunu göstərdi. Biz öz ərazilərimizi işğaldan azad etməklə nəinki erməni faşizmini məhv etdik, həm də işğalçı Ermənistanın regionda ekoloji və mədəni terroruna da son qoyduq. Ermənistan 30 ilə yaxın davam etdirdiyi işğal dövründə tarixi abidələrimizə və ətraf mühitə də böyük ziyan vurub, o cümlədən Kəlbəcərdə misli görünməmiş vandallığa yol verib. Kəlbəcəri tərk edərkən, azərbaycanlılara qalmaması üçün evlərə od vuran, meşələri qıran, infrastrukturu dağıdan ermənilər bu hərəkətləri ilə bir daha bütün dünyaya öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirdilər.

Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaldarkən etdiyi çıxışında dağıntı və talanların nəinki işğal dövründə, həmçinin 2020-ci ildə ermənilər rayondan çıxarkən də davam etdirilməsinə belə münasibət bildirib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Dövlətimizin başçısının bu fikirləri erməni vandalizminin gerçək mahiyyətini açıb göstərir. Lakin biz erməni vandalizminin qarşısına qurucu xarakterimizlə çıxdıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də sürətli bərpa-yenidənqurma işləri aparılır, yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Prezident İlham Əliyev son dörd ildə Kəlbəcər rayonuna dəfələrlə səfər edib, bərpa-quruculuq işləri ilə yaxından tanış olub, təməlqoyma və açılış mərasimlərində bilavasitə iştirak edib. Bu gün Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri bu rayonun sürətlə Böyük Qayıdışa hazırlaşdığını göstərir.

İndi Kəlbəcərin timsalında hər kəs ermənilərlə azərbaycanlıların xarakterini əyani müqayisə edə bilər. Biz öz yurd yerlərimizə qayıtmışıq və sahiblik hissimizə uyğun hərəkət edirik. 2021-ci il avqustunda Prezident İlham Əliyevin Kəlbəcər şəhərində çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərkən səsləndirdiyi fikirlər də ermənilərin yadelli, işğalçı xarakterini ortaya qoyur: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

Şükürlər olsun ki, Azərbaycan xalqı artıq dördüncü ildir ki, qalib xalq kimi yaşayır. Otuz illik işğala son qoymuşuq. Qarabağın və Şərqi Zəngəzurun sürətlə dirçəlməsi Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin təsdiqidir. Yenidən qurulan Kəlbəcər isə böyük Zəfərimizin şah əsəri olacaq. Azərbaycan xalqı Vətən müharibəsində cəsarət və igidlik göstərən fədakar oğullarımızı heç vaxt unutmayacaq. Bu gün şəhidlərimizin ruhları şaddır. Kəlbəcər Şəhəri Gününün təntənə ilə qeyd olunması onların qəhrəmanlığını xatırlamağımız üçün bir fürsətdir. Düşmənimiz də Azərbaycan əsgərinin şücaətini və Dəmir Yumruğun əzici gücünü heç vaxt unutmamalıdır.

25 Noyabr - Kəlbəcər Şəhəri Günü münasibətilə Kəlbəcərdən olan yurddaşlarımızı və bütün xalqımızı ürəkdən təbrik edirik. Zəfərin mübarək, Azərbaycan!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
22
newscenter.az

1Mənbələr