Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib -Foto
Noyabrın 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iki gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdı. Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə, Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.
COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edirdi.
Spiker diqqətə çatdırıb ki, o, görüşün açılışında etdiyi çıxışda bir tezisi xüsusilə vurğulayaraq bildirib ki, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib.
Ölkəmiz könüllü öhdəliklər götürərək, bərpa olunan enerji layihələri həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.
O, həmçinin qeyd edib ki, bilik, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməliyik.
Spiker məlumat verib ki, Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilib.
Sahibə Qafarova qeyd edib ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.
COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq parlament təşkilatlarının, bir sıra parlamentlərin sədrləri ilə Milli Məclisdə 15 ikitərəfli görüş keçirilib. Onlardan Parlamentlərarası İttifaqın prezidenti və Baş katibi, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Aralıq dənizi Parlament Assambleyasının prezidenti, Millətlər Birliyinin Baş katibi Baronessa Skotland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri xanım Tereza Mey, Albaniya, Özbəkistan, Tacikistan, Tonqa, Zimbabve parlamentlərinin sədrləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri, digər ali vəzifəli şəxslər ilə söhbətlərdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlərdə müzakirələr ilə bağlı fikir mübadiləsi aparılıb.
Spiker deyib ki, o, həmsöhbətlərinə regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər, o cümlədən həyata keçirilən yaşıl enerji layihələri barədə geniş məlumat verib. Qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
Sonra spiker Sahibə Qafarova deputatlara Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin noyabrın 20-dən 22-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə də qısa məlumat verib. Qeyd edib ki, səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının Şura və 57-ci Plenar iclaslarında iştirak etmək idi.
Bildirilib ki, səfər çərçivəsində noyabrın 21-də Assambleyanın Şura iclasında bir sıra təşkilati məsələlər ilə yanaşı, sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası Assambleyası missiyasının yekun rəyi də müzakirə edilib. Spiker oradakı çıxışında bu ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra Milli Məclisə seçkilərin ölkəmizin bütün suveren ərazisində keçirilən ilk parlament seçkiləri olduğunu xüsusilə qeyd edib.
Noyabrın 22-də isə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclası keçirilib. Spiker oradakı çıxışında Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında, eləcə də Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilmiş Parlament Görüşü barədə geniş məlumat verib.
Bildirib ki, iki gün davam edən görüş və onun yekun sənədi iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin ümumi mövqeyinin ifadəsi idi. Spiker qeyd edib ki, MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Assambleyanın komissiyalarının iclasları keçirilib. Həmin iclaslarda bizim deputatlarımız fəal iştirak ediblər.
Milli Məclisin sədri onu da qeyd edib ki, Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə ikitərəfli görüşlər də keçirib. Spiker çıxışının sonunda xatırladıb ki, bu gün ölkəmizdə Kəlbəcər şəhəri günü qeyd edilir. Milli Məclisin sədri bu münasibətlə təbriklərini çatdırıb.
Parlamentin sədri iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini və bunların 10-nun birinci oxunuşda dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib. Spiker qeyd edib ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsidir.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova 2025-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini bölüşüb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir. Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar və strateji təşəbbüslər sayəsində Azərbaycan iqtisadi artım templərini qoruyub saxlayıb, regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib.
Spiker qeyd edib ki, bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz, COP29 Konfransı ilə əlaqədar yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir.
Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizin ön sıralarındadır. Məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər.
Sosial sahəyə böyük əhəmiyyət verilir. İnsanların rifah halı daha da yaxşılaşdırılır, əmək haqları və pensiyalar artırılır, keyfiyyətli səhiyyə və təhsilin əlçatanlığı təmin edilir.
Spiker bildirib ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub. Büdcə iqtisadi tərəqqi ilə sosial məsuliyyətin tarazlığına əsaslanır. Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını nümayiş etdirən ən mühüm göstəricilərdir.
Milli Məclisin sədri qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 38,3 milyard manat və 41,4 milyard manata yaxın məbləğdə proqnozlaşdırılır.
2025-ci ilin dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq.
Spiker qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub və iclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.
Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.
Spiker bu gün aparılacaq müzakirələrin də səmərəli olacağına, deputatların dəyərli fikirlər və təkliflər səsləndirəcəklərinə əminliyini ifadə edib.
Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib.
O, bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər layihələr ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və digər komitələrin iclaslarında müvafiq dövlət orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihələrinin geniş müzakirə olunduğunu deyib. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə büdcə müzakirələrində parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərlərinin və təmsilçilərinin iştirak etdiyini söyləyib.
Komitə sədri büdcə müzakirələrinin Azərbaycanın evsahibliyi ilə COP29 konfransının keçirildiyi dövrə təsadüf etdiyini bildirib. O, bu mötəbər beynəlxalq tədbirin uğurla başa çatdığını, ölkəmizin gücünün və qüdrətinin, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə nüfuzunun, onun milli maraqlarımıza əsaslanan qətiyyətli və prinsipial mövqeyinin bir daha nümayiş etdirildiyini vurğulayıb.
Azər Əmiraslanov diqqətə çatdırıb ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Prezidentin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatın artım və inkişaf meyllərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır.
Makro-iqtisadi göstəricilər barədə məlumatda bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makro-iqtisadi meyllər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara görə, növbəti ildə Ümumi Daxili Məhsul 3,5 faiz, qeyri-neft-qaz Ümumi Daxili Məhsulu 4,9 faiz artacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025-ci ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın səviyyəsi 4,6 faiz nəzərdə tutulur.
Sonra komitə sədri 2025-ci ilin dövlət büdcəsi layihəsinin əsas parametrlərindən bəhs edib. Qeyd olunub ki, dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat, kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır.
Qeyd edilib ki, büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15,5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,5 milyard manatı Dövlət Neft Fondundan transfertin, 6,6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi xərclərinin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir. Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək. Eyni zamanda, çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək.
Qeyd olunub ki, əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü digər xərc istiqamətlərində də büruzə verir. Məsələn, iqtisadi fəaliyyətlə bağlı xərclərdə bir sıra dövlət şirkətlərinə subsidiyaların nəzərdə tutulmasının əsas səbəblərindən biri vətəndaşlara göstərilən bəzi xidmətlərin tariflərinin aşağı həddə saxlanılmasıdır. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasətin əlaqələndirilməsi və uzlaşdırılması Prezident İlham Əliyevin müəyyən etdiyi əsas prinsip olaraq uğurlu şəkildə həyata keçirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə, ÜDM-in real ifadədə 3,6 dəfə, investisiyaların 4,4 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5,5 faizə endirilmişdir.
Komitə sədri söyləyib ki, büdcə layihəsi və müvafiq proqnozlar hazırlanarkən 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyasında müəyyən edilmiş məqsədlər və hədəflər nəzərə alınıb. 2025-ci ilin dövlət büdcəsi layihəsində iqtisadi strategiyanın icrası üçün 2,5 milyard manat vəsait nəzərdə tutulur. Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən neftin qiyməti 70 dollar götürülüb. 2025-ci ilin büdcə zərfinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertlər artırılaraq 14.481 milyon manat nəzərdə tutulur.
Nəzərə çatdırılıb ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Hərbi xərclərin artırılması digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir. Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir.
Azər Əmiraslanov deyib ki, ölkəmizdə sosial rifah, iqtisadi artım, investisiya qoyuluşu təkcə büdcə xərcləri hesabına təmin edilməməli, özəl sektorun sosial-iqtisadi inkişafa töhfəsi daha da artmalı, dövlət-özəl sektor tərəfdaşlığı genişləndirilməlidir. O, qeyd edib ki, özəl sektorun dövlətin güclü tərəf müqabilinə çevrilməsindən ötrü hər il büdcə zərfinə daxil olan layihələrdə sahibkarlıq fəaliyyəti üçün təşviq və güzəştlər, subsidiyalar nəzərdə tutulur. İndiyə kimi sahibkarlığın dəstəklənməsinə yönəldilmiş dövlət siyasətinin nəticəsidir ki, 2023-cü ildə özəl sektorun payı ÜDM-də və sənaye istehsalında 83 faizə, əhalinin məşğulluğunda 79 faizə, xidmət sektorunda 73 faizə, kənd təsərrüfatında isə 99,8 faizə çatıb.
Çıxışının sonunda komitə sədri Azər Əmiralsanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq digər komitələrdə aparılmış müzakirələrin nəticələrinin, Hesablama Palatasının rəyinin də nəzərə alınaraq, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyini bildirib. O, növbəti ilin büdcə layihəsinin ölkəmizin iqtisadi inkişafına, sosial rifaha və milli maraqlarımıza xidmət etdiyini, növbəti ildə dövlətin funksiyalarının, mühüm strateji və cari vəzifələrin həyata keçirilməsi üçün müvafiq maliyyə təminatını yaratdığını vurğulayıb.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edib. O, Azərbaycan xalqının və dövlətinin bir sıra əlamətdar hadisələrlə yadda qalacaq 2024-cü ili uğurla başa vuracağını qeyd edib. Cari ildə müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Prezident və parlament seçkilərinin müvəffəqiyyətlə keçirildiyini vurğulayıb. Nazir yeni formalaşmış VII çağırış Milli Məclisin deputatlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. O, qeyd edib ki, digər mühüm əhəmiyyətli hadisə - iki gün öncə başa çatan Azərbaycanın evsahibliyi ilə Bakıda keçirilmiş COP29 konfransıdır. O, qlobal miqyasda önəmli olan bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzunun bariz nümunəsi olduğunu bildirib. Bu tədbirdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində vacib qərarların qəbul edildiyini söyləyib.
Maliyyə naziri deyib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icra olunması 2025-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən əsas götürülüb. Belə ki, “Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Strategiya”nın prioritetlərinə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr olaraq qarşıya qoyulub.
Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində təklif olunan 41367,7 milyon manat xərclərin üçdə ikisi və yaxud 27691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaq. O cümlədən Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi-sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində vəsait yönəldiləcək.
Diqqətə çatdırılıb ki, 2025-ci ildə sosialyönümlü xərclər 16910 milyon manat və ya dövlət büdcəsi xərclərini 41 faizini təşkil edəcək. Sosialyönümlü xərclərin əsasını təşkil edən əməkhaqqının, pensiya və sosial müavinətlərin artırılması üçün dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Növbəti ildə əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün 4812 milyon manat, ünvanlı dövlət sosial yardım üçün 457 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılacaq.
Bildirilib ki, büdcə layihəsində təhsil xərclərinə 4946,1 milyon manat ayrılması proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin və keçmiş məcburi köçkünlərin övladları olan tələbələrin, müharibə veteranlarının ali təhsil xərclərinin dövlət hesabına ödənilməsi üçün 41 milyon manat vəsait ayrılacaq.
Səhiyyə xərcləri üçün dövlət büdcəsindən 1999,0 milyon manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 7,1 faiz çoxdur. Bu vəsaitin 1267,0 milyon manatı və yaxud 63,4 faizi dövlətin əhalinin icbari tibbi sığortalanması ilə bağlı xərclərinin payına düşür.
2025-ci ildə mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti üzrə ayrılan vəsait cari illə müqayisədə 10,4 faiz artırılaraq 635,0 milyon manat təşkil edəcək.
Dövlət büdcəsi layihəsində iqtisadi fəaliyyət xərclərinə 4444 milyon manat vəsait proqnozlaşdırılır. Bununla yanaşı, kənd təsərrüfatı xərcləri üçün 1172 milyon manat vəsait yönəldiləcək. Növbəti ildə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində aparılan islahatlar çərçivəsində “yaşıl büdcə” üzrə xərclərin işarələnməsinə başlanılıb və bu istiqamət üzrə 1,3 milyon manat vəsait nəzərdə tutulur.
Vurğulanıb ki, 2025-ci ildə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin təmin edilməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq fəaliyyətin həyata keçirilməsi, o cümlədən xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların göstərilməsi məqsədləri üçün 754,0 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu xərclərin 205,0 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması xərclərinə, 32,0 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərclərinə, 8,0 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 238,1 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə yönəldiləcək.
Qeyd olunub ki, növbəti ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 795,0 milyon manat nəzərdə tutulur, büdcənin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsinin ehtiyat fondları cari illə müqayisədə 38 milyon manat artaraq, 448 milyon manat təşkil edəcək.
2025-ci ilin dövlət büdcəsinin xərclərinin maliyyə təminati ilə bağlı diqqətə çatdırılıb ki, xərclərin 92,6 faizinin və ya 38316 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulur. 7,4 faizinin və yaxud 3 milyard 52 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi hesabına təmin edilməsi nəzərdə tutulur. Gəlirlərin 19543,0 milyon manatı və ya 51 faizi qeyri-neft-qaz sektorunun, 18773,0 milyon manatı və ya 49 faizi neft-qaz sektorunun payına düşür.
Maliyyə naziri 2025-ci il üçün icmal büdcəsinin əsas parametrləri ilə bağlı məlumatında qeyd edib ki, icmal büdcənin gəlirləri 43911,0 milyon manat, xərcləri 47589,0 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3679,0 milyon manat təşkil edəcək.
Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 540 milyon manat səviyyəsində, Muxtar Respublikaya ayrılan dotasiya isə 320,5 milyon manat proznozlaşdırılır.
Samir Şərifov çıxışının sonunda bildirib ki, 2025-ci il üçün dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin qarşıdan gələn ortamüddətli dövr üçün müəyyən etdiyi sosial-iqtisadi kursa uyğun olaraq, ölkəmizin müdafiəsinin və milli təhlükəsizliyinin, Böyük Qayıdışın təmin edilməsinin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan dövlətimizin hərtərəfli inkişafının və digər əsas prioritet hədəflərinin həyata keçirilməsinin növbəti ildə maliyyə çərçivəsini və təminatını formalaşdırır.
Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
İqtisadiyyat naziri bildirib ki, son illər dünyada müşahidə olunan geosiyasi gərginlik və artan iqtisadi risklərə baxmayaraq cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində qlobal iqtisadiyyatda Azərbaycanın mövqeləri güclənməkdə davam edir. Azərbaycan dünya iqtisadiyyatı və region ölkələri üçün olduqca əhəmiyyətli olan iqtisadi, o cümlədən enerji və logistika-nəqliyyat layihələrinin reallaşdığı məkana çevrilib. İqtisadiyyat naziri vurğulayıb ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan COP-29-un Azərbaycanın ev sahibliyi ilə uğurla keçirilməsi dövlətimizin qlobal arenada nüfuzunun daha da artmasına böyük töhfə verəcək.
Cənab Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi artıma, dayanıqlığa yönəlmiş islahatların uğurla davam etdirilməsindən söz açan nazir son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalmasından danışıb. Bu dinamikanın ölkə iqtisadiyyatının şaxələnməsində əldə olunan real nəticələri əks etdirdiyini vurğulayan nazir, son illərdə iqtisadiyyatın, o cümlədən əmək bazarının sürətli şəffaflaşması ilə bağlı göstəriciləri diqqətə çatdırıb.
Gələn ilin büdcəsinin iqtisadi parametrlərindən danışan nazir bildirib ki, büdcənin tərtibatı prosesində sosial-iqtisadi inkişaf proqnozları baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq gözlənilən risklərin qiymətləndirilməsi üçün istifadə edilib. Qeyd olunub ki, ÜDM-in növbəti ildə 3,5% (qeyri-neft-qaz sektorunda 4,9%), 2025-2028-ci illərdə isə orta illik hesabla 3,3% ( qeyri-neft-qaz sektorunda isə 5%) artacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının hazırki 66,4% səviyyəsindən ortamüddətli dövrün sonuna 77,8%-ə çatacağı gözlənilir. 2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 mlrd. manat, qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 mlrd. manat proqnozlaşdırılır.
İqtisadiyyat naziri deputatların diqqətinə çatdırıb ki, 2025-ci ildə və orta müddətli dövrdə İqtisadiyyat Nazirliyi hökumətin digər strukturları ilə sıx əməkdaşlıqda ölkədə özəl investisiyaların daha da artırılması, iqtisadi təşviq mexanizmlərinin səmərəli tətbiqi, özəlləşmənın davam etdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi, ixrac məhsulları çeşidinin və bazarlarının şaxələndirilməsi, mikro, kiçik və orta sahibkarlığın daha da böyüməsi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcək.
Sonra iclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək, vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu və qətiyyətli siyasət Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməkdədir.
Mərkəzi Bankın sədri qürurla qeyd edib ki, ölkəmizdə COP29 tədbirləri uğurla yekunlaşmış və iqlim danışıqlarında tarixi nəticələrin əldə edilməsinə nail olunmuşdur. O, COP29 çərçivəsində Mərkəzi Bank və maliyyə sektoru tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb, vurğulayıb ki, bank sektoru tərəfindən ayrılacaq yaşıl maliyyə resursu iqtisadiyyatımızın dayanıqlı inkişafını dəstəkləməklə yaşıl iqtisadiyyata keçidin sürətlənməsində mühüm rol oynayacaq.
Cari ilin ötən dövrü üzrə qlobal iqtisadiyyatda və ölkədə daxili iqtisadi mühitdə baş verənlər barədə danışan Taleh Kazımov bildirib ki, cari dünyanın əksər iqtisadiyyatlarında sərt pul-kredit siyasətinin tətbiqinin qlobal iqtisadi aktivlik üçün çətinliklər yaratmasına baxmayaraq, 2024-cü ilin ötən dövründə qlobal iqtisadi artımda nikbinlik müşahidə olunur.
