AZ

Dünyanın çirklənməsinin 50 faizindən çoxu “G7” ölkələrinin payına düşür

"Azərbaycan prezidenti İlham Əliyevin COP29-un açılışındakı və kiçik ada dövlətlərinin liderlər sammitində çıxışı Fransa üçün o dərəcədə öldürücü oldu ki, bunun ardınca Fransadakı səfirimiz ölkə XİN-ə çağırıldı. Guya Azərbaycan Fransaya qarşı düşməncəsinə siyasət aparır. Azərbaycan bizə qarşı məqsədyönlü şəkildə düşmənçilik siyasət aparanlara çox əsaslandırılmış, arqumentləşdirilmiş sərt cavab verir. Reallıq budur".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, COP29 ərəfəsində Azərbaycana qarşı dezinformasiya aparılırdı:

"İlk növbədə elə təsir bağışlayırdı ki, qarayaxma kampaniyasını aparanlar haylara havadarlıq edirlər. Eyni zamanda öz təsirləri altında olan "siyasi məhbus"ların azadlığa buraxılmasına çalışırlar. Əslində isə proseslərin gedişi və Almaniya xarici işlər naziri Annanela Berbokun Bakıdakı açıqlaması və hay diasporunun qlobal iqlim kuklasını Gürcüstana, Ermənistana gətirməsi göstərdi ki, insan haqları anlayışından riyakarcasına, hətta deyərdim şərəfsizcəsinə Qərbdəki bəlli çevrələr faydalanmağa çalışırdılar. Bunun arxasında maliyyə məsələsi dururdu”.

S.Alıyev qeyd edib ki, planeti çirkləndirməyə görə, məsuliyyət daşıyanlar tələb olunan maliyyəni ödəməkdən boyun qaçırırlar. Bu cəhdlərin arxasındakı niyyət bundan ibarət idi:

“Yəni burda da haylardan, insan haqları və siyasi azadlıq məsələsindən alət kimi istifadə etməyə çalışdılar. COP29 tədbirinin Azərbaycana minnətdarlıq qətnaməsi ilə bitməsi o deməkdir ki, berboklar məqsədlərinə çata bilmədilər".

Müsahibimiz vurğulayıb ki, Qərb öhdəliklərinə əməl etmir:

"BMT Baş katibi dedi ki, indiyədək maliyyə öhdəliyinin cəmi 10 faizi yerinə yetirilib. Qərb ölkələri dünyada aclıq-səfalət çəkən xalqlara yardım məsələsində öhdəliklərini də icra etmirlər. Uakraynaya yardım öhdəliklərini də həyata keçirmədilər. Ukrayna prezidenti də ABŞ-nin təxminən 10 faiz öhdəliklərinə əməl etdiyinə diqqət çəkmişdi. Biz bunu unutmamalıyıq”.

Sahib Alıyev: Qərb öhdəliklərinə əməl etmir

Deputat deyib ki, söhbət mahiyyət etibarilə istismarçı, yırtıcı, imperialist çevrələrdən gedir:

“Onlar ancaq istismar etməyi öyrəniblər. Hətta bəzən öz havadarlarlıq etdiklərini belə başqalarının vasitəsi ilə maliyyələşdirməyə çalışırlar. Halbuki, dünyanın çirklənməsi və iqlim dəyişimlərinin 50 faizindən çoxu “Böyük Yeddilik” ölkələrinin payına düşür. Həmin ölkələrin yaratdığı sənayenin nəticəsidir ki, biz bu kimi çağırışlarla üzləşirik".

Aydın Baxış

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr