Bayden səlahiyyətlərini təhvil vermək ərəfəsində Ukrayna ilə bağlı daha bir mühüm qərara hazırlaşır. Söhbət ABŞ-ın Ukraynaya AGM-158 JASSM raketlərini verməsindən gedir.
SeherXeber.org xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, AGM-158 JASSM raketləri Almaniya “Taurus”unun analoqudur:
“ATACMS-lardan fərqli olaraq, AGM-158 JASSM “hava-yer” tiplidir və atəş F-16-lar vasitəsilə həyata keçirilir (ATACMS-lar isə HİMARS-lardan atılır). Bu raketlərin ən köhnə və zəif modifikasiyası 370 kilometr mənzilə sahibdir, ən müasir modifikasiyalar isə 900 kilometr məsafəyə zərbə endirə bilir.
Ən əsas məsələ ondadır ki, istehsal olunan AGM-158 JASSM raketlərinin sayı “Storm Shadow”, “Taurus” və SCALP raketlərinin toplamda sayından çoxdur. Başqa sözlə, Pentaqonun bazalarında bu raketlər yetərincədir”.
Politoloq xatırladıb ki, noyabrın 23-ündən 24-ünə keçə gecə Ukrayna ordusu Kursk vilayətində S-400 kompleksini məhv edib və ən əsası, bu kompleksə məxsus RLS-i də sıradan çıxarıb:
“Zərbə kombiləşdirilmiş olub, yəni eyni zamanda raketlər və dronlarlarla. Rusiyanın hərbi müxbirləri zərbənin ATACMS-larla endirildiyini bildirir, Ukrayna zərbəni etiraf etsə də, hansı raketlərdən istifadə edildiyini açıqlamayıb. Rusiya MN isə ümumiyyətlə susur.
Belə məlumat da var ki, Ukrayanın hərbi-siyasi rəhbərliyi 26 noyabr tarixində keçiriləcək Ukrayna-NATO sammitinə qədər Rusiya ərazisinə Qərb istehsallı raketlərlə zərbələri dayandırmaq əmri verib”.