Bank sektorunun dayanıqlığı və sabitliyi barədə göstəriciləri diqqətə çatdıran Taleh Kazımov gələn ilin dövlət büdcəsinin layihəsinə münasibət bildirib. O vurğulayıb ki, 2025-ci il və ortamüddətli dövrə təqdim edilən makro-fiskal çərçivə qarşıda duran bir sıra prioritetlərə cavab verir. Mərkəzi Bankın sədri 2024-cü ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə 2025-ci ildə dövlət büdcəsinin cəmi xərclərinin konservativ (5,4%) artımını məqbul qiymətləndirib, 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci il üzrə büdcə kəsirinin 303 mln. manat azaldılmasını da müsbət dəyərləndirib. Diqqətə çatdırılıb ki, aparılan qiymətləndirmələrə görə, 2025-ci ilin dövlət büdcəsində büdcə xərclərinin inflyasiyaya 0,2 faiz bəndi artırıcı təsiri gözlənilir. Bu da əsasən cari xərclərdən irəli gəlir. Hesablamalara görə, əsaslı xərclərin inflyasiya təsiri əhəmiyyətli deyil.
2025-ci il üzrə Mərkəzi Bankın pul siyasətinin prioritetləri barədə danışan Taleh Kazımov əsas məqsədin 12 aylıq inflyasiyanın hədəf diapazonunda saxlanmasının təmin edilməsi olduğunu deyib. O, Mərkəzi Bankın 2025-ci il üzrə iqtisadi artım, inflyasiya, o cümlədən maliyyə sisteminin əsas sektorları üzrə proqnozlarını və qarşıya qoyduğu hədəfləri barədə məlumat verib.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palata tərəfindən hazırlanmış rəyi təqdim edib.
Bildirilib ki, rəydə dövlət büdcəsinə dair Qanun layihəsinin və onunla birlikdə təqdim olunan sənədlərin hüquqi aktlara uyğunluğu, dövlət büdcəsinin gəlir, xərc və kəsir üzrə proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və strateji sənədlərə adekvatlığı barədə ali audit orqanının mövqeyi ifadə edilib. Qeyd olunub ki, büdcə əsas maliyyə planı olmaqla, qlobal çağırışlar, dövlət maliyyəsinin idarə edilməsi üzrə islahatların tələbinə və cəmiyyətin sosial ehtiyaclarını qarşılamaq kimi vəzifələrin icrasına hədəflənib.
Palata sədri diqqətə çatdırıb ki, aparılan qiymətləndirmələr qanun layihəsindəki gəlir, xərc və kəsir parametrlərinin əsasən düzgün proqnozlaşdırıldığını deməyə əsas verir. Eyni zamanda, Hesablama Palatasının tövsiyələri də nəzərə alınmaqla Qanun layihəsi Milli Məclisə təqdim olunanadək bəzi maddələrin göstəricilərinin hüquqi aktlara uyğunlaşdırılması və dəqiqləşdirilməsi həyata keçirilib. Rəydə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın makrofiskal göstəriciləri proqnozlarda, həmçinin əksər tədbirlərin maliyyə təminatı icraçı qurumların büdcələrində tam və ya qismən nəzərə alınıb.
Qeyd olunub ki, “Büdcə zərfi”ndə xam neftin qiymətinin dəyişməsi, dövlət borcu və zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunmaması və iqlim dəyişiklikləri əsas fiskal risklər kimi şərh olunub, risklərə qarşı tədbirlər əks etdirilib. Hesablama Palatası tərəfindən aparılmış təhlillər büdcə sənədləşməsində şərh edilən risklərlə yanaşı, dövlət maliyyəsi üzrə bəzi digər risklərin də olduğunu göstərir. Bu risklər 3 istiqamətdə - makroiqtisadi, spesifik və institusional olaraq qruplaşdırılıb.
Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası büdcə gəlirləri üzrə növbəti ildə baza ssenari proqnozlarının icra olunacağı şəraitdə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindədir. Xərclər üzrə növbəti ildə büdcə məlumatlarının təhlili xərclərin strukturunda ciddi dəyişikliklərin nəzərdə tutulduğunu göstərir. Cari tələbatın ödənilməsi məqsədilə ayrılan vəsaitlərin növbəti ildə də artacağı nəzərdə tutulur.
