AZ

Azərbaycanda “Yaşıl xərcləmə” meyarından istifadə olunması təklif edilir

Azərbaycanda “Yaşıl xərcləmə” meyarından istifadə olunması büdcə xərcləmələrinin səmərəliliyinin qiymətləndirilməsi baxımından vacib amil olacaq. SİA xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Gələn ilin dövlət büdcəsində həm “yaşıl iqtisadiyyat”a, həm də ətraf mühitə ayrılacaq vəsait ayrıca qiymətləndirilib və öz əksini tapıb. Bütün bunlarla yanaşı, təklif edərdim ki, “yaşıl xərcləmə” meyarından da istifadə olunsun. Bu, risklərin daha konkret və ölçüləbilən olması üçün mühüm əhəmiyyət kəsb edir”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, iqtisadi proqnozlaşdırmada daha yeni metodlardan istifadə edilməsinə ehtiyac var: “2025-ci ildə makroiqtisadi stabillik qorunub saxlanacaq və bu, kifayət qədər müsbət amildir. 2017-ci ildən milli valyutanın məzənnəsinin stabilliyinin qorunub saxlanmasını müşahidə edirik. Bununla belə, nominal və real effektiv məzənnələrdəki dəyişikliklərin və onların qeyri-neft ixracına təsirinin ayrıca qiymətləndirilməsi olduqca vacibdir”.

"Fiskal və iqtisadi siyasətin tam uyğunlaşdırılmasının və bunun xüsusən valyuta bazarındakı tarazlığa təsirinin qiymətləndirilməsinə ehtiyac var. 2024-cü ilin geridə qalan aylarında dövriyyədə olan nağd pulun artımı müşahidə olunub”, - deyə deputat əlavə edib.

Seçilən
12
1
sia.az

2Mənbələr