Palata sədri vurğulayıb ki, dövlət büdcəsindəki əsaslı xərclər üzrə komponentlərdən 2-nin - İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsait və dövlət əsaslı vəsait qoyuluşu xərcləri ÜDM-ə, xüsusilə tikinti sektoru vasitəsilə təsiri daha əhəmiyyətlidir. O, deyib ki, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə maliyyələşdirilməsi nəzərdə tutulan ümumi dəyəri 21513,6 mln. manat təşkil edən 169 layihə üzrə proqnozlaşdırılmış vəsaitdən 444,2 mln. manat 14 yeni layihə, 1345,3 mln. manat isə 155 keçid layihəsi üzrə olmuşdur. Ümumi dəyəri 798,4 mln. manat təşkil edən 85 layihənin 2025-ci ildə başa çatdırılması üçün 267,8 mln. manat vəsait proqnozlaşdırılır.
Dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə daha fərqli bir məqam vardır. Belə ki, bu xərclərin bir hissəsi (895,9 mln. manatı) beynəlxalq kreditor qurumların təqdim etdiyi kreditlər hesabına layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Yəni bu vəsaitin bir hissəsi infrastruktur layihələrinə yönəldilsə də, eyni zamanda büdcə üçün gələcək borc yüküdür.
Qeyd olunub ki, növbəti il 3,1 milyard manat proqnozlaşdırılan büdcə kəsirinin 1,8 milyard manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2025-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri büdcədənkənar gəlirlərindən 100,0 milyon manat artıq olmaqla 940,0 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 13,1% çoxdur.
Aparılan təhlillərə əsasən, ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir. Bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə bir qədər də gücləndirilməlidir.
Sənəddə son illərdə ölkəmizdə dövlət maliyyə idarəçiliyi sahəsində bir sıra islahatların keçirildiyi deyilir, bu islahatların növbəti fazası çərçivəsində büdcənin əsas parametrlərinin hesablanması metodikasına və təsnifləşdirilməsinə yenidən baxılması təklif edilir. Bunun üçün ilk növbədə vahid büdcə təsnifatında dəyişikliklər aparılmalı və qabaqcıl təcrübəyə uyğunlaşdırılmalıdır.
Vüqar Gülməmmədov qeyd edib ki, ölkədə 4 ildir reallaşdırlan OMXÇ islahatı üzrə Hesablama Palatası tərəfindən 5 audit çərçivəsində aparılan qiymətləndirmələr onu deməyə əsas verir ki, xərclərin əsaslılığının müəyyən edilməsi üçün istifadə edilən monitorinq göstəriciləri əksər halda həmin sahə üzrə əsas problemləri qiymətləndirməyə imkan vermir. Bu sənəd sahə üzrə bəzi hallarda keyfiyyət deyil, kəmiyyət xarakterli şərti göstəricilər toplusundan ibarətdir. Bu isə onun fəaliyyətin səmərəliliyi və nəticəliliyi haqqında təsəvvür formalaşdırmaq üçün imkanlarını məhdudlaşdırır.
Palata sədri vurğulayıb ki, büdcə ölkə strategiyasının icrasının əsas maliyyə mənbəyidir. Bu əsasda istər ölkə strategiyasında, istərsə də ölkəmizin beynəlxalq çağırışlara adekvat cavab verilməsində dövlət büdcəsi layihəsinin rolu ön plana çıxır. Yuxarıda qeyd olunan araşdırmaların və təhlillərin nəticələrini ümumiləşdirərək, Hesablama Palatası belə qənaətə gəlir ki, Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb.
Sonra iclasda fasilə elan edilib.
Fasilədən sonra iclasda "Azərbaycan Respublikasının 2025-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Əli Hüseynli, Fazil Mustafa, Zahid Oruc, Tahir Rzayev, Sadiq Qurbanov, deputatlar Heydər Əsədov, Tahir Mirkişili, Vüqar Bayramov, Sahib Alıyev, Kamal Cəfərov, Jalə Əliyeva, Tural Gəncəliyev, Cavanşir Paşazadə, Aydın Mirzəzadə, Razi Nurullayev, Naqif Həmzəyev çıxış ediblər.
Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsinin parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri, büdcə vəsaitlərinin icrasında şəffaflığın artırılması, istehsal sahələrinin, iş yerlərinin açılması, regionların iqtisadi inkişafı kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 26-da davam etdiriləcək.